HƏFTƏNİN XÜLASƏSİ
Azərbaycan kapital bazarı: AMB uçot dərəcəsini 6,5% səviyyəsində saxlayaraq faiz dəhlizinin aşağı həddini 5%-ə endirdi. Dövlət istiqrazlarına tələb yüksək olmuşdur, hərraclarda investorların tələb etdiyi gəlirlilik yüksək olduğundan bəzi yerləşdirmələr planlaşdırılan həcmdən əhəmiyyətli dərəcədə aşağı olmuşdur.
ABŞ kapital bazarı: ABŞ-da inflyasiya təzyiqləri və FED-in faiz artımı fonunda 10 illik ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirliliyinin 5%-i keçməsi fond bazarına mənfi təsir etmişdir. Dow Jones və RUSSELL 2000 azalmış, S&P 500 demək olar dəyişməmiş, NASDAQ artmışdır; texnologiya və AI sahəsinin şirkətlərin səhmləri bazarın əsas dəstəkləyicisi olmuşdur. Zəif əmək bazarı göstəriciləri və yumşaq PCE indeksi isə dövrün sonunda sərt pul siyasəti gözləntilərini qismən azaltmışdır.
Valyuta bazarı: ABŞ dolları həm avro, həm də Yaponiya yeni qarşısında möhkəmlənmişdir.
Əmtəə bazarları: Hörmüz boğazında geosiyasi vəziyyətin gərgin qalması neftin dünya bazarındakı qiymətini artırmışdır. ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirliliklərinin artması fonunda qızıl dəyər itirmişdir.
KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23 sentyabr 2026-cı il tarixli qərarı ilə uçot dərəcəsi 6,5%, habelə yuxarı həddi 7,5% səviyyəsində sabit saxlanılmışdır. Faiz dəhlizinin aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilmişdir. Bank sektorundakı likvidliyin yüksək olması fonunda Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməsi ilə pul bazarında iştirakını azaltmağı və bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına stimul verməyi hədəfləyir. Uçot faiz dərəcəsinin və faiz dəhlizinin yuxarı həddinin stabil saxlanılması isə inflyasiyanın stabil saxlanılmasına xidmət edir.
Dövlət qiymətli kağızları
8 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında kupon (faiz) dərəcəsi 7% tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 21 investor iştirak etmiş və tələb təklifdən 230% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,25% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 70%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 7,2080% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,2296 faiz bəndi çox olmuşdur. Bildirək ki, istiqrazların reallaşdırılmış həcmi ilkin planlaşdırırlan buraxılış həcmindən 40% az olmuşdur.
15 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında kupon (faiz) dərəcəsi 6% tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 8 investor iştirak etmiş və tələb təklifdən 23% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,00% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 19%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 6,8658% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,0768 faiz bəndi çox olmuşdur. Bildirək ki, istiqrazların reallaşdırılmış həcmi ilkin planlaşdırırlan buraxılış həcmindən 81% çox olmuşdur.
22 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında kupon (faiz) dərəcəsi 7% tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 13 investor iştirak etmiş və tələb təklifdən 2 404% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,25% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 96%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 7,1269% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,0811 faiz bəndi az olmuşdur. Bildirək ki, istiqrazların reallaşdırılmış həcmi ilkin planlaşdırırlan buraxılış həcmindən 95% az olmuşdur.
29 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında kupon (faiz) dərəcəsi 7% tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 12 investor iştirak etmiş və tələb təklifdən 1 264% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,25% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 93%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 7,1844% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,058 faiz bəndi çox olmuşdur. Bildirək ki, istiqrazların reallaşdırılmış həcmi ilkin planlaşdırırlan buraxılış həcmindən 90% az olmuşdur.
Qeyd edək ki, 6 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında kupon (faiz) dərəcəsi 6%, tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 200 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
18 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 52 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
18 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında "KollektA" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik (kupon) faizi 16%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 18 ay olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 53 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
21 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında BOKT "International" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 50 investor iştirak etmiş və tam həcmdə yerləşdirilmiş istiqrazlar üzrə ortaçəkili gəlirlilik 15% təşkil etmişdir.
22 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında "FINCA Azerbaijan" MM QKBT-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 3 milyon manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 18 ay olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 54 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
30 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 500 min manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə 5 oktyabr 2026-cı il tarixində həyata keçiriləcək.
