Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 29 dekabr 2025-ci il – 2 yanvar 2026-ci il

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik faizləri sabit qalmışdır.



Korporativ qiymətli kağızlar


29 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında “Xalq Bank” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır.


29 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında “MJ Financial Services BOKT” ASC-nin nominal dəyəri 30 001 manat, ümumi buraxılış həcmi isə 4 800 160 manat olan səhmlərinin yerləşdirilməsi yekunlaşmışdır.


30 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin nominal dəyəri 100 ABŞ Dolları, ümumi buraxılış həcmi 30 milyon ABŞ Dolları, illik gəlirlilik faizi 7%, ödəmə tezliyi 3 ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır.

ABŞ kapital bazarı


Ötən həftə satış müqaviləsi bağlanmış, lakin hələ tamamlanmamış mənzil satışları (pending home sales) üzrə göstərici noyabr ayında illik miqyasda ötən aya nəzərən 3 faiz bəndi artaraq 2,6% təşkil etmişdir.


30 dekabr tarixində ABŞ mərkəzi bankının idarə heyətinin 10 dekabrda keçirilmiş görüşünün protokolu dərc olunmuşdur. Protokola əsasən, görüş iştirakçılarının əksəriyyəti inflyasiyanın enişinə davam edəcəyi təqdirdə əlavə faiz endirimlərinin olmasını dəstəkləmişdir. Bəzi iştirakçılar isə dekabr endirimindən sonra bir müddət faizlərin sabit saxlanması yönündə fikir bildirmişdirlər.


Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı isə 27 dekabr tarixində bitən həftə üçün 16 min azalaraq 199 min təşkil etmişdir. 20 dekabrda bitən həftədə işsizlik müavinəti alanların sayı isə 47 min azalaraq 1,866 milyon nəfərə çatmışdır.


Geridə qoyduğumuz həftə ərzində demək olar ki, bütün tədavül müddətləri üzrə dövlət istiqrazlarının gəlirliliklərində artım müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna bir həftə əvvələ nisbətdə 0,05 faiz bəndi artaraq 4,19% təşkil etmişdir.



ABŞ-da rəsmi bayramlarla əlaqədar olaraq nisbətən qısa keçən ötən həftə ərzində fond bazarı indekslərində azalma qeydə alınsa da, verilmiş fond indekslərinin əksəriyyəti 2025-ci ili ikirəqəmli yüksəliş ilə başa vurmuşdur.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,03% azalmışdır. Ən çox energetika (3,28%), kommunal xidmətlər (0,94%) və sənaye istehsalı (0,49%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ən çox dəyər itkisi isə məişət malları və əhali üçün xidmətlər (3,03%), elektronika sənayəsi və İKT (1,52%) və maliyyə xidmətləri (1,24%) sektorunu təmsil edən şirkətlərin səhmlərində olmuşdur.


Ötən həftə ərzində süni intellekt investisiyalarının gətirəcəyi gəlirlərlə bağlı narahatlıqlar, investorların süni intellekt modelləri və proqramları üzrə fəaliyyət göstərən şirkətlərdə olan paylarını azaldaraq süni intellekt infrastrukturunun quruculuğunda iştirak edən şirkətlərə əlavə investisiya etməsinə gətirib çıxarmışdır. Nəticə olaraq, son istifadəçi üçün süni intellekt məhsulları və modelləri təqdim edən şirkətlərdə, o cümlədən “AppLovin” (ticarət simvolu: APP), kibertəhlükəsizlik şirkətləri “Crowdstrike” (ticarət simvolu: CRWD) və “Palo Alto Networks” (ticarət simvolu: PANW), proqram təminatçıları “Palantir Technologies” (ticarət simvolu: PLTR), “Adobe” (ticarət simvolu: ADBE), “ServiceNow” (ticarət simvolu: NOW) və “Salesforce” (ticarət simvolu: CRM) səhmlərinin dəyəri azalmış, mikrosxem dizynerləri “NVIDIA” (ticarət simvolu: NVDA) və “Advanced Micro Devices” “NVIDIA” (ticarət simvolu: AMD), mikrosxem istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company” (ticarət simvolu: TSM), litoqrafiya cihazlarının istehsalçısı “ASML Holding” (ticarət simvolu: ASML), məlumat mərkəzi şirkətləri “IREN” (ticarət simvolu: IREN), “Nebius Group” (ticarət simvolu: NBIS) və “CoreWeave” (ticarət simvolu: CRWV), energetika şirkətləri “Bloom Energy” (ticarət simvolu: BE), “Oklo” (ticarət simvolu: OKLO), “Plug Power” (ticarət simvolu: PLUG) və “GE Vernova” (ticarət simvolu: GEV) səhmləri isə dəyər qazanmışdır.


