Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 29 iyun – 3 iyul 2026-cı il

HƏFTƏNİN XÜLASƏSİ

ABŞ-da açıqlanan əmək bazarı göstəriciləri gözləntilərdən zəif olmuş, bu isə faiz artımı gözləntilərini azaltmışdır. ABŞ Mərkəzi Bankı rəsmiləri isə inflyasiya ilə bağlı ehtiyatlı mövqeyini qoruduğunu bildirmişdir.


ABŞ fond bazarları həftəni yüksəlişlə başa vurmuşdur. S&P 500 1,71%, NASDAQ Composite 1,87% artmış, xüsusilə səhiyyə və maliyyə sektorları müsbət performans göstərmişdir.


OPEC+ hasilatı artırmaq qərarı qəbul etmiş, ABŞ–İran münasibətlərində normallaşma gözləntiləri isə neft qiymətlərinə təzyiq göstərmişdir. Nəticədə Brent və WTI neft fyuçersləri ucuzlaşmış, faiz artımı gözləntilərinin zəifləməsi fonunda isə qızılın qiyməti yüksəlmişdir


KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.




Korporativ qiymətli kağızlar


26 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1,5 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların yerləşdirilməsi üzrə hərrac 3 iyul 2026-cı il tarixində yekunlaşmışdır.


1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 16%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə olacaq və tarixi emitent tərəfindən bildiriləcək.


1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 10%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə olacaq və tarixi emitent tərəfindən bildiriləcək.


ABŞ kapital bazarı


Ötən həftə ərzində ABŞ mərkəzi bankının rəsmiləri iqtisadi vəziyyət ilə bağlı çıxışlar etmişdir. ABŞ Mərkəzi Bankının San Fransisko üzrə regional nümayəndəsi Meri Dali yaxın müddətdə inflyasiyanın aşağı düşməsi üçün pul-kredit siyasətinin nisbətən sərt olacağını, inflyasiyanın yavaşlamağa başlasa da, qeyri-müəyyənliklərin çox olduğunu bildirmişdir. O, həmçinin ABŞ mərkəzi bankının hədəf iqtisadi göstəricilərdə dəyişikliyə açıq olduğunu, lakin bu dəyişikliyin şəffaf və etibarlı olmalı olduğunu açıqlamışdır.


ABŞ mərkəzi bankının idarə heyətinin sədri Kevin Uorş isə Portuqaliyada Avropa və İngiltərə mərkəzi banklarının sədrləri ilə görüşmüş, buradakı çıxışında son 4 həftədə qlobal iqtisadi mühitdəki inflyasiya təzyiqlərinin azaldığını, lakin hələ də əsas fokusun qiymət sabitliyi olduğunu bildirmişdir.


Ötən həftə ərzində ABŞ-ın əmək bazarı ilə bağlı göstəricilər açıqlanmışdır. 2 iyulda ABŞ Əmək Statistikası Bürosu tərəfindən yayımlanan ABŞ iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xaric digər sahələr üzrə iş yeri sayının dinamikası göstəricisinə əsasən, iyunda 57 min iş yeri artmış, bu da gözlənilən 113 minlik artımdan xeyli aşağı olmuşdur. İşsizlik dərəcəsi isə iyun ayında 4,2% bəndinə enmiş, bunun səbəbi isə iş axtaranların sayının azalması olmuşdur (yalnız aktiv şəkildə iş axtaran şəxslər “işsiz” statusuna daxil edilir).  İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 27 iyun tarixində bitən həftə üçün düzəlişdən sonra 1 min azalaraq 215 min səviyyəsinə çatmışdır. 20 iyunda bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 2 min artaraq 1,814 milyon nəfərə çatmışdır.


Ötən həftə ərzində əksər ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliklərində artım müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ xəzinədarlıq istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,11 faiz bəndi artaraq 4,49% təşkil etmişdir.




ABŞ-ın əsas fond bazarı indeksləri qısaldılmış və volatil olan ticarət həftəsini yüksəlişlə bitirmişdir.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,71% artmışdır. Ən çox azalma elektronika sənayesi və İKT (2,16%) və Energetika (1,61%) sahəsini təmsil edən şirkətlərin səhmlərində, ən çox artım isə səhiyyə (5,21%), maliyyə xidmətləri (4,06%), rabitə xidmətləri (3,81%)  və məişət malları və əhali üçün xidmətlər (3,33%) sahələrini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.