23 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 10 milyon manat, illik gəlirlilik faizi 13%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 3 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan istiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək və hərracın tarixi emitent tərəfindən bildiriləcək.
25 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında "NEO BOKT" ASC-nin ilkin ticarət dəyəri 3 710 manat, ümumi buraxılış həcmi 1 milyon 1 min 700 manat olan adi səhmlərinin abunə yazılışı nəticəsində yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 2 investor iştirak etmiş və səhmlər tam həcmdə yerləşdirilmişdir.
25 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında "KollektA" ASC-nin ilkin ticarət dəyəri 410 manat, ümumi buraxılış həcmi 205 min manat olan adi səhmlərinin abunə yazılışı nəticəsində yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 3 investor iştirak etmiş və səhmlər tam həcmdə yerləşdirilmişdir.
25 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "İnternational Leasing" MMC-nin ilkin ticarət dəyəri 50 manat, ümumi buraxılış həcmi 1 milyon manat olan adi səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan səhmlər yerləşdirilməsi abunə yazılışı əsasında həyata keçiriləcək. Abunə yazılışı 30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində baş tutacaq, səhmlərin yerləşdirilməsi isə 5 oktyabr 2026-cı il tarixində həyata keçiriləcək.
30 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "MJ Finance BOKT" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik (kupon) faizi 16%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 18 ay olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan səhmlər yerləşdirilməsi abunə yazılışı əsasında həyata keçiriləcək. Abunə yazılışı 2 – 16 oktyabr 2026-cı il tarixlərində baş tutacaq, səhmlərin yerləşdirilməsi isə 19 oktyabr 2026-cı il tarixində həyata keçiriləcək.
2 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 500 min manat, illik gəlirlilik (kupon) faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 51 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
ABŞ kapital bazarı
Geridə qoyduğumuz ay ABŞ-da makroiqtisadi təqvim olduqca zəngin olmuşdur və bir sıra əhəmiyyətli makroiqtisadi göstəricilər ilə yadda qalmışdır.
11 sentyabr 2026-cı il tarixində dərc edilmiş və cari ilin avqust ayını əhatə edən istehlak qiymətləri indeksi (CPI) göstəricisi aylıq əsasda proqnozlar ilə eyni olaraq 0,4% təşkil etmişdir ki, bu da əvvəlki aya nisbətdə 0,3 faiz bəndi çox olmuşdur. İllik əsasda isə avqust üzrə CPI göstəricisi həm proqnoz edilən, həm də əvvəlki ayın analoji göstəricisi ilə eyni olaraq 3,4% olaraq dərc edilmişdir. Volatil qida və enerji qiymətləri xaric baza istehlak qiymətləri indeksi (CPI) göstəricisi isə aylıq əsasda həm proqnozları, həm də əvvəlki ayın analoji göstəricisini 0,1 faiz bəndi üstələyərək 0,3% təşkil etmişdir. Sözügedən göstərici illik əsasda isə proqnoz edilən kimi 2,4% olaraq açıqlanmışdır ki, bu da əvvəlki ayın analoji göstəricisindən 0,1 faiz bəndi çox olmuşdur.
Son bir aylıq dövrdə, həmçinin, ABŞ-da istehlakçıların ölkə iqtisadiyyatına olan inamı və gözləntilərini əks etdirən “Conference Board” və Miçiqan Universiteti tərəfindən keçirilən ənənəvi sorğuların nəticələri də maraq doğurmuşdur. 25 sentyabr 2026-cı il tarixində açıqlanan Miçiqan Universiteti tərəfindən təqdim edilən istehlakçı inamı indeksinin (University of Michigan Consumer Sentiment Index) yekun nəticələri proqnozları 0,6 bənd, əvvəlki ayın göstəricisini isə 0,4 bənd üstələyərək 47,8 bənd təşkil etmişdir. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi 0-100 səviyyəsi arasında ölçülür və 70-dən aşağı göstərici istehlakçıların cari iqtisadi mühit və yaxın gələcəkdə iqtisadi vəziyyətin birmənalı olmayacağı barədə narahatçılıqlarını bildirir. 29 sentyabr 2026-cı il tarixində “Conference Board” tərəfindən dərc edilən istehlakçı inamı indeksi (Conference Board Consumer Confidence Index) əksinə proqnoz edilən səviyyədən 6,1 bənd, əvvəlki ayın göstəricisindən isə 6,7 bənd geri qalaraq 81,9 bənd təşkil etmişdir. Qeyd edək ki, sözügedən indeks 0-200 bənd arası səviyyədə ölçülür və 100 bənd istehlakçıların xərclərinə münasibətdə neytral, 100-dən aşağı göstərici istehlakçıların qənaətə meylli, 100-dən artıq göstərici isə müvafiq olaraq istehlakçıların xərcləməyə meylli olduğunu bildirir.
