HƏFTƏNİN XÜLASƏSİ
Azərbaycan kapital bazarı: 10 illik dövlət istiqrazlarının hərracında tələb təklifi 33% üstələdi və kəsmə gəlirlilik 7% müəyyən edildi. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankı 1 illik (9%) və 2 illik (10%) istiqraz buraxılışlarını elan etdi
ABŞ iqtisadiyyatı və istiqraz bazarı: Aprel ayında PCE inflyasiyası illik 3,8%-ə yüksələrək son üç ilin ən yüksək səviyyəsinə çatdı. ABŞ Mərkəzi Bankı rəsmiləri əlavə faiz artımını istisna etmədilər. 10 illik ABŞ xəzinədarlıq istiqrazının gəlirliliyi isə həftə ərzində 4,45%-ə qədər gerilədi.
ABŞ fond bazarları: Süni intellekt investisiyaları və geosiyasi gərginliyin azalması fonunda əsas indekslər yüksəldi; S&P 500 1,43%, NASDAQ Composite isə 2,39% artdı. Texnologiya və proqram təminatı şirkətləri bazarın əsas hərəkətverici qüvvəsi oldu.
Valyuta bazarları: Avropa Mərkəzi Bankının daha sərt pul siyasəti siqnalları avronun güclənməsinə səbəb oldu və EUR/USD məzənnəsi həftəni yüksəlişlə başa vurdu. Yaponiyada inflyasiyanın zəifləməsi isə yenin ABŞ dollarına qarşı bir qədər dəyər itirməsinə gətirib çıxardı.
Əmtəə bazarları: ABŞ–İran münasibətlərində gərginliyin azalması və Hörmüz boğazında gəmiçiliyin bərpa olunacağı ilə bağlı ümidlərin artması neft qiymətlərini kəskin aşağı saldı (WTI −9,57%, Brent −9,07%). Qızıl isə geosiyasi risklərin azalmasına baxmayaraq inflyasiya narahatlıqları fonunda həftə ərzində 0,8% bahalaşdı.
KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
26 may 2026-cı il tarixində Bakı Fond Birjasında tədavül müddəti 10 il olan dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 12 investor iştirak etmiş və tələb təklifdən 33% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (25%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaçəkili gəlirlilik 6,9993% təşkil etmişdir.
Korporativ qiymətli kağızlar
25 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların abunə yazılışı 26 may tarixində başlayaraq 16 iyun tarixində bitəcəkdir. İstiqrazların yerləşdirilməsi isə 18 iyun 2026-cı il tarixində həyata keçiriləcəkdir.
25 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 10%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların abunə yazılışı 26 may tarixində başlayaraq 16 iyun tarixində bitəcəkdir. İstiqrazların yerləşdirilməsi isə 18 iyun 2026-cı il tarixində həyata keçiriləcəkdir.
26 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1,5 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə olacaq və tarixi emitent tərəfindən bildiriləcək.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ mərkəzi bankının ən çox üstünlük verdiyi inflyasiya göstəricisi olan şəxsi istehlak xərclərinin (PCE) aprel ayında dəyişimi açıqlanmış, göstərici aylıq miqyasda 0,3 faiz bəndi geriləyərək 0,4%-ə çatsa da, illik miqyasda artaraq 3,8% səviyyəsinə çatmışdır ki, bu da 2023-cü ilin may ayından bəri ən yüksək göstəricidir.
ABŞ Mərkəzi Bankının idarə heyəti üzvü Lisa Kuk inflyasiyanın “yanlış istiqamətdə hərəkətinə” davam etdiyi təqdirdə faizlərin artırıla biləcəyinə siqnal vermişdir.
ABŞ Ticarət Nazirliyinin İqtisadi Analiz Bürosu (BEA) 2026-cı ilin ilk rübü üzrə ÜDM böyüməsi proqnozunu 2%-dən 1,6%-ə endirmişdir. Lakin qeyd edək ki, azalmış göstərici ötən ilin dördüncü rübünün faktiki göstəricisindən 0,5% çoxdur.
Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İşsizlik müavinətinə ilkin müraciətlərin sayı 23 may tarixində bitən həftə üçün düzəlişdən sonra 5 min artaraq 215 min səviyyəsinə çatmışdır. 16 mayda bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 15 min artaraq 1,786 milyon nəfərə çatmışdır.
Ötən həftə ərzində əksər ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliklərində azalma müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ xəzinədarlıq istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,11 faiz bəndi azalaraq 4,45% təşkil etmişdir.
Qısaldılmış ticarət həftəsində süni intellekt investisiyaları və ABŞ-İran münaqişəsinin bitməsi ilə bağlı nikbinlik fond bazarı indekslərinin öz rekordlarını qırmasına səbəb olmuşdur.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,43% artmışdır. Ən çox artım elektronika sənayesi və İKT (5,89%), mədənçıxarma və xammal sənayesi (1,71%) və məişət malları və əhali üçün xidmətlər (1,42%) sahələrini təmsil edən şirkətlərin səhmlərində, ən çox azalma isə energetika (5,38%) təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.
Ötən həftə ərzində “Micron Technology” (ticarət simvolu: MU), “Samsung Electronics” və “SK Hynix” şirkətləri süni intellekt üçün yaddaş qurğuları ilə bağlı yüksək tələb səbəbilə 1 trilyon ABŞ dolları bazar kapitalizasiyasına çatmışdır.
“Qualcomm” (ticarət simvolu: QCOM) şirkəti “TikTok” sosial şəbəkəsinin sahibi “ByteDance”-a süni intellekt çiplərinin satışı ilə bağlı razılaşma əldə etmiş, şirkətin səhmlərinin dəyəri ötən həftə ərzində 17% artmışdır.
“Zscaler” (ticarət simvolu: ZS) proqram təminatı şirkəti ötən rübün maliyyə göstəricilərində investor gözləntilərini üstələsə də, şirkətin ikinci rüb və 2026-cı il satış proqnozu bazar gözləntilərinin altında olmuş, şirkətin səhmləri hesabatlardan sonra 30% dəyər itirmişdir. Lakin digər proqram təminatı şirkətlərinin, xüsusilə “Snowflake” (ticarət simvolu: SNOW), “Salesforce” (ticarət simvolu: CRM) və “Okta” (ticarət simvolu: OKTA) şirkətlərinin müsbət maliyyə hesabatları fonunda proqram təminatları şirkətləri dəyər qazanmış, “iShares Expanded Tech-Software Sector ETF” (ticarət simvolu: IGV) ötən həftə ərzində 10%-ə yaxın artmışdır.
“Situational Awareness” hec fondunun 2,6 milyard ABŞ dolları dəyərində (açıqlama tarixində) “Nebius Group” (ticarət simvolu: NBIS) şirkətinə investisiya etməsini açıqlaması ilə şirkətin səhmləri 12% artmışdır.
ABŞ hökumətinin hərbi dron istehsalı şirkətlərinə investisiya edəcəyini açıqlaması ilə ötən həftə “Unusual Machines” (ticarət simvolu: UMAC) 115%, “Red Cat Holdings” (ticarət simvolu: RCAT) 66%, “Ondas” (ticarət simvolu: ONDS) 44%, “AeroVironment” (ticarət simvolu: AVAV) 27%, “Kratos Defense & Security Solutions” (ticarət simvolu: KTOS) 17% artmışdır.