2026-cı ilin ikinci rübündə də, birinci rübdə olduğu kimi, yarımkeçirici sənayesi şirkətlərinin səhmlərinin performansı xüsusilə fərqlənmişdir. Aşağıda ötən rüb ərzində ən çox yüksəliş göstərmiş şirkətlər (bazar kapitalizasiyası 10 milyard ABŞ dollarından yuxarı) qeyd olunmuşdur:



Raket buraxılışı şirkəti “RocketLab” (ticarət simvolu: RKLB) peyk kommunikasiya şirkəti “Iridium Communications” (ticarət simvolu: IRDM) şirkətini 8 milyard ABŞ dollarına satın alacağını açıqlamış, şirkətlərin səhmləri müvafiq olaraq 16% və 25% artmışdır.


Daha geniş spektrum imkanları olan “AST SpaceMobile”-in (ticarət simvolu: ASTS) “Rakuten” şirkəti ilə birlikdə qurduğu müştərək müəssisə Yaponiya hökumətinin 912 milyon ABŞ dolları dəyərində tenderinin qalibi olmuş, “AST SpaceMobile” şirkətinin səhmləri 20%-dən çox artmışdır.


“Meta Platforms” (ticarət simvolu: META) şirkəti bulud xidmətlərini genişləndirməyi planlaşdırır. Şirkət, həm öz ekosistemində olan süni intellekt modellərinə çıxış üçün ödəniş almağı, həm də birbaşa hesablama gücünü (“compute”) satmağı planlaşdırır. Şirkətin səhmləri xəbərdən sonra 9% artmış, xidmətin rəqabət aparacağı neobulud şirkətləri “Nebius Group” (ticarət simvolu: NBIS) 17%, “CoreWeave” (ticarət simvolu: CRWV) 14%, “Cipher Digital” (ticarət simvolu: CIFR) 7%, “IREN” (ticarət simvolu: IREN) 5% dəyər itirmiş, “Meta”-nın kapital xərclərinin azalacağı ilə bağlı narahatlıqlar isə bu vəsaitlərin xərcləndiyi şirkətlərin, o cümlədən aparat təminatı şirkətlərinin dəyərini aşağı salmışdır. Belə ki, günü “Micron Technology” (ticarət simvolu: MU) və “SanDisk” (ticarət simvolu: SNDK) 10%, “SK Hynix” 15%, “Samsung Electronics” 9%, “ASML Holding” (ticarət simvolu: ASML) 7%, “Intel” (ticarət simvolu: INTC) və “Marvell Technology” (ticarət simvolu: MRVL) 9%, “Advanced Micro Devices” (ticarət simvolu: AMD) 7% eniş ilə bitirmişdir.


“SK Hynix” şirkəti 10 iyul tarixində Nasdaq birjasında “SKHY” ticarət simvolu ilə listinq edəcək. Şirkət 1,14 trilyon ABŞ dolları dəyərləndirmə ilə 28 milyard ABŞ dolları kapital cəlb etməyi planlaşdırır.


“Nike” (ticarət simvolu: NKE) şirkəti dördüncü maliyyə rübü üzrə nəticələrini açıqlamış, EPS göstəriciləri bir səfərlik gömrük rüsumu geri qaytarılması sayəsində investor gözləntilərini qarşılamışdır. Hesabatlardan sonrakı konfransda menecment məhsullara tələbin yetərincə olmadığını, makroiqtisadi şəraitin mürəkkəb olduğunu, mağazaların restrukturizasiya prosesinin davam etdiyini bildirmişdir. Nəticə olaraq, “Nike” səhmləri hesabatlardan sonra 3%, ilin əvvəlindən bəri 30% eniş göstərmiş, səhmlərin qiyməti 2014-cü ildəki səviyyəsinə düşmüşdür.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


1 iyulda yayımlanan Avrozona istehlak qiymətləri indeksinin (CPI) illik miqyasda dəyişimi iyun ayında 2,8%, volatil qida və enerji qiymətləri istisna olunan baza istehlak qiymətləri indeksi (core CPI) isə 2,4% səviyyəsinə enmişdir.


