KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
10 sentyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 23 investor iştirak etmiş və tələb təklifdən 33% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,59% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 25%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 180 milyon manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,2809% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,1809 faiz bəndi az olmuşdur.
17 sentyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı təqdim edilən sifarişlərin gəlirlilik dərəcələri emitenti qane etmədiyindən hərrac baş tutmamışdır. Qeyd edək ki, 24 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 140 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
12 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazları birqiymətli hərrac üsulu ilə tam həcmdə yerləşdirilmişdir. Hərracda 1 investor iştirak etmişdir.
10 sentyabr 2024-cü il tarixindən başlayaraq Bakı Fond Birjasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ilkin ticarət qiyməti 0,27 manat, ümumi buraxılış həcmi 86 milyon 940 min manat olan “premium bazar” seqmentində listinqə daxil edilmiş səhmləri üzrə abunə yazılışı başa çatmışdır. Sözügedən səhmlərin yerləşdirilməsi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 6 iş günü ərzində baş tutacaqdır.
10 sentyabr 2024-cü il tarixindən başlayaraq Bakı Fond Birjasında “Kristal Bakı” ASC-nin ilkin ticarət qiyməti 1 manat, ümumi buraxılış həcmi 990 min manat olan “standart bazar” seqmentində listinqə daxil edilmiş səhmlərinin abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır.
19 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazları birqiymətli hərrac üsulu ilə tam həcmdə yerləşdirilmişdir. Hərracda 1 investor iştirak etmişdir.
20 sentyabr 2024-cü il tarixindən başlayaraq Bakı Fond Birjasında “Hermes Fİnance” ASC-nin ilkin ticarət qiyməti 300 manat, ümumi buraxılış həcmi 150 min manat olan “standart bazar” seqmentində listinqə daxil edilmiş səhmlərinin abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır.
ABŞ kapital bazarı
Son iki həftədə ABŞ-da makroiqtisadi təqvim mühüm hadisələr ilə bol olmuşdur. 11 sentyabrın tarixində açıqlanmış volatil olan qıda məhsulları və enerji qiymətləri xaric əsas istehlak qiyməti indeksi (core CPI) avqust üzrə aylıq 0,3% olmuşdur ki, bu da həm proqnoz edilən, həm də əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi çox olmuşdur. Eyni makroiqtisadi göstərici illik olaraq avqust ayı üzrə proqnoz edilən kimi 3,2% təşkil etmişdir ki, bu da iyul ayı üzrə illik göstərici ilə eynidir. Qıda məhsulları və enerji xərcləri daxil ümumi istehlak qiymət indeksi (CPI) isə avqust ayı üzrə əvvəlki aya nisbətən 0,4 faiz bəndi az olaraq 2,5% təşkil etmişdir. Qeyd edək ki, ümumi avqust üzrə CPI göstəricisi 2021-ci ilin əvvəlindən bu günə qədər olan dövrdə ən aşağı həddə olmuşdur, və bu fakt ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin səngidiyinin aşkar şəkildə nümayiş etdirmişdir. 