Ucuzluq marketlər şəbəkəsi “Dollar Tree” (ticarət simvolu: DLTR) maliyyə hesabatlarında gəlir və EPS üzrə investor gözləntilərini xeyli üstələmiş, ümumi gəlirlilik marjası artan nəqliyyat xərclərinə baxmayaraq artmışdır. Şirkətin müxtəlif gəlir qruplarına xitab edən “Walmart” (ticarət simvolu: WMT) şəbəkəsi ilə müqayisədə gəlirlərindəki dəyişiklik K-şəkilli iqtisadiyyatın (yüksək gəlirli sinifin xərcləmələri və investisiyaları artırdığı halda, aşağı gəlirli sinifin daha çox qənaət etməyə məcbur olması) davam etdiyini bir daha göstərmişdir. “Dollar Tree” səhmlərinin dəyəri hesabatlardan sonra 20% artmışdır.
“International Business Machines” (ticarət simvolu: IBM) şirkəti 2029-cu ilə qədər kvant sahəsində “liderliyini irəlilətmək üçün” 10 milyard ABŞ dolları investisiya edəcəyini açıqladıqdan sonra şirkətin səhmləri 12% artmışdır.
“Dell” (ticarət simvolu: DELL) şirkəti ABŞ höküməti ilə 9,7 milyard ABŞ dolları dəyərində razılaşma əldə etdikdən və cümə günü maliyyə hesabatlarını açıqladıqdan sonra 40%-ə yaxın artmışdır. Şirkətin gəliri 43,8 milyard ABŞ dolları (gözlənti 35,5 milyard), düzəliş olunmuş EPS isə 4,86 ABŞ dolları (gözlənti 2,99) təşkil etmiş, şirkətin süni intellekt server xidmətlərindən əldə etdiyi rüblük gəlir (16,1 milyard ABŞ dolları) ilk dəfə olaraq kompüterlərdən əldə etdiyi gəliri (14,6 milyard ABŞ dolları) üstələmişdir.
“Amazon.com” (ticarət simvolu: AMZN) şirkətinin də qurucusu olan Cef Bezosun qurduğu “Blue Origin” şirkətinin “New Glenn” adlı raketi testi sırasında partlayaraq uçuş platformasını da yandırmış, nəticədə növbəti “Blue Origin” uçuşları təxirə salınmışdır. Peyklərinin bir hissəsini “New Glenn” raketindən istifadə edərək kosmosa göndərməyi planlaşdıran “AST SpaceMobile” (ticarət simvolu: ASTS) şirkətinin 2026-cı ildə kosmosa 45 peyk göndərmək hədəfinə çatmasının müşkülləşməsi, şirkətin səhmlərinin dəyərini 15% azaltmışdır. Qeyd edək ki, aprel ayında “Blue Origin” “ASTS”-in öncəki peykini yanlış orbitə göndərmişdi. Xəbərdən sonra digər kosmos sənayesi şirkətlərinin, o cümlədən “Rocket Lab” (ticarət simvolu: RKLB), “Intuitive Machines” (ticarət simvolu: LUNR), “Firefly Aerospace” (ticarət simvolu: FLY), “Redwire” (ticarət simvolu: RDW) şirkətlərinin səhmləri 5%-ə yaxın dəyər itirmişdir.
