Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 12 – 16 may 2025-ci il

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Korporativ qiymətli kağızlar


12 may 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “KREDİT EVİ” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 17%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılmasına icazə verilmişdir.  İstiqrazların yerləşdirilməsi 22 may 2025-ci il tarixində rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.


13 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QKBT-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 3 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər 3 aydan bir, tədavül müddəti isə 18 ay olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılmasına icazə verilmişdir.  İstiqrazların yerləşdirilməsi 21 may 2025-ci il tarixində birqiymətlli hərrac üsulu ilə həyata keçiriləcəkdir.


20 may 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT “International” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 250 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə baş tutmuşdur. Yerləşdirmədə 50 investor iştirak etmişdir və hərrac üzrə ortaçəkili gəlirlilik 15% təşkil etmişdir.


22 may 2025-ci il tarixində Bakı Fond Birjasında “International Leasing” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 18%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi həyata keçiriləcəkdir. Yerləşdirmə birqiymətli hərrac üsulu ilə baş tutacaqdır.


29 may 2025-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi buraxılış həcmi 4 milyon ABŞ dolları, illik gəlirlilik faizi 8%, ödəmə tezliyi hər 3 aydan bir, tədavül müddəti isə 6 il olan təmin edilməmiş, subordinasiya edilmiş istiqrazlarının yerləşdirilməsi həyata keçiriləcəkdir. Yerləşdirmə birqiymətli hərrac üsulu ilə baş tutacaqdır.

ABŞ kapital bazarı

Ötən həftə ABŞ-da makroiqtisadi təqvim nisbətən seyrək olsa da, açıqlanmış bir sıra makroiqtisadi göstəricilər diqqət cəlb etmişdir.

Həftənin açıqlanmış ən mühüm makroiqtisadi göstəricisi aprel ayını əhatə edən istehlak qiymətləri indeksi (CPI) olmuşdur. Volatil olan qıda məhsulları qiymətləri və enerji xərcləri xaric baza istehlak qiymətləri indeksi 2025-ci ilin aprel ayı üzrə aylıq miqyasda ekspertlərin proqnozlarından 0,1 faiz bəndi az və əvvəlki ayın analoji göstəricisini 0,1 faiz bəndi çox olmaqla 0,3% artım nümayiş etdirmişdir. Sözügedən göstərici illik miqyasda isə 2,8% artımışdır ki, bu da həm ekspertlərin proqnozları ilə, həm də əvvəlki ayın analoji göstəricisi ilə eyni olmuşdur. 2025-ci ilin aprel ayı üzrə ümumi istehlak qiymətləri indeksi göstəricisi üzrə artım da aylıq və illik miqyasda ekspertlərin proqnoz etdiyindən 0,1 faiz bəndi az olmuşdur. Belə ki, aylıq miqyasda qeyd olunan göstərici əvvəlki ayın analoji göstəricisini 0,3 faiz bəndi üstələyərək 0,2% artım nümayiş etdirmişdir. İllik miqyasda isə cari ilin aprel ayı üzrə istehlak qiymətləri indeksi 2,3% artmışdır ki, bu da əvvəlki ay üçün olan analoji göstərici ilə eyni olmuşdur.


Ötən həftənin bir digər maraq kəsb edən makroiqtisadi göstəricisi həftənin sonuna doğru açıqlanan Miçiqan Universiteti tərəfindən keçirilən və cari ilin may ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun ilkin nəticələri olmuşdur. Sözügedən sorğunun nəticəsi 50,8 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 2,6 bənd, əvvəlki ayın göstəricisindən isə 1,4 bənd az olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi nə qədər çox olsa, ABŞ istehlakçılarının ölkədəki iqtisadi mühit haqda düşüncələri və yaxın gələcəyə dair iqtisadi gözləntiləri bir o qədər müsbət olur. Qeyd olunan makroiqtisadi göstəricinin nəticəsindən görünən odur ki, yeni ABŞ prezident administrasiyasının tarif siyasəti istehlakçılarda ABŞ iqtisadiyyatının yaxın gələcəkdəki artım tempi barədə müəyyən suallar yaratmışdır.


