Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 11 – 15 may 2026-cı il

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.



Korporativ qiymətli kağızlar


12 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 3 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların hərracı 15 may tarixində yekunlaşmışdır.


12 may tarixində “Paşa Bank” ASC tərəfindən həyata keçirilən İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin abunə yazılışı 12 iyun 2026-cı il tarixinə qədər uzadılmışdır.


23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların yerləşdirilməsi 13 may tarixində yekunlaşmışdır.


23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 10%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların yerləşdirilməsi 13 may tarixində yekunlaşmışdır.


8 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 18%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 3 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Sözügedən istiqrazların hərracı 13 may tarixində yekunlaşmışdır.


ABŞ kapital bazarı


ABŞ prezidenti Donald Tramp və ÇXR prezidenti Si Tsinpin 14-15 may tarixində Pekində görüşmüş, bu görüşlərə bir sıra ABŞ şirkətlərinin rəhbərləri də qoşulmuşdur. Görüşün əsas məqsədi İran və Tayvan adası (Çin Respublikası) ilə bağlı məsələlərə, nadir torpaq metallarının satışına aydınlıq gətirmək, ABŞ-ın kənd təsərrüfatı məhsullarının Çinə satışını artırmaq və ABŞ şirkətlərinin dizayn etdiyi qabaqcıl süni intellekt mikrosxemlərinin Çinə satışına icazə ilə bağlı razılığa gəlmək olmuşdur.


Görüşlərin nəticəsi olaraq, ABŞ tərəfi Çinin Hörmüz boğazının açılmasına dəstək göstərəcəyini, kənd təsərrüfatı məhsullarının alışını artıracağı və 200 “Boeing” təyyarəsi satın alacağını açıqlamışdır. Çin tərəfi isə ABŞ-ın nadir torpaq metalları ilə bağlı narahatlıqlarının aradan qaldırılacağını bildirmişdir. Tayvan ilə bağlı müzakirələr nəticəsiz qalmış, “NVIDIA”-nın əvvəlki nəsil (“Hopper”) H200 GPU-larının 10 Çin şirkətinə satışına isə yenidən icazə verilmişdir.


12 mayda ABŞ Əmək Statistikası Bürosu tərəfindən yayımlanan istehlakçı qiymət indeksinin (CPI) illik miqyasda dəyişimi aprel ayında 3,8%, volatil qida və enerji qiymətləri istisna olunan baza istehlakçı qiymət indeksi (core CPI) isə 2,7% səviyyəsinə qalxmışdır. Göstəricilərin hər ikisi gözləntilərdən 0,1 faiz bəndi yüksək olmuşdur. Qiymət dəyişimindəki mənzərəni istehsalçı qiymət indeksi (PPI) tamamlamış, illik miqyasda baxdıqda göstərici 6% bəndinə yüksəlmişdir. Artımın ən böyük komponenti martda 10,1%, apreldə isə 7,8% yüksələn enerji qiymətləri olmuşdur.


Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 9 may tarixində bitən həftə üçün düzəlişdən sonra 12 min artaraq 211 min səviyyəsinə çatmışdır. 2 mayda bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 24 min artaraq 1,782 milyon nəfərə çatmışdır.


Həm inflyasiya, həm də işsizliyin aşağı hədlərdən yuxarı yönəldiyi bir dövrdə ABŞ Mərkəzi Bankının yeni sədri Kevin Uarşın önündə faizləri endirmək və artırmaq arasında dilemma durur. Uarşın tarixi mövqeyi sərt pul-kredit siyasəti (“hawkish”) olsa da, son dövrlərdə o, süni intellektin yaratdığı yüksək məhsuldarlığın inflyasiyanı aradan qaldıracağını bildirmiş, bununla da onun Mərkəzi Bankın sədri olduğu dövrdə bu qurumun aşağı faiz tərəfdarı olan ABŞ prezidenti Donald Trampın təzyiqindən nə qədər müstəqil olacağı ilə bağlı suallar yaranır.


Uarşın seçilməsi ABŞ Senatında 54-45 səsvermə ilə təsdiqlənmişdir və onun növbəti 4 il ərzində ABŞ Mərkəzi Bankını idarə etməsi gözlənilir. Uarşın ilk faiz qərarı görüşü 16-17 iyun tarixində keçiriləcək.


Geridə qoyduğumuz həftə ərzində ABŞ dövlət xəzinədarlıq istiqrazlarının gəlirlilik əyrisinin demək olar ki, bütün nöqtələri üzrə artım müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi ötən həftəyə nəzərən 0,21 faiz bəndi artaraq 4,59% təşkil etmişdir.



