Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 15 – 19 iyun 2026-cı il

HƏFTƏNİN XÜLASƏSİ

ABŞ Mərkəzi Bankı faiz dərəcələrini 3,50%–3,75% intervalında sabit saxlamış, yeni sədr Kevin Warsh gözləniləndən daha sərt mövqe nümayiş etdirmişdir. Bu, ABŞ dollarını dəstəkləmiş, EUR/USD məzənnəsində dolların möhkəmlənməsinə, USD/JPY məzənnəsinin isə son iki ilin ən yüksək səviyyələrinə yüksəlməsinə səbəb olmuşdur.


ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması geosiyasi riskləri azaltmış, bunun fonunda ABŞ fond bazarları həftəni yüksəlişlə başa vurmuşdur. S&P 500 0,93%, NASDAQ Composite isə 2,43% artmış, xüsusilə texnologiya və sənaye sektorları müsbət performans göstərmişdir.


ABŞ-İran münasibətlərində gərginliyin azalması və Hörmüz boğazında neft daşımalarının bərpası neft qiymətlərinə təzyiq göstərmiş, Brent və WTI markalı neft fyuçersləri müvafiq olaraq 8,57% və 9,00% ucuzlaşmışdır. Qızıl isə həftə ərzində cüzi artsa da, həftənin makroiqtisadi və geosiyasi hadisələri önümüzdəki dövr ərzində qızılın qiymətinə mənfi təsir edə bilər.

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.



Korporativ qiymətli kağızlar


25 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların yerləşdirilməsi 18 iyun 2026-cı il tarixində həyata keçirilmişdir.


25 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 10%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların yerləşdirilməsi 18 iyun 2026-cı il tarixində həyata keçirilmişdir.


3 aprel 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin nominal dəyəri 55 manat, ümumi buraxılış həcmi isə 51,3 milyon manat olan adlı, adi səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən səhmlərin yerləşdirilməsi 19 iyun 2026-cı il tarixində yekunlaşdırılmışdır.


ABŞ kapital bazarı


17 iyun 2026-cı il tarixində ABŞ Mərkəzi Bankının idarə heyətinin uçot dərəcəsi ilə bağlı görüşündə faiz dəhlizi heyət üzvlərinin yekdil qərarı nəticəsində 3,50% - 3,75% aralığında sabit qalmışdır. İdarə heyətinin yeni sədri olan Kevin Uorş ilk çıxışında sərt pul-kredit siyasəti yönümlü (hawkish) çıxış etmiş, çıxışda yaxın gələcəkdə faizlərin endirilməsinə skeptik yanaşmış, yeni yaradılacaq işçi qruplarının sahələrini (kommunikasiya, mərkəzi bankın balansı, məlumat mənbələri, məhsuldarlıq və əmək bazarı, inflyasiya) elan etmişdir. Uorş heyət üzvlərinin makroiqtisadi proqnozları qrafiklərinə (dot-plot) öz proqnozunu təqdim etməmişdir, bunun əsas səbəbi isə ABŞ mərkəzi bankının istiqamətləndirmədən (guidance) həddən artıq çox istifadə etməsi olmuşdur. Digər üzvlərin proqnozlarına gəldikdə isə, 9 üzvün cari ildə minimum 1 faiz artımı (25 baza bəndi) gözlədiyi görünür. Uorş həmçinin əmək bazarı göstəricilərinin də “düzgün istiqamətdə” olduğunu bildirmişdir.


Kevin Uorş uzun illərdir sərt pul-kredit siyasəti tərəfdarı olmuş, lakin son dövrlərdə süni intellektin yaradacağı məhsuldarlıq sayəsində inflyasiya təzyiqinin azalacağını bildirərək, faizlərin endirilməli olduğunu bildirmiş, bu siyasəti dəstəkləyəcəyi düşünüldüyü üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən mövqeyə seçilmişdir. İnvestorların Uorşdan gözləntisi iqtisadi artımı gücləndirmək üçün inflyasiya göstəricisini aşağı prioritet edərək faizlərin endirilməsi olsa da, Uorşun çıxışı gözləniləndən daha sərt (hawkish) olmuşdur.


Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı göstəricilər də açıqlanmışdır.  İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 13 iyun tarixində bitən həftə üçün düzəlişdən sonra 4 min azalaraq 226 min səviyyəsinə çatmışdır. 6 iyunda bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 24 min artaraq 1,810 milyon nəfərə çatmışdır.


Ötən həftə ərzində qısa və orta müddətli ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliklərində artım, uzunmüddətli istiqrazlarda isə azalma müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ xəzinədarlıq istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,02 faiz bəndi azalaraq 4,46% təşkil etmişdir.




ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması geosiyasi risklərin azalmasına yol açmış, nəticə olaraq əksər fond birjası indeksləri qısaldılmış ticarət həftəsini yüksəlişlə bitirmişdir.




ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,93% artmışdır. Ən çox azalma energetika (6,57%), tikinti və daşınmaz əmlak (3,31%), qida məhsulları və pərakəndə ticarət (2,94%) və səhiyyə (2,87%) sahəsini təmsil edən şirkətlərin səhmlərində, ən çox artım isə elektronika sənayesi və İKT (3,59%) və sənaye istehsalı (2,68%) sahələrini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.


“Fox” (ticarət simvolu: FOX) şirkəti smart televizor platforması “Roku” (ticarət simvolu: ROKU) şirkətini 22 milyard ABŞ dolları dəyərləndirmə ilə satın alacağını açıqlamışdır. Bu dəyərləndirmə, açıqlanma tarixindəki bazar dəyərindən 34% çox olmuş, nəticə olaraq “Fox” səhmlərinin dəyəri 17% azalmışdır.


“Netflix” (ticarət simvolu: NFLX) qeyri-rəsmi mənbələrə görə “Lionsgate Studios” (ticarət simvolu: LION) şirkətini satın almağı planlaşdırır. Studiya “Aclıq Oyunları” və “Con Vik” kimi frençayzların sahibidir və səhmlərinin dəyəri xəbərdən sonra 14%-ə yaxın artmışdır.


“Space Exploration Technologies” (ticarət simvolu: SPCX) şirkəti “Cursor” süni intellekt bazalı kod editorunu 60 milyard ABŞ dollarına satın alacağını açıqlamışdır. Ödənişin tamamilə “SpaceX” səhmləri ilə qarşılanacağı gözlənilir.


“Yum! Brands!” (ticarət simvolu: YUM) şirkəti satış həcmi uzun müddətdir sabit qalmış “Pizza Hut” restoran şəbəkəsini 2,7 milyard ABŞ dollarına satışa çıxardığını, bundan sonra isə daha yüksək böyümə göstəriciləri olan “KFC” və “Taco Bell” şəbəkələrinə fokuslanacağını açıqlamışdır. Çindəki “Pizza Hut” restoranları “Yum China Holdings” (ticarət simvolu: YUMC) tərəfindən 1,2 milyard ABŞ dollara, Çin xaricindəki restoranlar isə “LongRange Capital” özəl kapital şirkəti tərəfindən 1,5 milyard ABŞ dollara satın alınmışdır.


“Allbirds” (ticarət simvolu: BIRD) şirkəti süni intellekt biznesinə keçid fonunda yeni baş icraçı direktor təyin etmiş, şirkətin yeni adı isə “Smartbird” olmuşdur. Şirkətin öncəki fəaliyyəti ayaqqabı satışı idi. Xəbərdən sonra şirkətin səhmlərinin dəyəri 40% artmışdır.


ABŞ Prezidenti Donald Trampın “Apple” (ticarət simvolu: AAPL) şirkətinin dizayn etdiyi mikrosxemlərin “Intel” (ticarət simvolu: INTC) şirkəti vasitəsilə ABŞ daxilində istehsal ediləcəyini açıqlaması ilə “Intel” səhmlərinin dəyəri 10%-ə yaxın artış göstərmişdir.


“Accenture” (ticarət simvolu: ACN) şirkəti öncəki rüb üzrə maliyyə hesabatlarını açıqladıqdan sonra şirkətin səhmlərinin dəyəri 18%, ilin əvvəlindən bəri isə 50% azalmışdır. Şirkətin maliyyə ilinin üçüncü rübü üzrə EPS göstəricisi investor gözləntilərindən yuxarı olsa da, üçüncü rüb gəliri və növbəti rüb üzrə gəlir proqnozu gözləntilərin altında qalmışdır. Əlavə olaraq, süni intellekt ilə bağlı sifarişlərin həcminin ayrıca açıqlanmasının ləğvi və ümumi sifarişlər üzrə proqnoz investorları qane etməmişdir.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması, qlobal geosiyasi risk premiumunu, nəticə olaraq isə uzun müddətdir ABŞ dollarının qiymətini dəstəkləyən “təhlükəsiz liman” tələbatını azaltmışdır. Bununla da avronun dəyəri ABŞ dolları qarşısında çərşənbə gününə qədər artmışdır. Lakin ötən həftənin çərşənbə günü ABŞ mərkəzi bankının faiz qərarı açıqlanmış, qərar investorun gözləntiləri doğrusunda faizlərin sabit qalması olsa da, idarə heyətinin bəyanatı ilə pul-kredit siyasətinin istiqamətinin sərt olacağına dair ehtimallar güclənmiş, idarə heyətinin yarısı cari il ərzində minimum 25 baza bəndi faiz artımı proqnozlaşdırmışdır. ABŞ mərkəzi bankının sərt pul-kredit siyasəti ABŞ dollarının dəyərinin avro qarşısında ötən həftə ərzində artmasına yol açmışdır.