ABŞ dövlət istiqrazıarının gəlirlilikləri son həftə ərzində nisbətən volatil olmuşdur. Makroiqtisadi göstəricilər və ABŞ hökumətinin tarif siyasəti ilə bərabər ABŞ dövlət istiqrazlarının gəlirliliklərinə təsir edən bir başqa amil beynəlxalq reytinq agentliyi “Moody’s” tərəfindən ABŞ-ın kredit reytinqinin “Aaa”-dan “”Aa1” endirməsi olmuşdur. Agentlik bu qərarını ABŞ-ın federal borcunun və davamlı şəkildə büdcə kəsirinin artması ilə əsaslandırmışdır. Nəticə olaraq, investorlar tərəfindən ABŞ dövlət istiqrazlarının satışı artmışdır. Beləliklə də, ötən həftə ABŞ dövlət istiqrazlarının gəlirliliklərində artım müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna 0,06 faiz bəndi artaraq 4,43% təşkil etmişdir.



Ümumilikdə, son həftə ABŞ kapital bazarına müsbət təsiri baxımdan ən güclü amil əvvəlki həftənin sonu İsveçrədə ABŞ və Çin hökumətlərinin rəsmiləri arasında başlamış tarif siyasəti üzrə danışıqlar olmuşdur. Belə ki, ABŞ və Çin nümayəndələrinin ilkin razılaşmasına əsasən iki ölkə arasında əksər tariflər 90 günlük dondurulmuşdur. Beləliklə də, ABŞ-a idxal olunan Çin istehsalı əksər məhsullar üçün tariflər 145%-dən 30%-ə, Çinin ABŞ-dan idxal etdiyi məhsullara tətbiq etdiyi tariflər isə 125%-dən 10%-dək endirilmişdir. Qeyd etmək lazımdır ki, dünyanın ən böyük iki iqtisadiyyatı arasında tariflərin azalması, habelə, ABŞ və Çin rəsmilərinin danışıqları davam etdirməyə qərarlı olması investorlar tərəfindən olduqca müsbət qarşılanmışdır. Əlavə olaraq, ABŞ və Səudiyyə Ərəbistani arasında yüksək texnoloji mikrosxemlərin satışı ilə bağlı əldə edilmiş razılaşma da ABŞ kapital bazarına müsbət təsir etmişdir. ABŞ prezident administrasiyasının ötən həftə ərzindəki tarif ritorikası və Çin ilə tariflər üzrə danışıqların başlaması ABŞ-da aparıcı fond bazarı indekslərinin hamısının artmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, xüsusilə texnologiya və İKT sahəsini təmsil edən şirkətlərin və  artım şirkətlərinin səhmlərinin dəyəri daha çox yüksəlmişdir.



ABŞ-ın ən böyük fond bazarı indeksi “S&P 500” son həftə ərzində 5,27% artmışdır. Qeyd etmək lazımdır ki, indeksi təşkil edən bütün sektorlarda artım müşahidə edilmişdir. Ən çox dəyər qazanan elektronika sənayesi və İKT (7,95%), məişət malları və əhali üçün xidmətlər (7,54%), sənaye istehsalı (5,64%) sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşdur.




VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftənin əvvəli ABŞ və Çin nümayəndələri arasında tariflər üzrə danışıqların başlanması ABŞ dollarının avroya nisbətdə dəyər qazanmağına səbəb olmuşdur. Lakin, həftə ərzində ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər, habelə, Avrozonada sənaye istehsalı həcminin 2 illik tənəzzüldən sonra artım nümayiş etdirməsi avronun ABŞ dollarına qarşı dəyər qazanmasına səbəb olmuşdur. ABŞ kredit reytinqinin “Moody’s” tərəfindən endirilməsi fonunda investorların ABŞ dövlət istiqrazlarının satışını artırması amili də ABŞ dollarının avroya olan məzənnəsinə təzyiq göstərmişdir. Nəticə etibarı ilə, həftənin əvvəli ABŞ hökumətinin tarif siyasəti barədə müsbət işarələr verməsi fonunda ABŞ dollarının avroya qarşı dəyər qazanmasına baxmayaraq, həftənin sonuna doğru avro ABŞ dollarına nisbətdə yenidən dəyər qazanmağa başlamışdır.




