Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 9 – 13 fevral 2026-cı il

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.



Korporativ qiymətli kağızlar


9 fevral 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “Legion Financial” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 600 min manat olan səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, səhmlər abunə yazılışı üsulu 18 fevral 2026-cı il tarixində başlayaraq, 10 iş günü davam edəcək və martın 3-ü yekunlaşacaq, yerləşdirilmə isə 10 mart 2026-cı il tarixində həyata keçiriləcəkdir.


10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında "FINCA Azerbaijan" MM QBKT-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 4 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır.


12 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında "FINCA Azerbaijan" MM QBKT-nin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxılış həcmi 1 milyon ABŞ dolları, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır.

11 fevral 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən BOKT “International” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 18%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 3 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilmə tarixi emitent tərəfindən bildiriləcək.


11 fevral 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “FERRUM Kapital” QSC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 4 milyon manat, illik gəlirlilik faizi 14%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə, 18 fevral 2026-cı il tarixində baş tutacaq.


29 yanvar 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “KƏPƏZ BOKT” MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 2 fevral 2026-cı il tarixində başlayıb, 10 təqvim günü davam edərək, 11 fevral 2026-cı il tarixində bitmişdir. İstiqrazların yerləşdirilməsi 12 fevral 2026-cı il tarixində həyata keçirilmişdir.


ABŞ kapital bazarı


İstehlakçı qiymət indeksinin (CPI) illik miqyasda dəyişimi yanvar ayında azalaraq 2,4%, volatil qida və enerji qiymətləri istisna olunan baza istehlakçı qiymət indeksi (core CPI) isə 2,5% səviyyəsində qərarlamışdır.


Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı isə 7 fevral tarixində bitən həftə üçün 4 min azalaraq 227 min təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı isə 18 min artaraq 1,862 milyon nəfərə çatmışdır. Əlavə olaraq, ABŞ Əmək Statistikası Bürosu tərəfindən açıqlanan ABŞ iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xaric digər sahələr üzrə iş yeri sayının dinamikası göstəricisinə əsasən, yanvarda 130 min iş yeri artmış, bu artım gözləntiləri üstələmişdir. İşsizlik göstəricisi də dekabr ayında 0,1 faiz bəndi azalaraq 4,3% təşkil etmişdir. Lakin 2025-ci ildəki göstəricilərə aşağı yönlü 403 minlik reviziya, 2025-ci ildə ümumi iş yerlərinin say artımını 181 min həcminə gətirib çıxarmışdır.


Geridə qoyduğumuz həftə ərzində tədavül müddəti 1 ilə qədər olan ABŞ dövlət istiqrazlarının gəlirlilikləri sabit qalmış, 1 il və artıq tədavül müddətli istiqrazların gəlirliliklərində isə azalma müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna bir həftə əvvələ nisbətdə 0,18 faiz bəndi azalaraq 4,04% təşkil etmişdir.



Ötən həftə ərzində ABŞ fond bazarlarında süni intellektin ənənəvi şirkətlərin, xüsusilə də proqram təminatı şirkətlərinin gəlirliliklərinə təsir edəcəyi ilə bağlı narahatlıqlar davam etmiş, bu da fond bazarı indekslərinin ötən həftəni enişlə bitirməsinə yol açmışdır.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,39% azalmışdır. Ən çox artım kommunal xidmətlər (7,27%), tikinti və daşınmaz əmlak (3,60%) və mədənçıxarma və xammal sənayesi (3,49%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ən çox dəyər itkisi isə maliyyə xidmətləri (4,81%), məişət malları və əhali üçün xidmətlər (1,53%) elektronika sənayesi və İKT (1,11%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur.



“Warner Bros Discovery” (ticarət simvolu: WBD) şirkətinin satın alınması uğrunda mübarizə öncəki həftə də davam etmişdir. “Paramount Skydance” (ticarət simvolu: PSKY) şirkəti “Warner Bros” şirkətinin tamamını almaq üçün səhmbaşına 30 ABŞ dolları təklifini dəyişməsə də, şirkətin “Netflix”-ə (ticarət simvolu: NFLX) vermiş olduğu razılıqdan geri çəkilməsi üçün əlavə 2,8 milyard ABŞ dolları ödəməyi qəbul etmişdir.


“Alphabet” (ticarət simvolu: GOOGL) şirkəti 185 milyard ABŞ dolları dəyərindəki 2026-cı il kapital bu qoyuluşunu qarşılamaq üçün istiqraz buraxmış, bu istiqrazların ən uzun tədavül müddətli olan – 1 əsrlik istiqraz üçün isə sifariş tələbi təklifi 10 dəfə üstələmişdir. Bu isə onu göstərir ki, investorlar keçmişdə oxşar addımlar atmış (1996-ci ildə “IBM”, 1997-ci ildə “Motorola” şirkətləri də 100 illik istiqraz buraxmışdı) şirkətlərdən fərqli olaraq, “Google”-ın növbəti əsrdə də mövcud olacağına və tədavül müddəti ərzində ödənişlərini davam etdirəcəyinə inanırlar.


