Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 27 may – 31 may 2024

Kapital bazarları


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


4 iyun 2024-cü il tarixində BFB-də tədavül müddəti 1 il olan diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 50 milyon manat təşkil edəcəkdir.




Korporativ qiymətli kağızlar


27 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Kəpəz” BOKT MMC-nin illik faiz dərəcəsi 14%, nominal dəyəri 1 000 manat, tədavül müddəti 5 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazlarının birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 3 investor iştirak etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 500 min manat təşkil etmişdir.


29 may 2024-cü il tarixində Bakı Fond Birjasında “EKOLİZİNQ”  MMC-nin illik faiz dərəcəsi 10%, nominal dəyəri 1 000 ABŞ dolları, tədavül müddəti 3 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazlarının rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi həyata keçirilmişdir. Hərracda 2 investor iştirak etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 250 min ABŞ dolları təşkil etmişdir.


29 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Express Lombard”  ASC-nin səhmləri “standart bazar” seqmentində şərti-listinqə daxil edilmişdir. Səhmlərin ilkin ticarət qiyməti 200 manat, sayı isə 5 min ədəd təşkil etməkdədir. Qeyd edək ki, səhmlərin yerləşdirilməsi 3-5 iyun tarixlərində abunə yazılışı üsulu ilə həyata keçirləcəkdir.


29 may 2024-cü il tarixində Bakı Fond Birjasında “İNTERNATİONAL LEASİNG”  ASC-nin səhmləri “standart bazar” seqmentində şərti-listinqə daxil edilmişdir. Səhmlərin ilkin ticarət qiyməti 50 manat, sayı isə 20 min ədəd təşkil etməkdədir. Qeyd edək ki, səhmlərin yerləşdirilməsi 30 may - 3iyun tarixlərində abunə yazılışı üsulu ilə həyata keçirləcəkdir.


30 may 2024-cü il tarixində Bakı Fond Birjasında PASHA Yatırım Bankası A.Ş.-nin illik faiz dərəcəsi 6.19%, nominal dəyəri 1 000 ABŞ dolları, tədavül müddəti 18 ay, ödəniş dövrü isə hər 3 aydan bir olan təmin edilməmiş istiqrazlarının abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır. Abunə yazılışında 9 investor iştirak etmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 250 min ABŞ dolları təşkil etmişdir.


31 may 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin illik faiz dərəcəsi 10%, nominal dəyəri 100 manat, ümumi nominal dəyəri 50 milyon manat, tədavül müddəti 1 il, ödəniş dövrü isə hər ayda bir dəfə olan təmin edilməmiş istiqrazları “premium bazar” listinq seqmentinə daxil edilmişdir. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 3-7 iyun 2024-cü il tarixlərində, yerləşdirmə isə 10 iyun 2024-cü il tarixində baş tutacaqdır.

 


ABŞ kapital bazarı


Ötən həftənin ABŞ mərkəzi bankının pul siyasətinə təsir edə biləcək bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. Belə ki, ABŞ iqtisadiyyatının rüblük ümumi daxili məhsul (ÜDM) artımı proqnozlaşdırıldığı kimi 1,3% təşkil etmişdir. Bir rüb əvvələ nisbətən 0,3% azalan ÜDM artımı göstəricisi inflyasiya baxımdan müsbət xəbər olmuşdur. Həmçinin,  ötən həftənin son iş günü açıqlanmış ABŞ-dakı istehlakçılarının  xərclərinin nominal dəyərinin dinamikasını əks etdirən indeks (PCE) aprel ayı üçün ABŞ istehlakçılarının xərclərində 0,2% artım göstərmişdir. Bu göstərici ekspertlərin proqnozlaşdırdığı artımdan 0,1%, əvvəlki ayın göstəricisndən isə 0,4% az olmuşdur. Həftənin bir digər maraq kəsb edən makroiqtisadi xəbəri istehlakçıların iqtisadi artım və infıyasiya üzrə gözləntilərini əks etdirən sorğunun nəticələrinin açıqlanması olmuşdur. Sorğunun nəticələrinə əsasn ABŞ-da istehlakçıların ümumi iqtisadi mühit haqda gözləntilərin əvvəlki aya nisbətən daha müsbət olduğu aşkar edilmişdir. Belə ki, sorğunun nəticələri proqnozlardan 8 bal, əvvəlki ayın göstəricisindən isə 5 bal çox olmaqla 102 bal təşkil etmişdir. Qeyd edək ki, sözügedən sorğunun qiymətləndirilməsi 1985-ci ildə 100 bal başlanğıc qiymətləndirmə olaraq qəbul edilib, hər ay istehlakçıların gözləntilərinin mənfi və ya müsbət olmasından asılı olaraq azalıb və ya artmaqla təyin edilir. Həftə ərzində açıqlanmış makroiqtisadi xəbərlər ümumilikdə ABŞ mərkəzi bankının ölkə iqtisadiyyatında qiymət artımını arzu olunan səviyyədə nəzarətə almaq üçün izlədiyi pul siyasətinin uğurlu davam etdiyinə işarə etməkdədir. Buna baxmayaraq, ABŞ dövlət istiqrazları üzrə keçirilən son hərraclarda uzunmüddətli dövlət istiqrazlarına (7 və 10 il dövriyyə müddəti olan) tələbin təklifi tam qarşılamamsı amili, həmçinin, ABŞ mərkəzi bankı son ildə olduğu kimi təmkinli davranmaqda qərarlılığı, uçot faiz dərəcəsinin sentyabr ayından tez azaldacağına əsas verməməkdədir. Bu xəbərlər fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliyində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.