USD/JPY məzənnəsinin dinamikası

Ötən həftənin ilk günün ABŞ və Çin arasındakı tarif danışıqlarını müsbət təsiri nəticəsində ABŞ dolları Yaponiya yeninə qarşı dəyər qazanmışdır. Belə ki, 1 ABŞ dollarının dəyəri 145,37 Yaponiya yenindən 148,46 Yaponiya yeninədək artmışdır.Buna baxmayaraq, həftənin davamında ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilər fonunda ABŞ dolları Yaponiya yeninə qarşı dəyər itirməyə başlamışdır. Lakin, həftənin sonuna doğru Yaponiyada açıqlanmış rüblük ÜDM göstəricisinə əsasən Yaponiya iqtisadiyyatı cari ilin ilk rübündə illik miqyasda 0,7% kiçilməsi açıqlanmışdır. Ekspertlərin 0,3 faiz azalma proqnoz etməsini, habelə, əvvəlki rübün göstəricisinin 2,4% artım olmasını nəzərə alsaq, sözügedən göstərici investorlar tərəfindən birmənalı qarşılannmamışdır. Nəticə olaraq, Yaponiya yeninin ABŞ dollarına qarşı olan dəyər artımı bitmişdir. Ümumilikdə, bir həftə əvvəl ilə müqayisədə Yaponiya yeni ABŞ dollarına nisbətdə cüzi dəyər itirmişdir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


ABŞ hökuməti tərəfindən həyata keçirilən tarif siyasəti və OPEC+-un neft hasilatını artırma planları son dövrdə olduğu kimi ötən həftə də neftin dəyərinə təzyiq göstərmişdir. Digər tərəfdən isə Yaxın Şərqdəki geosiyasi vəziyyətin səngiməməsi neftə olan tələbin azalacağı proqnozlarına baxmayaraq neftin dünya bazarındakı qiymətinin daha da enməsininin qarşısını almaqdadır. Son həftənin əvvəlinə ABŞ və Çin arasında əksər tariflərin 90 günlük dondurulması, tariflər üzrə danışıqların başlanması dünyanın ən böyük iki neft istehlakçısı olan ABŞ və Çin iqtisadiyyatında neftə olan tələbin arta biləcəyinə işarə versə də, bazarda neftin təklifinin çox olması, habelə, yaxın gələcəkdə ABŞ və İran arasında razılaşma əldə edilmə ehtimalının artması neftin dəyərinin tutarlı atmasına maneə olmuşdur. Buna baxmayaraq, ümumilikdə, ABŞ və Çin arasında tariflər üzrə danışıqların başlaması neftin dünya bazarındakı qiymətinə müsbət təsir etmişdir. Nəticə olaraq, son həftə Amerika xam neftinin iyun fyuçerslərinin qiyməti 2,41%, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 2,35% artmışdır.




Qızıl qiymətlərinin dinamikası


Son həftə dünya bazarında qızılın dəyəri azalmışdır. Bunun əsas səbəbi ABŞ və Çin arasında tariflər üzrə danışıqların başlaması olmuşdur. Son dövrdə dünyadakı geosiyasi vəziyyətin gərgin olması qızılın qiymətinə müsbət təsir etsə də, ötən həftə ABŞ hökumətinin əsas ticarət tərəfdaşları ilə tariflər üzrə razılaşma əldə edilməsi istiqamətində müəyyən müsbət işarələr verməsi fonunda investorlar tərəfindən fond bazarlarına marağı artırmışdır. Nəticə olaraq, faiz gəliri gətirməyən qızıla olan tələb nisbətən azalmışdır. Ümumilikdə, ötən bir aylıq dövrdə qızılın iyun fyuçerslərinin qiyməti 4,69% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  3 187,20 ABŞ dolları təşkil etmişdir.