KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.
Korporativ qiymətli kağızlar
16 aprel 2026-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “BQ” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
ABŞ kapital bazarı
Nyu-York ştatındaki istehsalat şirkətlərinin rəhbərlərinin ümumi iqtisadi fəaliyyət ilə bağlı rəylərinə əsaslanan “New York Empire State” İstehsalat İndeksi 11,0 səviyyəsində açıqlanmışdır ki, bu da gözlənilən iqtisadi daralmadan (-0,2) yüksək olmuşdur.
Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 11 aprel tarixində bitən həftə üçün 11 min azalaraq 207 min səviyyəsinə enmişdir. 4 apreldə bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 31 min artaraq 1,818 milyon nəfərə çatmışdır.
Geridə qoyduğumuz dövr ərzində gəlirlilik əyrisinin 6 aya qədərki tədavül müddətləri üzrə gəlirlilikdə artım, 6 ay və daha çox müddətlər üzrə isə azalma müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi ötən həftəyə nəzərən 0,05 faiz bəndi azalaraq 4,26% təşkil etmişdir.
ABŞ-İran münaqişəsinin səngiməsi və Hörmüz boğazının açılması ilə bağlı xəbərlər, qlobal bazarda risk iştahasını artırmış və səhmlərin dəyərini yüksəltmişdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 3,48% artmışdır. Elektronika sənayesi və İKT (8,22%) sektoru başda olmaqla, əksər sektorlarda artım müşahidə olunmuş, dəyər itkisi əsasən energetika (3,37%) və kommunal xidmətlər (1,70%) şirkətlərinin səhmlərində müşahidə edilmişdir.
Ötən həftə bir sıra maliyyə institutları 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlamış, “Goldman Sachs Group” (ticarət simvolu: GS), “JP Morgan Chase & Co.” (ticarət simvolu: JPM), “Wells Fargo & Company” (ticarət simvolu: WFC), “Citigroup” (ticarət simvolu: C), “Blackrock” (ticarət simvolu: BLK), “Bank of America” (ticarət simvolu: BAC), “Morgan Stanley” (ticarət simvolu: MS), “Charles Schwab Corporation” (ticarət simvolu: SCHW), “Bank of New York Mellon Corporation” (ticarət simvolu: BK), “U.S. Bancorp” (ticarət simvolu: USB), “State Street Corporation” (ticarət simvolu: STT) şirkətlərinin hər biri səhm başına düşən mənfəət göstəricisi (EPS) üzrə gözləntiləri üstələmişdir.
Yarımkeçirici sənayesinin ən əsas iştirakçılarından olan “ASML Holding” (ticarət simvolu: ASML) və “Taiwan Semiconductor Manufacturing Company” (ticarət simvolu: TSM) şirkətləri də maliyyə hesabatlarını açıqlamış, EPS göstəriciləri investorların proqnozlarından daha yuxarı olmuşdur.
14 aprel dünya kvant günündə “NVIDIA” (ticarət simvolu: NVDA) şirkəti “Ising” adlı açıq süni intellekt modelləri qrupunu təqdim etmiş, bu alətlərin kvant kompüterləri üçün kalibrasiya və xətaların aradan qaldırılmasında köməklik göstərəciyini bildirmişdir. Eyni zamanda “IonQ” (ticarət simvolu: IONQ) şirkəti ABŞ Hərbi Hava Qüvvələri, Merilend Universiteti və ABŞ Müharibə Nazirliyinin “DARPA” proqramı ilə kontrakt imzaladığını açıqlamış, şirkətin səhmlərinin dəyəri həftə içi 60%, digər kvant hesablama şirkətləri səhmləri “D-Wave Quantum” (ticarət simvolu: QBTS) 52%, “Quantum Computing” (ticarət simvolu: QUBT) və, “Rigetti Computing” (ticarət simvolu: RGTI) 35% artmışdır.
“Allbirds” (ticarət simvolu: BIRD) ayaqqabı mağazası pərakəndə satış biznesindən süni intellekt infrastrukturu quruculuğuna keçəcəyini və adını “NewBird AI” olaraq dəyişəcəyini açıqlamış, şirkətin səhmlərinin qiyməti xəbərdən sonra 800%-ə yaxın artmışdır.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) terapiya və steroidlərdə istifadə olunan 12 peptidin risk kateqoriyasından (Category 2) çıxarılması ilə bağlı qərarın qəbul edilə biləcəyini vurğulamış, bununla da telesəhiyyə şirkəti “Hims and Hers Health”-in (ticarət simvolu: HIMS) səhmlərinin dəyəri 25%-ə yaxın artmışdır.