Makroiqtisadi baxımdan son ayın ən vacib hadisəsi şübhəsiz ki, Amerika mərkəzi bankının (FED) növbəti görüşü olmuşdur. Görüşün nəticəsində FED-in Federal Açıq Bazar Komitəsi (FOMC) yekdilliklə əsas faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75% - 4,00% aralığında təyin etmişdir. FED-in sədri Kevin Uorş öz çıxışında faiz artımı qərarını ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin tutarlı olduğu ilə əsaslandırmışdır. Görünən odur ki, yüksək enerji qiymətləri fonunda FED inflyasiya hədəfindən (2%) uzaqlaşacağından ehtiyat etmişdir. Bir məqamı da qeyd etmək lazımdır ki, Miçiqan Universitetinin sorğusu daha çox inflyasiya gözləntiləri və istehlakçıların xərcləmə meylini əks etdirir. “Conference Board”-un sorğusu isə daha geniş miqyasda ölkədəki ümumi iqtisadi dinamikaya və əmək bazarına dair vəziyyətə fokuslanır.
30 sentyabr 2026-cı il tarixində ABŞ İqtisadi Analizlər Bürosu (US Bureau of Economic Analysis) tərəfindən FED-in ən üstünlük verdiyi inflyasiya göstəricisi olan cari ilin avqust ayını üzrə şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi açıqlanmışdır. Sözügedən indeks avqust üçün aylıq əsasda 0,1 faiz bəndi artaraq proqnoz edilən kimi 0,3% təşkil etmişdir. İllik əsasda isə PCE qiymət indeksi həm əvvəlki ay üzrə olan göstəricidən, həm də proqnoz ediləndən 0,3 faiz bəndi az olaraq 3,4% səviyyəsində açıqlanmışdır. FED pul-kredit siyasəti istiqaməti üçün daha informativ olan qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksi aylıq əsasda həm əvvəlki ayın göstəricisindən, həmdə proqnoz ediləndən 0.1 faiz bəndi az olaraq 0,2% təşkil etmişdir. İllik miqyasda da baza PCE qiymət indeksi proqnoz ediləndən 0,3 faiz bəndi az olaraq 3,0% səviyyəsində açıqlanmışdır ki, bu da əvvəlki ayın göstəricisi ilə eynidir. Əlavə olaraq, ABŞ İqtisadi Analizlər Bürosu cari ilin ikinci rübü üzrə ölkə ÜDM-nin üçüncü dərcini bölüşmüşdür. Dərcə əsasən ABŞ iqtisadiyyatı cari ilin ikinci rübündə 2,2% artım nümayiş etdirmişdir ki, bu da həm proqnoz edilən tempdən, həm də əvvəlki rübün göstərisindən 0,7 faiz bəndi çox olmuşdur.
Bir başqa maraq kəsb edən makroiqtisadi göstərici 1 oktyabr 2026-cı il tarixində dərc edilmiş “S&P Global” və “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən keçirilən və cari ilin sentyabr ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat sektorundakı dinamikanı əks etdirən menecer sorğularının (PMI) yekun nəticələri olmuşdur. “S&P Global”-ın ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki dinamikanı əks etdirən sorğusunun nəticəsi cari ilin avqust ayı üçün 55,9 bənd olaraq açıqlanmışdır ki, bu da həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji göstəricisindən 1,1 bənd az olmuşdur. ISM-in təqdim etdiyi nəticələrə əsasən sentyabr üzrə ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki PMI göstəricisi proqnozlardan 0,6 bənd, əvvəlki ayın analoji göstəricisindən isə 0,1 bənd az olaraq 54,5 bənd səviyyəsində dərc edilmişdir. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivlikdə artımı, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmanı bildirir.