2025-ci ilin ən yaxşı performans göstərən səhmləri isə yaddaş qurğuları istehsal edən şirkətlər olmuşdur. Belə ki, “S&P 500” fond indeksini təşkil edən səhmlərdən “SanDisk” (ticarət simvolu: SNDK) şirkətinin səhmləri 2025-ci ildə 559%, “Western Digital” (ticarət simvolu: WDC) 268%, “Micron Technology” (ticarət simvolu: MU) 227%, “Seagate Technology Holdings” (ticarət simvolu: STX) 219% artım göstərmişdir.


“Tesla” (ticarət simvolu: TSLA) şirkəti 2025-ci ilin dördüncü rübündə elektrik avtomobilləri (EV) üzrə satış göstəricisini açıqlamışdır. Göstərici üçüncü rübə nəzərən 16% azalaraq 418 227 avtomobil səviyyəsinə enmiş, bununla da gözləntilərin altında qalmışdır. Əlavə olaraq, bu zəif göstərici həm də illik miqyasda “Tesla”-nın avtomobil satışlarının azaldığını göstərmişdir. Belə ki, 2025-ci ildə “Tesla” 1 636 129 “EV” satmış, bununla da Çin mərkəzli avtomobil şirkəti “BYD”-nin ilk dəfə gerisində qalmışdır. Qeyd edək ki, “BYD” şirkətinin “EV” satışları 2025-ci ildə ötən ilə nəzərən 28% artaraq 2,3 milyon ədəd təşkil etmişdir. Nəticə olaraq, “Tesla” şirkətinin səhmlərinin qiyməti xəbərdən sonra eniş göstərmişdir.


“NVIDIA” şirkətinin dizayn etdiyi “H200” süni intellekt qrafik prosessorlarının (GPU) Çinə satışı ilə bağlı yeni açıqlanmış qeyri-rəsmi məlumatlara görə, “NVIDIA” Çindəki şirkətlərdən artıq 2 milyon ədəd “H200” sifarişi almışdır, bu da 2026-cı ildə “NVIDIA”-ya əlavə 54 milyard ABŞ dolları dəyərində gəlir gətirəcəkdir. Xəbərdən sonra həm “NVIDIA”, həm də bu prosessorlarda işləniləcək mikrosxemlərin istehsalçısı “TSMC” şirkətinin səhmləri dəyər qazanmışdır.


Süni intellekt investisiyalarının, xüsusilə “OpenAI” startapının və ABŞ-ın “Stargate” layihəsinin əsas maliyyələşdiricilərindən biri olan Yaponiyanın “Softbank” şirkəti “OpenAI”-a 40 milyard ABŞ dolları dəyərində əlavə investisiya etmiş, nəticə etibarilə “Microsoft” (ticarət simvolu: MSFT) şirkətini geridə qoyaraq startapa ən çox investisiya etmiş şirkət olmuşdur.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə dərc olunan ABŞ Mərkəzi Bankının idarə heyətinin 10 dekabrda keçirilmiş görüşünün protokoluna əsasən, idarə heyəti üzvləri 2026-cı ildə faiz endirimlərinin səviyyəsini 2025-ci ilin oktyabr ayındakı proqnozlarla müqayisədə daha yüksək görmüşlər. Bu fərq dolların məzənnəsinin aşağı yönümlü hərəkətinə səbəb olsa da, ABŞ-ın əmək bazarının dayanıqlılığı, həftənin sonuna doğru geosiyasi risklərin artması və cari həftə üçün makroiqtisadi göstəricilərə dair investorların nikbin gözləntiləri avronun ABŞ dollarına qarşı məzənnəsinin ötən həftə ərzində zəifləməsinə gətirib çıxarmışdır. Buna baxmayaraq, avro 2025-ci ili ABŞ dollarına qarşı 13,5% artımla başa vurmuşdur.