“Netflix” (ticarət simvolu: NFLX) şirkəti birinci rüb üzrə maliyyə hesabatına görə, gəlir və mənfəət göstəricilərini üstələmiş, lakin şirkətin qurucusunun Rid Hastinqsin müşahidə şurasından ayrılacağı xəbəri, səhmin dəyərinin 9%-ə yaxın düşməsinə səbəb olmuşdur.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
ABŞ və İran arasında hərbi qarşıdurmanın həftənin əvvəlində səngiməsi, investorların “təhlükəsiz liman” seçimi olan ABŞ dollarına marağı azaltmışdır. Münaqişənin tərəflərinin əlavə 2 həftəlik bir atəşkəsi nəzərdən keçirməsi və ABŞ Prezidenti Donald Trampın həftə ortasında sülhə çox yaxın olunduğunu bildirməsi, investorların dollardan daha riskli aktivlərə keçişinə gətirib çıxarmış, nəticə olaraq, avro həftənin ortasına doğru ABŞ dollarına qarşı dəyər qazanmışdır. Bu artıma ABŞ-ın həftənin sonuna doğru Hörmüz boğazında blokadasını davam etdirmə qərarı mənfi təsir etsə də, avro ötən həftəni ABŞ dollarına qarşı müsbətdə bitirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Fars körfəzi və Yaxın Şərq regionunda davam edən hərbi münaqişənin yaratdığı narahatlıqlar, əvvəlki həftələrdə ABŞ dollarına dəyər qazandırsa da, ötən həftə ərzində risk iştahasının artması və artan məzənnənin fonunda Yaponiya Maliyyə Nazirliyinin xarici valyuta bazarına müdaxilə etmə səlahiyyətinin olduğunu və Yaponiya yeninin həddindən artıq aşağı düşəcəyi təqdirdə müdaxiləni həyata keçirəcəyini bildirməsi, ABŞ dollarının Yaponiya yeni qarşısında volatil hərəkətliliyin müşaiyəti ilə dəyər itirməsinə gətirib çıxarmışdır.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
İnvestor sentimenti ABŞ və İran arasında davam edən münaqişənin yaxın müddətdə bitəcəyi qənaətinə gəlmiş, bu sentiment Yaxın Şərqdə baş verən bir sıra yeniliklər tərəfindən dəstəklənmişdir. İran İslam Respublikasının Xarici İşlər Naziri Abbas Əraqçi danışıqların davam etdiyi müddətdə Hörmüz boğazının bütün gəmilərə açıq olduğunu elan etmiş, İsrail və Livan arasında da 10 günlük atəşkəs imzalanmışdır. Bununla da neftin qiymətindəki geosiyasi risk premiumu ötən həftə ərzində azalmış, ABŞ-ın Rusiya neftinə qoyunan sanksiyaları nisbətən aradan götürməsi də neftin qlobal bazardakı həcminə müsbət təsir göstərmişdir.
Nəticədə, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin may fyuçerslərinin qiyməti 13,17%, Brent markalı Avropa neftinin iyun fyuçerslərinin qiyməti isə 5,06% azalmışdır.
Qızılın qiymətinin dinamikası
Ötən həftə ərzində geosiyasi risk premiumunun azalması, ABŞ-ın əsas bençmark göstəricisi olan uzunmüddətli istiqrazların, xüsusilə də inflyasiya qorumalı istiqrazların (“Treasury Inflation Protected Securities” – “TIPS”) gəlirliliklərində azalma müşahidə edilmiş, bu da qızılın fürsət xərcini azaltmışdır. Əlavə olaraq, artan risk iştahası, investorların yenidən yüksək volatilliyi olan qızıla investisiya etməsinə şərait yaratmışdır.
Nəticədə, qızılın 2026-cı ilin iyun ayı üçün olan fyuçerslərinin qiyməti ötən həftə ərzində 1,93% artaraq 4879,60 ABŞ dollarına çatmışdır.