“Anthropic” şirkəti 965 milyard ABŞ dolları dəyərləndirmə ilə 65 milyard ABŞ dolları kapital cəlb etmiş, beləliklə “OpenAI” şirkətinin dəyərini (850 milyard ABŞ dolları) ötmüşdür. Şirkət həmçinin yeni süni intellekt modeli “Claude Opus 4.8”-i təqdim etmişdir. Yeni model bençmarklarda öncəki modellərə nisbətən kiçik inkişaf sərgiləyir, şirkətin açıqlamasına görə isə “daha dürüstdür”. “Anthropic” həmçinin “dinamik iş axınları” məhsulu ilə süni intellektin cihazda gördüyü işlərin həcmini böyütməyi hədəfləyir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə Avropa Mərkəzi Bankının aprel ayındakı görüşünün protokolu dərc olunmuşdur. Protokola əsasən, bəzi idarə heyəti üzvləri faizlərin artırılmasına açıq olduqlarını dilə gətirmişdir. Mərkəzi Bank isə açıqlamalarında enerji qiymətləri şokunun “böyük və davamlı” olduğuna dair açıqlama paylaşmışdır. Əlavə olaraq, bir sıra idarə heyəti üzvləri iyun ayında faizlərin artırıla biləcəyinə dair siqnallar vermişdir. Bu, ABŞ-a nisbətdə Avropa Mərkəzi Bankının pul-kredit siyasətinin daha sərt ola biləcəyinə işarə vermiş, nəticə olaraq faiz dərəcələrinin nisbətən yüksək olacağı gözləntiləri avronun həftə ərzində ABŞ dollarına qarşı dəyər qazanmasına səbəb olmuşdur. Həftəiçi ABŞ və İran arasında qarşılıqlı hücumların yaratdığı geosiyasi risklər və “təhlükəsiz liman” aktivi olan dollara rotasiya isə avronun yüksəlişinə mane ola bilməmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftəyə Yaponiya yeni ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə davam edən münaqişədəki müsbət irəliləyişlər ilə bağlı açıqlamaları səbəbilə yüksəliş ilə başlamışdır. Lakin həftə içi Tokyo baza istehlak qiymətləri indeksi (core CPI) açıqlanmış, göstərici may ayında illik miqyasda 0,2 faiz bəndi geriləyərək 1,3% təşkil etmişdir. Göstərici altı aydır ki geriləyir və dörd aydır ki, Yaponiya Mərkəzi Bankının 2% inflyasiya hədəfindən aşağıdadır. Nəticə olaraq, Yaponiyanın iyunda faizləri artıracağı ilə bağlı şübhələr artmış, Yaponiya yeni həftəni ABŞ dollarına nisbətdə kiçik enişlə bitirmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Ötən həftə ABŞ tərəfi İranın raket platformları və minalama gəmilərinə zərbə endirmiş, bu zərbələri regiondakı ABŞ qüvvələrinin qorunması ilə əlaqələndirmişdir. İran isə ölkənin cənubunda hava sərhədini pozan amerikan F-35 qırıcı təyyarəsini hədəflədiyini bildirmişdir. Zərbələr ilə eyni zamanda ABŞ Prezidenti Donald Tramp Tehran rəsmiləri ilə görüşlərin müsbət irəlilədiyini açıqlamışdır. ABŞ Dövlət Katibi Marko Rubio isə bəzi məsələlərin razılaşdırılmadığını, o cümlədən İranın dondurulmuş aktivləri və Hörmüz boğazının tam sərbəst açılması ilə bağlı mübahisələrin davam etdiyini bildirmişdir.
Lakin ötən həftənin çərşənbə günü İran İslam Respublikasının rəsmi televiziyasında Hörmüz boğazındakı tranzitin növbəti ay içində müharibədən əvvəlki səviyəsinə çatdırılması ilə bağlı açıqlama yayılması, xəbərdən öncəki gün isə boğazdan iki supertankerin keçməsi, neft qiymətlərini son 5 həftənin ən aşağı həddinə çatdırmışdır.
Bu fonda son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin iyul fyuçerslərinin qiyməti 9,57%, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 9,07% azalmışdır.
Qızılın qiymətinin dinamikası
Ötən həftə ərzində ABŞ və İran arasında iki aydan artıqdır ki, davam edən münaqişənin bitməyə yaxınlaşması ilə bağlı yaranan optimizm, qızıl qiymətlərinin yüksəlməsinə şərait yaratmışdır. Lakin müharibənin davam etdiyi dövr boyu mövcud olan inflyasiya narahatlıqları, ABŞ Mərkəzi Bankının yaxın gələcəkdə faizləri artıracağına dair gözləntiləri gücləndirmiş, buna görə də qızıl qiymətləri ötən ay ərzində azalmışdır.
Ötən həftə qızılın avqust fyuçerslərinin qiyməti 0,80% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 4 593 ABŞ dolları təşkil etmişdir.