USD/JPY məzənnəsinin dinamikası


Ötən həftənin bazar ertəsi Yaponiya Mərkəzi Bankının dekabr görüşündə səsləndirilmiş rəylərin xülasəsi dərc olunmuşdur. Xülasəyə əsasən, idarə heyətinin üzvlərinin əksəriyyəti faizlərin 2026-cı ildə də artırılmasını dəstəkləmişdir. Nəticədə, ABŞ-da faizlərin aşağı yönümlü trayektoriyası ilə müqayisədə Yaponiyada faizlərin yuxarı yönümlü proqnozu aradakı gözlənilən fərqi genişləndirmiş və Yaponiya yeni ötən həftənin əvvəlində dəyər qazanmışdır. Buna baxmayaraq, ABŞ-ın əmək bazarındakı risklərin ötən həftə nisbətən səngiməsi, ABŞ-da bu həftə dərc olunacaq makroiqtisadi göstəricilərin isə nikbinliklə gözlənilməsi, əlavə olaraq, ABŞ-ın Venesuelaya müdaxiləsinin ABŞ-ın, və o cümlədən ABŞ dollarının qlobal siyasi arenada gücünü artırması, Yaponiya yeninin qiymətinin ABŞ dollarına qarşı enişi ilə nəticələnmişdir.  Ümumilikdə isə, ABŞ dolları Yaponiya yeninə nəzərən 2025-ci ildə 0,38% dəyər itirmişdir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftə Amerika Birləşmiş Ştatları Venesuela ərazisində hərbi əməliyyat həyata keçirmiş, Venesuela prezidenti Nikolas Maduro saxlanılaraq ölkədən çıxarılmışdır. ABŞ prezidenti Donald Tramp bəyan etmişdir ki, ABŞ-ın iri neft şirkətləri Venesuelanın neft infrastrukturuna investisiya yatıracaq, həm neft hasilatında, həm də əldə olunan gəlirlərdə pay sahibi olacaqlar. Qeyd edək ki, Venesuelada neft hasilatı son onilliklər ərzində əhəmiyyətli dərəcədə azalmışdır. Belə ki, gündəlik neft hasilatı 1970-ci ildə təxminən 3 milyon barel olduğu halda, 2025-ci ildə bu göstərici 1 milyon barel səviyyəsinə enmişdir. Hasilatın bərpası və artırılması istiqamətində planlar mövcud olsa da, bu prosesin uzunmüddətli olacağı gözlənilir. Bununla yanaşı, Donald Trampın Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilədən sonra növbəti potensial hədəflər kimi neft hasilatı ilə məşğul olan digər ölkələri, o cümlədən Meksika, Kolumbiya və İranı qeyd etməsi, eləcə də Venesuelaya tətbiq olunan neft blokadasının davam etdirilməsi qlobal neft bazarlarında qeyri-müəyyənliyi artırmış və geosiyasi risklərin yüksəlməsinə səbəb olmuşdur.


Ötən həftənin sonu OPEC+ beynəlxalq neft təşkilatının görüşündə təşkilat üzvlərinin dünya bazarına xam neft təklifinə 2026-cı ilin birinci rübündə dəyişiklik olmaması qərara alınmış, bu da neftin qlobal bazarda təklifini məhdudlaşdırmışdır.


Amerika Neft İnstitutunun (API) dərc etdiyi məlumata əsasən, 26 dekabr 2025-ci il tarixində bitən həftədə ABŞ-ın xam neft inventarları 1,7 milyon barel həcmində və ardıcıl 2-cü həftədir ki artış göstərmişdir.


Ümumilikdə, son həftə ərzində WTI markalı Amerika xam neftinin 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,02%, Brent markalı Avropa neftinin növbəti ilin mart fyuçerslərinin qiyməti isə 0,85% artmışdır.


Qızılın qiymətinin dinamikası


Ötən həftə ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi bazarlarda geosiyasi riskləri artırsa da, mənfəət realizasiyaları və növbəti il üçün süni intellekt investisiyalarına qarşı nikbinlik, qızılın qiymətinə mənfi təsir etmişdir.


Nəticə olaraq, qızılın 2026-cı ilin fevral ayı üçün olan fyuçerslərinin qiyməti 4,90% azalaraq 4 329,6 ABŞ dollarına çatmışdır.