Video oyun mühərriki şirkəti “Unity Software” (ticarət simvolu: U) dördüncü rüb üzrə maliyyə hesabatlarını açıqlamış, həmin rüb üzrə göstəricilər qənaətbəxş olsa da, 2026-cı ilin birinci rübü üzrə şirkətin proqnozları investor gözləntilərini qarşılamamış, “Unity” səhmləri ötən həftə 25%-dən çox eniş yaşamışdır. Qeyd edək ki bu eniş, “Google”-ın “Project Genie” adlı süni intellekt oyun mühərriki layihəsinin çıxışından sonra başlayan video oyunlar sektorundakı satışların davamı olmuşdur.


Kosmos sənayesi şirkəti “AST SpaceMobile” (ticarət simvolu: ASTS) ötən həftə həm 1 milyard ABŞ dolları həcmində, tədavül müddəti 10 il olan, konvertasiya edilə bilən istiqrazların buraxılışını həyata keçirmiş, həm də 2032-ci ildə tədavül müddəti bitəcək, konvertasiya edilə bilən istiqrazların geri alınacağını açıqlamışdır. Bunun üçün isə şirkət səhm satışı həyata keçirməyi planlaşdırır. Şirkətin çoxqatlı maliyyələşdirmə planı investorlar arasında narahatlığa səbəb olmuş, nəticə olaraq, “AST SpaceMobile” səhmləri 15%-dən artıq eniş göstərmişdir.

VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Avrozonanın iqtisadi artım göstəricisi 2025-ci ilin üçüncü rübündə illik miqyasda 1,3 faiz bəndi təşkil etmişdir ki, bu da gözləntilərə paralel olmuşdur. Ötən həftə Avropa mərkəzi bankının idarə heyətinin sədri Kristin Laqard isə çıxışında inflyasiyanın səviyyəsinin uyğun olduğunu bildirmiş, əlavə olaraq idarə heyətinin üzvü, yumşaq pul-kredit siyasəti tərəfdarı Fransua Villerua de Qalyonun müddətindən 1 il əvvəl, iyunda işini sonlandıracağını açıqlaması, avronun qiymətinə müsbət təsir etmişdir. ABŞ-da inflyasiyanın aşağı olması, ABŞ-da faiz endirimlərinə davam etməyə imkan yarandığını göstərmiş, ABŞ-da əmək bazarının dayanıqlılığına baxmayaraq ötən həftə ərzində avro ABŞ dollarına qarşı dəyər qazanmışdır.



USD/JPY məzənnəsinin dinamikası


8 fevral 2026-cı il tarixində keçirilən parlament seçkilərində hazırkı baş nazir Sanae Takaiçinin təmsil etdiyi Liberal Demokratik Partiya (LDP) üstün qələbə qazanmış, nəticə olaraq parlamentin aşağı palatasında da LDP faiz üstünlüyünə sahib olmuşdur. Bununla da Takaiçinin genişləndirici fiskal siyasəti və iqtisadi böyümə qarşısında maneələrin azalacaq olması, Yaponiya yeninin qiymətinə müsbət təsir etmişdir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Beynəlxalq Enerji Agentliyinin (IEA) açıqladığı yeni 2026-cı il gözləntilərinə əsasən, qlobal bazarda xam neftə olan tələbin artım təxmini günlük 930 min bareldən 850 min barelə endirilmişdir. Agentlik həmçinin təklifin də günlük 2,4 milyon barel artacağını proqnozlaşdırır. Bununla müqayisədə, “OPEC” təşkilatı tələbin 2026-cı ildə günlük 1,4 milyon barel artacağını proqnozlaşdırır. Əlavə olaraq, ABŞ və İran arasında neft sanksiyaları ilə bağlı aparılan danışıqlar, sanksiyaların aradan qalxması ilə qlobal bazarda təklifin daha da artacağı ilə bağlı narahatlıqları artırmış, bu da neftin qiymətinə mənfi təsir etmişdir.


Ümumilikdə, son həftə ərzində WTI markalı Amerika xam neftinin 2026-cı ilin mart fyuçerslərinin qiyməti 1,04%, Brent markalı Avropa neftinin aprel fyuçerslərinin qiyməti isə 0,44% azalmışdır.


Qızılın qiymətinin dinamikası


Ötən həftə ərzində ABŞ-da inflyasiya göstəricisinin gözləniləndən və ötən aykı göstəricidən aşağı olaraq açıqlanması, ABŞ mərkəzi bankının faiz endirimlərinə davam edəcəyi ehtimallarının yenidən gündəmə gəlməsinə zəmin yaratmışdır. Nəzərə alsaq ki, qızıl faiz gəliri gətirməyən aktivdir, faizlərin endirilməsi bu aktivin fürsət xərcini azaldır.


Nəticə olaraq, qızılın 2026-cı ilin aprel ayı üçün olan fyuçerslərinin qiyməti 1,34% artaraq 5046,3 ABŞ dollarına çatmışdır.