Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 9 – 13 dekabr 2024

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

10 dekabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 2 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 13 investor iştirak etmiş və tələb təklifdən 52% az olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 10,70% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 38%-i daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 23 milyon 679 min 100 manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 10,5098% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,3918 faiz bəndi çox olmuşdur.


12 dekabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 11 investor iştirak etmiş və tələb təklifdən 46% az olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 11,00% olaraq müəyyən edilmiş, alış sifarişlərinin hamısı hərrac nəticəsində təmin edilmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 53 milyon 600 min 500 manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 10,902% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,403 faiz bəndi çox olmuşdur.


Qeyd edək ki, Bakı Fond Birjasında 17 və 19 dekabr 2024-cü il tarixilərində tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçirələcəkdir. 17 dekabr 2024-cü il tarixində hərraca çıxarılacaq istiqrazların həcmi 80 milyon manat, 19 dekabr 2024-cü il tarixində hərraca çıxarılacaq istiqrazların həcmi isə 100 milyon manat təşkil edəcəkdir.

Korporativ qiymətli kağızlar


13 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “International” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 250 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi ayda bir dəfə, tədavül müddəti isə  2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə rəqabətli üsul ilə keçirilən hərrac yekunlaşmışdır. Hərracda 1 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

ABŞ kapital bazarı


ABŞ-da ötən həftənin ən vacib makroiqtisadi hadisəsi çərşənbə günü açıqlanmış noyabr ayı üzrə istehlak qiymətləri indeksi (CPI) olmuşdur. İstər aylıq, istərsə də illik miqyasda CPI göstəricisi ekspertlərin proqnoz etdiyi kimi aylıq 0,3% illik isə 2,7% artmışdır ki, bu da əvvəlki ayın analoji göstəricilərindən 0,1 faiz bəndi çox olmuşdur. Dəyişkən olan qida məhsulları və enerji xərcləri xaric əsas istehlak qiymətləri indeksi (core CPI) isə həm aylıq, həm də illik miqyasda proqnozlara uyğun müvafiq olaraq 0,3%3,3% artım nümayiş etdirmişdir ki, bu da əvvəlki ayın analoji göstəriciləri ilə eynidir. Bir digər maraq kəsb edən makroiqtisadi göstərici son həftənin çərşənbə axşamı açıqlanmış noyabr ayı üzrə istehsal qiymətləri indeksi (PPI) olmuşdur. Noyabr ayında PPI göstəricisi aylıq miqyasda 0,4% artmışdır ki, bu da proqnoz edilən göstəricidən 0,2 faiz bəndi, əvvəlki ayın analoji göstəricisindən isə 0,1 faiz bəndi çox olmuşdur. İllik miqyasda noyabr ayı üzrə PPI göstəricisi də, həmçinin, proqnozları və əvvəlki ayın analoji göstəricisini 0,4 faiz bəndi üstələyərək 3% artım nümayiş etdirmişdir. Dəyişkən olan qida məhsulları və enerji xərcləri xaric əsas istehsal qiymətləri indeksi (core PPI) isə noyabr ayı üzrə aylıq miqyasda proqnozlara uyğun olaraq və əvvəlki ayın analoji göstəricisini 0,1 faiz bəndi üstələyərək 0,2% artmışdır. Qeyd olunan göstərici illik miqyasda isə əvvəlki ayın analoji göstəricisi ilə eyni tempdə, proqnoz edilən göstəricidən isə 0,2 faiz bəndi çox olaraq 3,4% artım nümayiş etdirmişdir.


Ötən həftə ABŞ-da açıqlanmış həftəlik işsizlik müavinətlərinə ilkin müraciətlərin sayı ekspertlərin proqnozlarını üstələmişdir. Belə ki, 7 dekabr 2024-cü il tarixində bitən həftə üzrə ABŞ-da ilkin işsizlik müavinətlərinə müraciətlərinin sayı 242 min təşkil etmişdir ki, bu da əvvəlki həftənin göstəricisindən 17 min, proqnoz edilən göstəricidən isə 22 min çox olmuşdur. Qeyd olunan göstərici əvvəlki həftədə açıqlanmış işsizlik səviyyəsindəki artımla bərabər ABŞ əmək bazarının son həftələrdə səngidiyinə işarə edir.