17 sentyabr tarixində açıqlanmış bir digər makroiqtisadi göstəriciyə əsasən ABŞ-da avqust ayı üzrə sənaye istehsalında 0,8% artım olmuşdur. Nəzərə alsaq ki, proqnoz edilən artım tempi 0,2%, iyul ayı üzrə isə sənaye istehsalında isə 0,6% azalma olmuşdur, avqust ayı üzrə ABŞ-da sənaye istehsalının artım miqyası olduqca müsbət xəbər olmuşdur. ABŞ iqtisadiyyatının aktivliyinin müsbət istiqamətdə davam etməsinin bir digər göstəricisi də avqust ayı üçün açıqlanmış pərakəndə satış dinamikası olmuşdur. Belə ki, sözügedən göstəriciyə əsasən ABŞ iqtisadiyyatında pərakəndə satış həcmi avqust üzrə ekspertlər tərəfindən proqnoz edilən 0,2% azalmanın əksi olaraq aylıq 0,1% artım nümayiş etdirmişdir. Əmək bazarı da, həmçinin, son həftə müsbət işarələr vermişdir. İşsizlik müavinətinə ilkin müraciətlərin sayı əvvəlki həftənin və proqnoz edilən saydan 11 min az olaraq 219 min təşkil etmişdir. ABŞ iqtisadiyyatında səngiyən qiymət artımı təzyiqləri və müsbət iqtisadi aktivlik göstəriciləri fonunda ötən həftənin ən vacib makroiqtisadi hadisəsi ABŞ mərkəzi bankının növbəti görüşü olmuşdur. Belə ki, 18 sentyabr 2024-cü il tarixində baş tutmuş görüşündə ABŞ mərkəzi bankı uçot faiz dərəcəsini 50 baza bəndi azaltmağa qərar vermişdir. Uçot faiz dərəcəsinin azaldılması ekspertlər tərəfindən gözlənilsə də, azalmanın miqyası ekspertlərin konsensus proqnozundan 25 baza bəndi çox olmuşdur. Son iki həftənin makroiqtisadi xəbərləri fonunda qısa və ortamüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində tutarlı azalma müşahidə edilmişdir. Uzun müddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində isə cüzi artım olmuşdur. Vacib bençmark olan 10 il tədavül müddəti olan ABŞ dövlət istiqrazının gəlirliliyi 0,1 faiz bəndi artaraq 3,73% təşkil etmişdir.
Qeyd edək ki, gələn həftə ABŞ-da sentyabr ayı üzrə ABŞ iqtisadiyyatındakı iqtisadi aktivliyi bildirən menecer sorğularının ilkin nəticələrinin (PMI), avqust ayı üzrə şəxsi istehlak və gəlir dinamikasının, habelə, cari ilin ikinci rübü üzrə illik ÜDM dinamikasının üçüncü dəfə açıqlanması maraqla gözlənilir. Ekspertlər, cari ilin ikinci rübü üzrə ÜDM-in illik 3% artım nümayiş etdirdiyini proqnoz edirlər.
ABŞ-da inflyasiya təzyiqlərinin səngiməsi, əmək bazarı və ümumi iqtisadiyyatın müsbət işarələr verməsi, ən əsası isə, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirməsi investorlar tərəfindən müsbət qarşılanmışdır. Ümumilikdə, investorlar uçot faiz dərəcəsinin endirilməsi prosesinin davamlı olacağını proqnoz edirlər. Faiz dərəcələrinin endirilməsi ABŞ fond bazarında artıma səbəb olmuşdur. Qeyd edək ki, bazar kapitalizasiya nisbətən kiçik olan şirkətlər böyük bazar kapitalizasiyalı şirkətlərə nisbətən daha böyük artım nümayiş etdirmişlər. Belə ki, ABŞ-da kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmlərinin performansını əks etdirən Russell 2000 fond bazarı indeksi son iki həftəlik dövrdə 6,53% artaraq 2021-ci ilin noyabr ayından bu günədək ən yüksək səviyyəyə çatmışdır. ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 də, həmçinin, ötən iki həftə ərzində 5,16% artım nümayiş etdirmişdir. Qeyd edək ki, sözügedən indeksi təşkil edən bütün sektorlar üzrə artım müşahidə edilmişdir. Ən çox artım elektronika sənayesi və İKT (9,13%), məişət malları və əhali üçün xidmət (7,83%) və rabitə xidmətləri (6,12%) sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur.