ABŞ əmək bazarının göstəriciləri də səbrsizliklə gözlənilən makroiqtisadi göstəricilərdən olmuşdur. Əmək bazarında nüfuzlu şirkət olan ADP-nin hesabatına əsasən cari ilin sentyabr ayında ABŞ iqtisadiyyatının özəl sektorundakı iş yeri sayında 90 min artım müşahidə edilmişdir ki, bu da proqnoz ediləndən 15 min, əvvəlki ayın analoji göstəricisindən isə 54 min çox olmuşdur. ABŞ Əmək Departamenti tərəfindən təqdim edilən ABŞ iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xaric digər sahələr üzrə iş yerləri sayının aylıq dinamikası isə daha gözlənilməz nəticələr nümayiş etdirmişdir. Sözügedən göstəriciyə əsasən cari ilin sentyabr ayında ABŞ-dakı iş yerləri sayında 29 min artım olduğu aşkarlanmışdır ki, bu da proqnoz ediləndən 61 min, habelə, əvvəlki ayın göstəricisindən isə 104 min azdır. Sentyabr ayı üzrə ABŞ iqtisadiyyatında işsizlik səviyyəsi isə həm proqnozları, həm də əvvəlki ayın analoji göstəricisini 0,1 faiz bəndi üstələyərək 4,2% təşkil etmişdir.
FED-in faiz dərəcələrini artırması fonunda ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri bütün tədavül müddəti diapazonunu üzrə artmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyi son dörd həftədə nəzərən 0,5 faiz bəndi artaraq illik 5,28% təşkil etmişdir.
FED-in faiz dərəcələrini artırması ABŞ fond bazarına mənfi təsir edən amildir. Bir məqamı qeyd etmək lazımdır ki, son faiz artımı bazar iştirakçılar tərəfindən gözlənilən idi və bu səbəbdən artıq bazar qiymətlərində böyük ölçüdə öz əksini tapmışdır. Lakin, 10 illik tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyinin 5%-dən yuxarı qalxması ABŞ fond bazarına tutarlı təzyiq göstərmişdir. Ümumilikdə, geridə qoyduğumuz ay ərzində inflyasiya təzyiqləri və müvafiq olaraq FED-in pul-kredit siyasətinin sərt trayektoriya izləmə ehtimalları və süni intellekt (AI) sahəsinin dinamikası fond bazarına təsir edən başlıca amillər olmuşdur. İnflyasiya təzyiqindən danışdıqda qeyd etmək lazımdır ki, PCE qiymət indeksinin nisbətən yumşaq göstəriciləri, habelə, əmək bazarı göstəricilərinin zəif açıqlanması qiymət artımı və öz növbəsində FED-in sərt pul-kredit siyasəti miqyasının dərəcəsini biraz səngirmişdir. Buna baxmayaraq, Yaxın Şərqdə geosiyasi vəziyyətin gərgin qalması fonunda enerji qiymətlərinin yüksək olması inflyasiyanın göz ardı edilməməsinin vacibliyini vurğulamışdır. Ötən ay ərzində ABŞ-ın aparıcı fond bazarı indekslərinin əksəriyyəti enişdə olmuşdur. Yeganə tutarlı artım nümayiş etdirən fond bazarı indeksi texnologiya sektoru fokuslu “NASDAQ” olmuşdur. Ümumilikdə, ABŞ fond bazarının son ayda yeganə drayveri texnologiya sektoru olmuşdur. Həmçinin, yüksək enerji qiymətləri və sərt pul-kredit siyasətinin aktuallaşdığı makromühitində kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmləri təbii olaraq mənfi dinamika sərgiləmişdir. Əlavə olaraq, “artım” səhmləri yüksəlişdə olmuş, “dəyər” səhmləri isə enmişdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” ötən ay ərzində tutarlı şəkildə dəyişməmişdir (0,05%). Ən çox azalma sənaye istehsalı (6,03%) sahəsini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Artım isə yalnız energetika (3,47%) və səhiyyə (2,44%) sahələrini təmsil edən şirkətlərin səhmlərində olmuşdur.
