KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.
Korporativ qiymətli kağızlar
1 may 2026-cı il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital" QSC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 14%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABŞ kapital bazarı
ABŞ Mərkəzi Bankının idarə heyətinin 29 apreldəki iclasında uçot dərəcəsi sabit saxlanmışdır. Lakin bu qərara 12 nəfərdən 4-ü etiraz etmişdir. Etirazlardan üçü ABŞ Mərkəzi Bankının regional idarəçiliklərinin sədrləri Bet Hamak, Nil Kaşkari və Lori Loqan tərəfindən, iclas sonrası konfrans görüşünün mətninə olmuş, “uçot dərəsində lazımi düzəlişlərin davam etdirilməsi” ilə bağlı cümlə regional sədrlər tərəfindən uçot dərəcəsinin yaxın müddətdə də aşağı endiriləcəyi ilə bağlı investorlara siqnal kimi qarşılanmışdır. Digər bir etiraz isə Stefen Miranın 6-cı ardıcıl iclasdır ki, ortaq qərardan 25 baza nöqtəsi əlavə yumşalma üzrə səs verməsidir. Nəticədə yaranmış 4 etiraz, 1992-ci ildən bəri idarə heyəti iclaslarında yaranmış ən böyük qarşıdurmadır.
Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 25 aprel tarixində bitən həftə üçün düzəlişdən sonra 36 min azalaraq 189 min səviyyəsinə çatmışdır. 18 apreldə bitən həftədə işsizlik müavinəti alanların sayı isə düzəlişdən sonra 23 min azalaraq 1,785 milyon nəfərə çatmışdır.
Geridə qoyduğumuz həftə ərzində ABŞ dövlət xəzinədarlıq istiqrazlarının gəlirlilik əyrisinin demək olar ki, bütün nöqtələri üzrə artım müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi ötən həftəyə nəzərən 0,08 faiz bəndi artaraq 4,39% təşkil etmişdir.
Ötən həftə ərzində ABŞ-İran münaqişəsində aktivliyin yenidən artması və bəzi ABŞ Mərkəzi Bankı idarə heyəti üzvlərinin gözlənilməz sərt pul-kredit siyasəti (hawkish) tonu, ABŞ fond bazarlarındakı artımın qarşısını ala bilməmişdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,91% artmışdır. Energetika (3,48%) ən çox artan sahə olmuş, dəyər itkisi isə yalnız mədənçıxarma və xammal sənayesi (1,10%) və məişət malları və əhali üçün xidmətlər (0,05%) şirkətlərinin səhmlərində müşahidə edilmişdir.
Ötən həftənin ən gözlənilən xəbərləri, qeyri-rəsmi olaraq “Big Tech” adlanan şirkətlər qrupuna daxil olan şirkətlərin 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatları olmuşdur. İnvestorların əsas gözləntiləri, kapital xərclərinin hansı səviyyədə olduğunu və bu xərclərin gələcək gəlirlərə necə yansıdığını görmək olmuşdur.
“Amazon.com” (ticarət simvolu: AMZN) şirkəti 181,5 milyard ABŞ dolları dəyərində satış (gözlənti 177,2 milyard), bulud xidməti “Amazon Web Services”-də isə illik miqyasda 28% böyümə açıqlamışdır. Şirkətin həmçinin OpenAI və Anthropic süni intellekt laboratoriyalarındakı payları da əhəmiyyətli dərəcədə dəyərlənmişdir. “Amazon” şirkətinin səhmlərinin dəyəri ötən həftədə 1,62% artmışdır. Əlavə olaraq, şirkətin 200 milyard ABŞ dolları dəyərindəki kapital xərcləri hədəfi sabit qalmışdır.
“Alphabet” (ticarət simvolu: GOOGL) səhmləri hesabatdan sonra 10% artmış, bunun da əsas səbəbi “Google Cloud Services”-in 63% böyüyərək 20 milyard və “digər gəlirlərin” (investisiyaların) 37 milyard ABŞ dolları gəlirə çatması olmuşdur. Şirkət kapital xərcləri hədəfini 190 milyard ABŞ dolları həcminə artırmışdır.
“Microsoft” (ticarət simvolu: MSFT) şirkətinin bulud xidməti “Microsoft Azure”-un gəliri illik 39% artmış, lakin rəqibi “Google Cloud”-un daha çox böyüməsi ilə şirkətin səhmləri 2%-ə yaxın dəyər itirmişdir. “Microsoft”-un kapital xərclərinin 2026-cı ildə 190 milyard ABŞ dolları olacağı gözlənilir.
“Meta Platforms” (ticarət simvolu: META) şirkəti satış və xalis mənfəət göstəricilərinə görə investor gözləntilərini üstələmiş, lakin aktiv istifadəçi sayının azalması, kapital xərcləri planlarının 20 milyard ABŞ dolları dəyərində, 145 milyard ABŞ dollarına artması, bu artıma baxmayaraq şirkətin süni intellekt məhsullarının rəqiblərdən geridə qalması və martdakı məhkəmə qərarına görə sosial şəbəkə aludəçiliyinə görə şirkətin milyonlar, gələcəkdəki oxşar məhkəmələrə görə isə milyardlar ödəməli olacağı ilə bağlı narahatlıqlar, şirkətin səhmlərinin dəyərinin hesabatdan sonra 10%-ə yaxın dəyər itirmişdir.