“Möhtəşəm Yeddiliyi” təşkil edən bütün şirkətlərin səhmlərinin dəyərində son iki həftəlik dövrdə artım müşahidə edilmişdir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən iki həftəlik dövrün əvvəlində ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilərin ABŞ iqtisadiyyatında inflyasiya təzyiqinin səngiməsinə işarə etməsi və Avrozonada, xüsusi ilə də Almaniyada, iqtisadi artımın proqnoz edilən səviyyədən aşağı olması ABŞ dollarının avroya qarşı dəyər qazanmasına səbəb olmuşdur. Lakin, sentyabrın 12-si Avropa Mərkəzi Bankının depozit dərəcəsini 25 baza bəndi, yenidən investisiya dərəcəsini isə 60 baza bəndi azaltması avronun ABŞ dollarına qarşı dəyər qazanmasına təkan vermişdir. Ötən həftənin ortasına doğru ABŞ-dakı makroiqtisadi mühit fonunda ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini 25 baza bəndi endirməsi ehtimalları güclənmişdir və nəticə olaraq ABŞ dolları avroya qarşı dəyər qazanmağa başlamışdır. Son dövrdə olduqca təmkinli addımlar atan ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini gözlənilən miqyasdan artıq olaraq 50 baza bəndi endirməsi əksər bazar iştirakçıları üçün gözlənilməz olmuşdur. Nəticə olaraq, son həftənin sonuna ABŞ dolları avroya qarşı cüzi dəyər itirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Son iki həftəlik dövrdə ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltma prosesinə başlamasına ekspertlərdə yaranmış əminlik Yaponiya və ABŞ mərkəzi banklarının həyata keçirdiyi pul siyasəti arasında olan fərqlərin azalacağına işarə etmişdir . Bu hal, öz növbəsində Yaponiya yeninin ABŞ dollarına qarşı dəyər qazanmasına səbəb olmuşdur. Həmçinin, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirməsindən sonra ötən həftənin sonunda ekspertlər Yaponiya mərkəzi bankının uçot faiz dərəcəsini artıracağını proqnoz etmişlər. Lakin, Yaponiya mərkəzi bankının nümayəndələri öz çıxışlarında dünyadakı iqtisadi vəziyyətin qeyri-stabil olduğunu vurğulayaraq uçot faiz dərəcəsini artırmaq üçün daha əsaslı iqtisadi zəmin gözlədiklərini bildirmişlər. Nəticə olaraq, Yaponiya yeni ötən həftənin sonuna ABŞ dollarına qarşı dəyər itirməyə başlamışdır.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Son dövrdə dünyanın ən böyük iki neft istehlakçısından olan Çində iqtisadi artımın proqnoz ediləndən zəif dinamika nümayiş etdirməsi neftin qiymətinə təzyiq göstərmişdir. Buna baxmayaraq, Meksika körfəzində qasırğa nəticəsində neftin hasilatının azalması, ABŞ-da xam neft ehtiyatları səviyyəsinin enməsi, habelə, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirməsi ilə ABŞ-da iqtisadi aktivliyin artması proqnozları neftin dəyərinə müsbət təsir etmişdir. Əlavə olaraq, Yaxın Şərqdə geosiyasi vəziyyətin ağırlaşması da neftin dəyərinin artmasına səbəb olan bir digər amil olmuşdur. Nəticə olaraq, son iki həftədə WTI markalı Amerika xam neftinin oktyabr fyuçerslərinin qiyməti həftəlik 6,28%, Brent markalı Avropa neftinin noyabr fyuçerslərinin qiyməti isə 4,83% artmışdır.
Qızıl qiymətlərinin dinamikası
ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini ekspertlərin proqnoz etdiyindən daha böyük miqyasda endirməsi faiz gəliri gətirməyən investisiya olan qızılın dəyərinə müsbət təsir etmişdir. Həmçinin, dünyadakı geosiyasi vəziyyətin ağır olaraq qalması investorlarda “təhlükəsiz liman” olaraq gördükləri qızıla qarşı tələbatın yüksək səviyyədə qalmasına səbəb olmuşdur. Əlavə olaraq, ekspertlər dünyanın ən böyük qızıl istehlakçısı olan Çinin son aylardakı durğunluğa baxmayaraq yenidən qızıl alış həcmini artıracağını proqnoz edirlər. Nəticə olaraq, son iki həftə ərzində qızılın sentyabr fyuçerslərinin qiyməti 5,07% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 619,90 ABŞ dolları təşkil etmişdir.