Ötən həftə ərzində yüksək neft qiymətləri və artan inflyasiya narahatlıqları fond bazarı indeks səviyyələrinin enməsinə səbəb olmuşdur.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,13% artmışdır. Energetika (6,71%) ən çox artan sahə olmuş, dəyər itkisi isə əsasən məişət malları və əhali üçün xidmətlər (3,05%), tikinti və daşınmaz əmlak (2,66%) və mədənçıxarma və xammal sənayesi (2,50%) şirkətlərinin səhmlərində müşahidə edilmişdir.



Ötən həftə ABŞ kapital bazarlarında ən maraqlı xəbər “Cerebras Systems” (ticarət simvolu: CBRS) şirkətinin ilkin kütləvi təklifi (IPO) olmuşdur. Şirkətin listinqi üçün abunə yazılışında tələb təklifi 25 dəfə üstələmiş, səhm ilk günündə 70% dəyər qazanmışdır. Şirkətin əsas məhsulu silikon lövhələri digər şirkətlər kimi çoxlu mikrosxemə bölmək yerinə onu bütöv bir mikrosxem kimi təqdim etməsidir. Bununla da xüsusi şəbəkələşməyə ehtiyac qalmır və məlumat daha sürətli hərəkət edir. Digər şirkətlərin bunu etməməsinin səbəbi, kiçik bir qüsurun bölünməmiş lövhəni tam yararsız hala gətirməsidir.


“Space Exploration Technologies” şirkəti 12 iyunda “Nasdaq” birjasında IPO-ya hazırlaşır. Şirkət 1,75 trilyon ABŞ dolları dəyərləndirmə ilə 75 milyard ABŞ dolları kapital cəlb etməyi hədəfləyir.


“Consenys”, “Ledger” və “Kraken” kimi kriptovalyuta sahəsində fəaliyyət göstərən şirkətlər isə qeyri-rəsmi məlumatlara görə investor marağının süni intellektə fokuslanmasına görə IPO planlarını təxirə salır.


“Lumentum Holdings” (ticarət simvolu: LITE) şirkətinin səhmləri “Nasdaq-100” indeksinə əlavə olunması ilə 15%-ə yaxın yüksəlmişdir.


“AST SpaceMobile” (ticarət simvolu: ASTS) şirkətinin birinci rüb hesabatları investor gözləntilərini qarşılamamış, gəlirlər 39 milyon ABŞ dolları gözləntiyə qarşı 15 milyon olmuşdur. Şirkətin ötən aykı uğursuz peyk buraxılışı isə hələ də buraxılış planlarının qarşılanmayacağı narahatlıqlarını qoruyur. Nəticə olaraq, şirkətin səhmləri hesabatlardan sonra 12% dəyər itirmişdir.


Ötən həftə kvant hesablama şirkətləri, o cümlədən “IonQ” (ticarət simvolu: IONQ), “Quantum Computing” (ticarət simvolu: QUBT) və “Rigetti Computing” (ticarət simvolu: RGTI) şirkətləri birinci rüb hesabatlarında gəlirlərin artdığını göstərmiş, “D-Wave Quantum” (ticarət simvolu: QBTS) səhmləri isə gəlirlərin azalması ilə 4% dəyər itirmişdir.


“Nebius Group” (ticarət simvolu: NBIS) şirkəti birinci rüb hesabatında gəlirlərin illik 684% artdığını bildirmiş, bu da investorların gözləntilərini üstələmişdir. Nəticə olaraq şirkətin səhmləri 15%-ə yaxın artmışdır.


“Tower Semiconductor” (ticarət simvolu: TSEM) şirkətinin gəlir və menecmentin ikinci rüb üzrə proqnoz göstəriciləri də investor gözləntilərini üstələmiş, şirkət əlavə olaraq 1,3 milyard ABŞ dolları dəyərində yeni kontrakt imzaladığını açıqlamışdır. Şirkətin səhmlərinin dəyəri hesabatdan sonra 22% artmışdır.


“Ford Motor” (ticarət simvolu: F) şirkətinin səhmləri şirkətin birinci rüb hesabatında batareya sistemlərinin hipermiqyaslı şirkətlərə satılmağa uyğun olmasını bildirməsindən sonra 13%-ə yaxın artmışdır.


“Cisco Systems” (ticarət simvolu: CSCO) şirkəti müsbət hesabatlardan sonra 17% artmışdır. Bunun əsas səbəbi, şirkətin süni intellekt məlumat mərkəzləri üçün şəbəkələşmə məhsullarına tələbin artmasıdır.


“Alibaba Group Holding” (ticarət simvolu: BABA) şirkətinin səhmlərinin qiyməti bulud xidmətləri üzrə gəlirlərinin və marjanın artması səbəbilə 8 faizə yaxın artmışdır.