Avropa Mərkəzi Bankının sədri Kristin Laqard ötən həftə keçirilmiş Sintra Forumunda Avrozona iqtisadiyyatına olan inflyasiya və böyümə risklərinin nisbətən azaldığını bildirmişdir. Avropa Mərkəzi Bankı ABŞ-İran müharibəsinin neft qiymətlərini kəskin artırması səbəbilə uçot dərəcəsini artırmış ilk mərkəzi banklardan biri olmuş, müharibənin sonlanması ilə enən neft  qiymətlərinin Avropa iqtisadiyyatına şokunun miqyası məhdudlaşmışdır. Nəticə olaraq, Avrozona iqtisadi böyümə proqnozları yenidən yüksəldilmiş və avronun dəyərini dəstəkləmiş, ABŞ əmək bazarındakı güclənmə momentumunun itməsi avronun ABŞ dolları qarşısında ötən həftə ərzində dəyər qazanmasına səbəb olmuşdur.




USD/JPY məzənnəsinin dinamikası


Yaponiyanın Maliyyə Naziri Satsuki Katayama ötən həftələrdəki bazar müdaxiləsi xəbərdarlığını təkrarlasa da, görünən odur ki, Yaponiya yeni fiskal genişləmə narahatlıqları səbəbilə enişə davam edir. ABŞ mərkəzi bankının idarə heyətinin sədri Kevin Uorşun ABŞ-da kəskin inflyasiya gözləntilərinin azaldığını və uçot dərəcəsini artırmaq üçün təcililik olmadığını bildirməsi, və yaxud Yaponiyanın iqtisadi normalizasiya trayektoriyası ilə faizləri yaxın və orta müddətdə artırmağa davam edəcəyi gözləntiləri də Yaponiya yeninin qiymətinə müsbət təsir edə bilməmiş, yenin ABŞ dolları qarşısındakı qiyməti son 40 ilin ən aşağı həddini də keçmişdir. Bu enişi ABŞ dollarının zəif əmək bazarı göstəricilərinin açıqlanması ilə dəyər itirməsi limitləmiş, lakin yekun olaraq ötən həftə ABŞ dollarının Yaponiya yeninə olan məzənnəsi artmışdır.




ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftə ərzində Hörmüz boğazından gəmi keçidlərinin sayı artmağa davam etmiş, əlavə olaraq, İran neftinə olan sanksiyaların aradan götürülməsi qlobal bazarda neftin təklifinə müsbət təsir göstərmişdir. ABŞ və İran arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar davam etmiş, İranın keçid üzərində nəzarət hüququ tələbinin bazarlara necə təsir edəcəyi isə investorlar tərəfindən gözardı edilmişdir.


OPEC+ təşkilatı bazar günündəki görüşdə günlük hasilatın 188 min barel artırılması qərara alınmışdır.


Beləliklə, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin avqust fyuçerslərinin qiyməti 4,49%, Brent markalı Avropa neftinin sentyabr fyuçerslərinin qiyməti isə 4,90% azalmışdır. 2026-cı ilin 2-ci rübündə xam neft ümumilikdə 30%-ə yaxın dəyər itirmişdir ki, bu da 2020-ci ildən bəri neftin ən zəif rüblük performansıdır.


Qızılın qiymətinin dinamikası


Ötən həftə ərzində inflyasiya təzyiqlərinin azalması fonunda ABŞ mərkəzi bankının idarə heyətinin sədri Kevin Uorşun pul-kredit siyasətinin gözləniləndən daha yumşaq olacağı ilə bağlı çıxışı, həmçinin, iş yerlərinin say artımı göstəricisinin investorların ortaq gözləntilərindən xeyli aşağı olması, ABŞ-da iyul ayında faiz artımı olacağı ehtimallarını aradan qaldırmış, nəticə olaraq, fürsət xərci azalan qızılın qiyməti artmışdır.


Ümumilikdə, qızılın avqust fyuçerslərinin qiyməti həftəlik 1,93% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  4 125,70 ABŞ dolları təşkil etmişdir.