USD/JPY məzənnəsinin dinamikası


Ötən həftə həm Yaponiya mərkəzi bankının idarə heyətinin faiz görüşündə uçot dərəcəsini son 30 ilin ən yüksək həddinə, 1% səviyyəsinə artırılması, həm də ABŞ dollarına olan “təhlükəsiz liman” tələbatının azalması, Yaponiya yeninin qiymətinə müsbət təsir etmişdir. Lakin bu təsirlərin həcmi müvəqqəti və kiçik miqyaslı olmuş, ABŞ mərkəzi bankının faiz dərəcəsi ilə bağlı görüşündən sonrakı bəyənat və idarə heyəti sədrinin çıxışı, ABŞ-da makroiqtisadi siyasətin inflyasiya ilə mübarizə əsasında sərt pul-kredit siyasəti yönümlü olacağına işarə etmiş, nəticədə ABŞ dollarının dəyəri bir sıra valyuta cütlüklərinə, o cümlədən Yaponiya yeninə nəzərən artmışdır. Nəticə olaraq, ABŞ dollarının Yaponiya yeninə məzənnəsi son 2 ilin ən yüksək həddinə çatmışdır.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftə ərzində ABŞ və İran İslam Respublikası arasında anlaşma memorandumu imzalanmış, memoranduma əsasən, Hörmüz boğazından gəmilərin sərbəst keçişinə İran tərəfindən razılıq verilmişdir. Nəticə olaraq, fevral ayından bəri İran körfəzində qalmış gəmilər boğazdan keçişə başlamışdır. Çərşənbə axşamı günü boğazdan 25 gəmi keçmişdir ki, bu da son 2 həftənin ən yüksək göstəricisidir. Qeyd edək ki, müharibədən əvvəl bu göstərici günlük 200 gəmiyə yaxın idi, hal-hazırda isə körfəzdə 160-ı tanker olmaqla 550 ticarət gəmisi boğazdan keçməyi gözləyir. Boğazdan keçən gəmilərin 3-ü İrana məxsus neft tankerləri olmuşdur. Həftə ərzində boğazdan keçən xam neftin həcmi isə 18 milyon barel təşkil etmişdir.


Digər tərəfdən, Rusiya və Ukrayna arasında hərbi münaqişə də davam etmiş, Ukrayna Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən irimiqyaslı neft emalı zavoduna zərbə endirmişdir. Lakin bu xəbərin neft qiymətlərinə təsiri ABŞ-İran münaqişəsinin sonlanması ilə bağlı nikbinlik nəticəsində limitlənmişdir.


Beynəlxalq Enerji Agentliyi iyun ayı üzrə hesabatında 2026-cı il üzrə neft tələbatının yüksək qiymətlər və aşağı əlçatanlıq səbəbilə günlük 1,1 milyon barel azalacağını qeyd etmişdir ki, bu da əvvəlki göstərici olan günlük 420 min bareldən xeyli çoxdur. Agentliyin proqnozuna görə, bu tələbatın bir hissəsi 2027-ci ilə təxirə salınmışdır və nəticə olaraq, 2027-ci ildə xam neftə olan tələbat günlük 2 milyon barel artacaqdır, lakin qlobal xam neft təklifində olan artışın həcmi bundan dörd dəfə çox olmaqla günlük 8 milyon təşkil edəcəkdir.


Beləliklə, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin iyul fyuçerslərinin qiyməti 9,00%, Brent markalı Avropa neftinin avqust fyuçerslərinin qiyməti isə 8,57% azalmışdır.


Qızılın qiymətinin dinamikası


Son dövrlər olduğu kimi, istər makroiqtisadi, istərsə də geosiyasi müstəvidəki qeyri-müəyyənlik qızılın qiymətinə müsbət təsir göstərən amil olmağa davam etmiş, qızılın qiymətini ötən həftənin ortasına qədər dəstəkləmişdir. Lakin ABŞ mərkəzi bankının idarə heyətinin sədrinin çıxışında gözləniləndən daha sərt pul-kredit siyasəti yürüdüləcəyinin işarə olunması səbəbilə artan ABŞ istiqraz gəlirlilikləri qızılın qiymət artımını limitləmiş, həftənin sonuna doğru qızılın dəyərində geriləmə başlamışdır.


Ümumilikdə, həftənin sonuna olan tendensiyaya baxmayaraq, qızılın avqust fyuçerslərinin qiyməti həftəlik 0,17% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  4 245,90 ABŞ dolları təşkil etmişdir.