Bu şirkətlərin əksinə olaraq, “Apple” (ticarət simvolu: AAPL) kapital xərclərini ötən ilki 3 milyard ABŞ dolları həcmindən 1,9 milyarda endirmişdir. Gəlirlərin gözləniləndən artıq olması ilə şirkətin səhmləri hesabatlardan sonra 4% artmışdır.
“NVIDIA” (ticarət simvolu: NVDA) şirkəti maliyyə hesabatlarını açıqlamasa da, hipermiqyaslı məlumat mərkəzi şirkətlərinin hər birinin öz süni intellekt GPU və CPU-larından istifadəni artırması (Amazon – Trinium və Graviton, Google – TPU və Axion, Microsoft – Maia və Cobalt, Meta – MTIA) və bulud xidmətlərində digər müştərilərə də bu məhsulları təqdim etməsi, “NVIDIA” məhsullarına olan tələbin azalacağı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirmiş, nəticə olaraq “NVIDIA” səhmləri ötən həftə 5%-ə yaxın dəyər itirmişdir.
“POET Technologies”-in (ticarət simvolu: POET) baş icraçı direktorunun “Marvell Technology” (ticarət simvolu: MRVL) şirkəti ilə kontraktın gizlilik razılaşmasını pozması ilə sözügedən kontrakt ləğv edilmiş, şirkətin səhmləri ötən bazar ertəsi günü 47% dəyər itkisi yaşamışdır.
“Spirit Aviation Holdings” (ticarət simvolu: FLYYQ) şirkəti maliyyə vəziyyətinin çıxılmaz olduğunu və mayın 31-də “Spirit Airlines”-ın bağlanacağı açıqlanmışdır.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə açıqlanmış Avrozona iqtisadiyyatındakı inflyasiyanın (istehsalçı qiymət indeksi – CPI) ötən aydan 0,4 faiz bəndi artaraq 3% səviyyəsinə çatması, investorlarda narahatlıq yaratmış, oxşar şəkildə Avrozona istehlakçılarının iqtisadiyyata inam indeksi də 2020-ci ildən bəri ən aşağı həddinə geriləmişdir.
Avropa Mərkəzi Bankı Avrozona üzrə uçot dərəcəsini 2% səviyyəsində sabit saxlamışdır. Lakin idarə heyəti rəsmiləri Yaxın Şərqdə davam edən münaqişənin iqtisadiyyata yaratdığı riskləri artırdığını və idarə heyətinin faizləri artırmaqla bağlı “uzun və dərin müzakirə apardığını” qeyd etmiş, faizlərin artacağı gözləntiləri avronun ABŞ dollarına qarşı olan mövqeyini yenidən qazanmasına səbəb olmuşdur.
USD/JPY məzənnəsinin dinamikası
Əvvəlki həftələrdə Yaponiyanın Maliyyə Naziri Satsuki Katayamanın “vaxtının yaxınlaşdığını” qeyd etdiyi valyuta bazarına müdaxilə həmləsi ötən həftə gerçəkləşdirilmiş, cümə axşamı günü Yaponiya yeni 3% dəyər qazanmışdır. Rəsmi olaraq açıqlama edilməsə də, investorlar bu böyük həcmli yen alışını və ABŞ dollarının satışını Yaponiya dövlətinin müdaxiləsi ilə əlaqələndirir. Əlavə olaraq, Yaponiya yeninin yüksəlişinə Yaponiya Mərkəzi Bankının faizləri sabit saxlasa da, 9 idarə heyəti üzvündən üçünün artım yönümlü səs verməsi olmuşdur.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
OPEC təşkilatının üçüncü ən çox neft hasil edən üzvü Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ötən həftənin çərşənbə axşamı günü OPEC təşkilatından çıxdığını və may ayında bazarın tələbini qarşılamaq üçün hasilatı artıracağını açıqlamışdır. Bazar günü OPEC təşkilatı üzvləri də iyundakı hasilatı günlük 188 min barel artırmaq qərarına gəlmiş olsalar da, Hörmüz boğazının bağlı qalması bu artımların neft qiymətlərinə təsirini ləngidir.
Neft qiymətlərinə təsir edən əsas amil isə İranın hələ də boğazı bağlı saxlaması, ABŞ-ın isə körfəzdəki İran neftini blokadada saxlamasıdır. İranın körfəzdəki nefti ixrac etməsi əksərən dayanmış (1,8 milyon bareldən 567 min barelə enmiş), limanlardakı neft anbarları dolmuş olsa da, İranın blokadadan əvvəl körfəz xaricinə çıxardığı neft tankerləri ona danışıqlarda xeyli vaxt və üstünlük qazandırır. ABŞ isə İranın neft anbarlarının dolması ilə hasilatı azaldacağını, bunun isə günlük 170-250 milyon ABŞ dolları dəyərində itmiş gəlirə və neft infrastrukturuna daimi zərər dəyməsinə gətirib çıxaracağını gözləyir.
Nəticədə, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 7,99%, Brent markalı Avropa neftinin iyul fyuçerslərinin qiyməti isə 9,12% artmışdır.
Qızılın qiymətinin dinamikası
Ötən həftə ərzində ABŞ və İran İslam Respublikası arasında münaqişənin davam etməsi, həmçinin dünya mərkəzi bankları tərəfindən faizlərin artırıla biləcəyi yönündə siqnalların verilməsi, qızılın qiymətinə mənfi təsir etmişdir.
Nəticədə, qızılın 2026-cı ilin iyun ayı üçün olan fyuçerslərinin qiyməti ötən həftə ərzində 2,03% azalaraq 4644,5 ABŞ dollarına çatmışdır.