Son həftə ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində cüzi (0,51%) azalma nümayiş etdirmişdir. Ən çox ucuzlaşma elektronika sənayesi və İKT sektorunu (2,34%) təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Sözügedən sektoru təmsil edən şirkətlərdən ən çox diqqət cəlb edən dəyər itkisi Salesforce (ticarət simvolu:CRM) (13,92%), Adobe (ticarət simvolu:ADBE) (6,45%) ,Broadcom (ticarət simvolu:AVGO) (5,48%) və Microsoft (ticarət simvolu:MSFT) (3,38%) şirkətlərinin səhmlərində müşahidə edilmişdir. Səhm qiymətləri ən çox artan şirkətlər isə energetika sektorunu təmsil edən şirkətlər olmuşdur (2,02%). Bu sektorda diqqət çəkən Exxon Mobil (ticarət simvolu:XOM) (3,45%), Chevron (ticarət simvolu:CVX) (2,02%) və Marathon Oil (ticarət simvolu:MRO) (13,30%) şirkətlərinin səhmlərinin qiymətlərindəki qiymət artımı olmuşdur.



VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Son həftənin ilk günlərində ABŞ-da açlqlanmış istehlakçıların iqtisadi artım və infıyasiya üzrə gözləntilərini əks etdirən sorğunun nəticəsinin gözləniləndən müsbət olması həftənin ilk günlərində ABŞ dollarının avroya qarşı dəyər qazanmasına təkan vermişdir. Lakin, həftənin sonuna doğru ABŞ-da açıqlanmış ÜDM artım tempinin azalması ilə bərabər avro ABŞ dollarına nisbətdə yenidən dəyər qazanmasına başlamışdır. Əlavə olaraq, Avrozonada may ayı üzrə olan istehlak malları qiymətlərinin proqnozlaşdırılandan çox olması ilə artan inflyasiya təzyiqləri və nəticəsində iyun ayında Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsini azaldacağı ehtimalları, ABŞ-da nisbətən səngiyən infıyasiya təzyiqləri ilə parallel avronun həftənin son günlərində dəyər qazanmasına təsir etmişdir. Nəticə etibarı ilə, həftənin sonuna ABŞ dollarının avroya məzənnəsi əvvəlki həftədəki məzənnədən çox fərqlənməmişdir.



USD/JPY məzənnəsinin dinamikası


Son ayda Yaponiya mərkəzi bankı bazara iki dəfə ümumilikdə 62,23 milyard ABŞ dolları ekvivalentində müdaxilə etməsinə baxmayaraq Yapon yeninin ABŞ dollarına son dönəm izlədiyi ucuzlaşma dinamikasını saxlaya bilməmişdir. Ötən həftə də bu tendensiya davam etmişdir. Həftənin ilk günlərindən yen ucuzlaşmağa başlamışdır. Bunun əsas səbəbi ABŞ mərkəzi bankı ilə Yaponiya mərkəzi bankının orta və uzunmüddətli pul siyasətinin fərqlənməsi ilə bərabər iki iqtisadiyyat arasındakı faiz dərəcələri dinamikasındakı fərqlərdir. Həftənin ortasında ABŞ-da açıqlanmış ÜDM artım tempinin azalması nəticəsində yen ABŞ dollarına qarşı günlük olaraq dəyər qazanmağa başlasa da, həftənin sonuna yenə də ucuzlaşmağa davam etmişdir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Son həftə ərzində neftin qiymətində cüzi azalma müşahidə edilmişdir. Dünyanın ən böyük iki neft istehlakçısından biri olan ABŞ-da emal edilmiş neftin inventarının çoxalması ilə bərabər ABŞ-da istehlak xərclərinin azalması dinamikası, neftin qiymətini endirməkdədir. Digər tərəfdən, OPEC+ - un növbəti sammitində neft çıxarma kvotalarında dəyişikliyə getməyəcəyi bazar iştirakçıları arasında ortaq fikir olaraq formalaşmışdır. Ekspertlərin mövcud kvota dərəcələrinin dünyadakı neftə olan tələbatı qarşılamaq üçün kifayət olmadığı rəyi neftin qiymət artımına təkan verən amildir. Nəticə olaraq, WTI markalı Amerika xam neftinin iyul fyuçerslərinin qiyməti həftəlik (0,9%), Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə (0,6%) azalmışdır.


Qızıl qiymətlərinin dinamikası


Qızılın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə (0,5%) azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  2322,90 ABŞ dolları etmişdir. Son dönəm Çində yuanın dəyər itirməsinə əks həmlə olaraq qızıl alışının artması, dünyadakı geosiyasi vəziyyətin qarışıq olması ilə bərabər qızılın qiymətinin artmasına təkan verir. Lakin, ABŞ-da faiz dərəcələrinin hələdə yüksək qalması və son həftədə ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilərinin  mərkəzi bankının izlədiyi pul siyasəti baxımdan müsbət olmasına baxmayaraq uçot faiz dərəcəsini azaltmağa tələsməməsi qızılın qiymətinə mənfi təsir etməkdədir.