Əvvəl bildirdiyimiz kimi, süni intellekt (AI) sahəsi geridə qoyduğumuz ay üzrə fond bazarının daşıyıcısı olmuşdur. Buna baxmayaraq, ay ərzində AI sahəsi də müəyyən turbulentli dövrlər yaşamışdır.
Sentyabrın əvvəli “Nvidia” (ticarət simvolu: NVDA) dəstəkli Avstraliyanın “Firmus” şirkəti “OpenAI” şirkəti ilə Malaziyada yerləşən iki data mərkəzi üzərindən hesablama gücü (computing capacity) təqdim etməyə dair çoxillik müqavilə imzalamışdır. Əlavə olaraq, “Oracle” şirkəti (ticarət simvolu: ORCL) AI bulud (AI) xidməti üzrə 30 milyard ABŞ dolları dəyərində əlavə sifariş əldə etdiyini açıqlamışdır. Bu iki xəbər investorlar tərəfindən müsbət qarşılanmışdır.
Sentyabrın ortalarında AI sahəsi üzrə aparıcı şirkətlərin görüşündə AI sahəsinin yüksək templi inkişafının potensial təhlükələrinin dilə gətirilməsi AI sahəsinin şirkətlərinin səhm dəyərinə mənfi təsir etmişdir. İnvestorlar bu bəyanatın fonunda AI şirkətlərinin böyük kapital xərclərinin özünü doğrultmasını sorğulamışdılar. AI sahəsinə bir başqa mənfi təsir edən xəbər də “Oracle” şirkətinin (ticarət simvolu: ORCL) ABŞ-ın Nyu Meksiko ştatında tikilən irihəcmli data mərkəzi ilə bağlı çətinliklər olmuşdur.
Sentyabrın sonuna doğru bazarda AI sahəsinə inam bərpa olunmağa başlamışdır. “Nvidia” şirkətinin (ticarət simvolu: NVDA) avtonom AI agentlərinə nəzarət üçün “OpenShell” və “Sentry” alətlərini təqdim etməsi bazar iştirakçıları tərəfindən müsbət qarşılanmışdır. Həmçinin, ayın sonu “Micron” şirkətinin (ticarət simvolu: MU) rüblük gəlir proqnozunu artırması bazarda nikbinlik dərəcəsini artırmışdır.
Nəticə olaraq, geridə qoyduğumuz ayda bəzi narahatlıqlar yaşanmasına baxmayaraq investorlar AI sahəsinə olan inamlarını davam etdirmişdilər.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
10 sentyabr 2026-cı il tarixində Avropa Mərkəzi Bankı cari ildə ikinci dəfə olaraq faiz dərəcələrini artırmışdır (0,25 faiz bəndi). Buna baxmayaraq, yüksək enerji qiymətləri fonunda Avrozonada iqtisadi artım tempinin zəif olması, habelə yaxın gələcəyə dair Avropa Mərkəzi Bankının yumşaq pul-kredit siyasətinə həyata keçirəcəyinə dair verdiyi işarələr avronun ABŞ dollarına nisbətdə dəyərinə təzyiq etmişdir. Əlavə olaraq, ABŞ-da FED-in faiz dərəcələrini artırması, inflyasiya təzyiqlərinin aktual olması, nəticəsində 10 illik ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirliliyinin 5%-i keçməsi, habelə, ÜDM rəqəmlərinin iqtisadi artım ilə bağlı müsbət xəbər verməsi ABŞ dollarının avroya qarşı güclənməsinə səbəb olan əsas amillər olmuşdur. Oktyabrın əvvəli ABŞ-da açıqlanan əmək bazarı göstəricilərinin zəif olması avroya ABŞ dolları qarşısında dəstək versə də, avronun itirdiyi mövqeləri bərpa etməyə kifayət etməmişdir. Nəticə olaraq, son ay ABŞ dollarının avroya nisbətdə stabil dəyər qazanması müşahidə edilmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Sentyabrın əvvəlində keçirilən sorğular əksər iqtisadçıların Yaponiya Mərkəzi Bankının 2027-ci ilin ortasına kimi Yaponiya mərkəzi bankının (Bank of Japan) faiz dərəcələrini iki dəfə artıracağına ehtimal verdiklərini sərgiləmişdir. Yaponiya mərkəzi bankının pul-kredit siyasətinin sərtləşməsi Yaponiya yeninin ABŞ dollarına qarşı dəyər qazanmasına səbəb olmuşdur. Lakin, bu dinamika uzun müddət davam etməmişdir və 9 sentyabr 2026-cı il tarixindən başlayaraq Yaponiya yeni ABŞ dollarına nisbətdə dəyər itirməyə başlamışdır. ABŞ-da FED-in faiz dərəcələrini artırması və ABŞ Xəinədarlığı istiqrazlarının gəlirliliklərinin yüksəlməsi Yaponiya yeninə əsaslı təzyiq etmişdir. Yaponiya mərkəzi bankının faiz dərəcələrini 0,25 faiz bəndi artırması belə yenin enişinə mane ola bilməmişdir. Buna səbəb Yaponiya mərkəzi bankının yaxın gələcəkdə həyata keçirəcəyi pul-kredit siyasətini sərtləşdirməsi barədə tutarlı təlimat verməməsidir. Sentyabrın sonu Yaponiya mərkəzi bankı rəsmiləri bazara müdaxilə etməsi ehtimallari zəmin qazanaraq yenə müəyyən dəstək verərək yenin dəyər itirmə tempini azaltmışdır. Buna baxmayaraq, Yaponiya yeni ABŞ dollarına qarşı zəif mövqe sərgiləməyə davam etmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası.