“Figma” (ticarət simvolu: FIG) şirkətinin hesabatlarının investor gözləntilərini üstələməsi ilə şirkətin səhmləri 13% artmış, investorların “SaaS apocalypse” narahatlıqları nisbətən azalmışdır.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası

Ötən həftə ərzində ABŞ prezidenti Donald Trampın “Hörmüz boğazının açılmasına ABŞ-ın ehtiyacının olmadığını” bildirməsi üzərinə qlobal enerji qiymətlərindəki yüksək qiymətlərin gözləniləndən daha uzun müddət davam edəcəyi proqnozları, müharibə müddəti ərzində neft ixracını artıran ABŞ-ın valyutası dollar ilə müqayisədə neft və neft məhsullarını əsasən idxal edən Avrozonanın valyutası avronun dəyəri azalmışdır. Latviya Mərkəzi Bankı sədri Martins Kazaks da Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizə üçün faizləri yüksəldə biləcəyi ehtimalını təsdiqləmişdir. Nəticədə ABŞ-a nisbətdə ÜDM böyüməsi fərqinin artması gözləntiləri avronun dollar qarşısında dəyərinin daha da azalmasına səbəb olmuşdur.



USD/JPY məzənnəsinin dinamikası


Ötən həftə ərzində Yaponiya yeni ardıcıl 5 gün ABŞ dollarına qarşı dəyər itkisi ilə üzləşmiş, ABŞ və İran arasında hələ də sülh imzalanmaması, Yaponiyanın Yaxın Şərqdən xüsusilə asılı olan enerji təchizatının daha da həssas bir mövqeyə gəlməsinə şərait yaranmışdır. Lakin Yapon hökuməti rəsmilərinin hökumətin valyuta bazarına neçə dəfə müdaxilə edəcəyi ilə bağlı limit olmadığına dair açıqlamalar etməsi, Yaponiya Maliyyə Nazirliyinin məzənnənin yenidən 1 ABŞ dollarına qarşı 160 Yaponiya yeni səviyyəsinə gəldiyi təqdirdə bazara müdaxilə edəcəyi ilə bağlı gözləntilər yaratmışdır. Bu gözləntilərə ABŞ Xəzinədarlıq Departamentinin sədri Skot Bessentin Yaponiya yeninin stabilləşməsi yönündə dəstəyi də təkan vermişdir, beləliklə investorlar növbəti həftələrdə bir, hətta iki tərəfli müdaxiləni gözardı etmir.



ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftə ərzində neftin dünya bazarındakı qiyməti artmağa davam etmişdir. Dünyanın ən vacib neft tədarükü arteriyası olan Hörmüz boğazı ətrafında geosiyasi gərginliyin səngiməməsi neftin dəyərinin artmasına təkan vermişdir. Belə ki,  həftə ərzində ABŞ və İran arasında Hörmüz boğazında gəmiçilik hərəkətinin bərpası üzrə heç bir razılaşma əldə edilməmişdir və görünən odur ki, tərəflərin mövqeləri arasında kifayət qədər məsafə var.  Əlavə olaraq, ötən həftə Beynəlxalq Enerji Agentliyi (IEA) bildirmişdir ki, mart və aprel ayında Hörmüz boğazı vasitəsilə xam neft və neft məhsullarının daşımaları təxminən 4 milyon barel azalmışdır. Agentlik həmçinin qeyd etmişdir ki, münaqişə yaxın aylarda həllini tapsa belə, qlobal neft bazarında təklif çatışmazlığı oktyabr ayına qədər davam edə bilər.


Nəticədə, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 10,48%, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 7,87% artmışdır.

Qızılın qiymətinin dinamikası

Ötən həftə ərzində ABŞ-dakı CPI və PPI inflyasiya indekslərinin ardıcıl 2-ci aydır ki, kəskin yüksəlişi və enerji qiymətlərinin yaxın müddətdə azalıb-azalmayacağının qeyri müəyyənliyi dünya mərkəzi banklarının faiz trayektoriyasını yuxarı doğru istiqamətləndirmiş, ABŞ dolları və ABŞ Xəzinədarlıq İstiqrazlarının dəyərlərindəki artışlar, qızılın fürsət xərcini yüksəltmişdir. Bu fürsət xərcinə inflyasiya gözləntilərinin yaratdığı nominal faiz artışlarına əlavə olaraq, ABŞ İnflyasiya Qorumalı Xəzinədarlıq İstiqrazlarının (TIPS) gəlirliliklərinin, yəni real gəlirliliyin də artışı təkan vermişdir.

Nəticədə, qızılın 2026-cı ilin iyun ayı üçün olan fyuçerslərinin qiyməti ötən həftə ərzində 3,57% azalaraq 4 561,90 ABŞ dollarına çatmışdır.