Son ay ərzində neftin dünya bazarındakı qiymətinə təsir neftin bazardakı təklifi tərəfdən gəlmişdir. Daha dəqiq desək, geosiyasi amil və onun neftin dünya bazarındakı təklifinə təsiri başlıca rol oynamışdır. Vacib neft tədarükü arteriyası olan Hörmüz boğazı ətrafında gərginliyin davam etməsi boğaz üzrə gəmiçiliyin bərpası ətrafında qeyri-müəyyənliyin artmasına səbəb olmuşdur. ABŞ və İran İslam Respublikası arasında razılaşmanın əldə edilməsinə real əsasların üfüqdə görsənməməsi yaxın gələcəkdə dünya bazarında təklif edilən neftin həcminin yetərli olacağına dair suallar yaratmağa davam etmişdir. Ay ərzində Hörmüz boğazı ətrafında danışıqların zaman-zaman müsbət işarələr verməsinə baxmayaraq, nəticə etibarı ilə tərəflərin mövqeləri arasında böyük fərqlər olduğu müşahidə edilmişdir. Bu minvalda neftin dünya bazarındakı təklifi ilə bağlı qeyri-müəyyənlik artmışdır və neftin dünya bazarındakı dəyəri son ay ərzində yüksəlmişdir. Belə ki, son dörd həftəlik dövrə baxsaq bazardakı aktiv müqavilələr olan WTI markalı Amerika xam neftinin 2026-cı ilin noyabr fyuçerslərinin qiyməti 2,87%, Brent markalı Avropa neftinin dekabr fyuçerslərinin qiyməti isə 10,76% artmışdır.
Qızılın qiymətinin dinamikası
FED-in faiz dərəcələrini artırması, CPI göstəricilərinə əsasən artan inflyasiya təzyiqi nəticəsində FED-in yaxın gələcəkdə sərt pul-kredit siyasəti həyata keçirəcəyi ehtimallarının zəmin qazanması, bunların nəticəsində isə ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirliliklərinin artması və ABŞ dollarının güclənməsi faiz gəliri gətirməyən investisiya aləti olan qızılın dünya bazarındakı dəyərinə mənfi təsir etmişdir. Yaxın Şərqdəki münaqişənin həllindən uzaq olması “təhlükəsiz liman” investisiya seçimi olan qızılın qiymətini dəstəkləsə də, bu amilin qızılın dəyərinə təsiri məhdud olmuşdur. Son həftə ABŞ-da açıqlanmış PCE indeksi və əmək bazarının makroiqtisadi göstəricilərinə əsasən inflyasiya narahatlıqlarının nisbətən səngiməsi qızılın dəyərinə müsbət edən amil olsa da, ümumilikdə qızılın dəyər itiməsinin qarşısını ala bilməmişdir. Nəticə olaraq, son dörd həftəlik dövrə baxsaq qızılın dekabr fyuçerslərinin qiyməti 7,02% azalaraq Troy unsiyası (31,1 qram) üçün 4 162,30 ABŞ dolları təşkil etmişdir.