Ümumilikdə, son həftənin makroiqtisadi gğstəriciləri fonunda qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində azalma, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində isə artım müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi 0,25 faiz bəndi artaraq 4,40% təşkil etmişdir.




ABŞ mərkəzi bankının gələn həftə baş tutacaq görüşündə qəbul edəcəyi qərar maraqla gözlənilir. Ekspertlərin ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini 0,25 faiz bəndi endirəcəyinə verdikləri ehtimal ötən həftə 97,1% təşkil etmişdir. Qeyd edək ki, bir həftə əvvəl analoji ehtimal 86% təşkil edirdi.


Ötən həftə ABŞ fond bazarında ümumi geriləmə müşahidə edilmişdir. ABŞ fond bazarının indekslərindən yalnız İKT sektoru fokuslu “NASDAQ” (CCMP) cüzi artım nümayiş etdirmişdir. Ümumilikdə, ardıcıl üçüncü həftədir ki artım səhmlərinin performansı dəyər səhmlərinin performansını üstələmişdir.



ABŞ-ın ən böyük fond bazarı indeksi “S&P 500” son həftə ərzində 0,64% azalmışdır. Ən çox azalma mədənçıxarma və xammal sənayesi (-2,92%), kommunal xidmətlər (-2,57%) sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur. Artım nümayiş etdirən isə məişət malları və əhali üçün xidmətlər (1,16%) sektorunu təmsil edən şirkətlərin səhmləri olmuşdurlar. Qeyd olunan sektordakı artımın aparıcı qüvvəsi “Tesla” (ticarət simvolu: TSLA) şirkətinin səhmlərinin dəyərinin həftəlik 12,08% artımı olmuşdur. Bunun əsas səbəbi şirkətin Çin bazarındakı satışlarında artım, habelə, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın şirkətin maraqlarına uyğun qərarlar verməsi ehtimallarının aktual olmasıdır.  



“Möhtəşəm Yeddiliyə” daxil olan və səhmlərinin dəyərində tutarlı artım olan bir digər şirkət “Alphabet” (ticarət simvolu: GOOGL) olmuşdur. Belə ki, şirkətin kvant kompüterləri üçün yeni mikrosxeminin təqdimatı nəticəsi olaraq səhmlərinin dəyəri həftə ərzində 8,65% artmışdır. Ötən həftə ərzində səhm dəyərlərində artımla diqqət çəkən digər şirkətlər “Broadcom” (ticarət simvolu: AVGO), “Warner Bros. Discovery” (ticarət simvolu: WBD) və “Boeing” (ticarət simvolu: BA) olmuşdurlar. “Broadcom” (ticarət simvolu: AVGO) şirkətinin rüblük maliyyə göstəriciləri proqnozları üstələmişdir və şirkət adi səhm üzrə rüblük dividend ödənişini artırmışdır. Nəticə olaraq, şirkətin səhmlərinin dəyəri həftə ərzində 25,22% artmışdır. “Warner Bros. Discovery (ticarət simvolu: WBD) şirkətinin yeni korporativ struktur qəbul etməsi, habelə, analitiklərin şirkətin səhmlərinin dəyəri üzrə proqnozlarını yaxşılaşdırması nəticəsində şirkətin səhmlərinin dəyəri həftə ərzində 13,23% yüksəlmişdir. “Boeing” (ticarət simvolu: BA) şirkətinin səhmlərinin dəyərinin həftəlik 10,21% artmasının səbəbi isə şirkətin “737 MAX” modeli təyyarəsinin istehsalına yenidən başlaması olmuşdur.


VALYUTA BAZARLARI


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə Avropa Mərkəzi Bankı əsas yenidən maliyyələşmə və depozit faiz dərəcələrini 0,25 faiz bəndi endirmişdir. Avrozonanın səngiyən iqtisadi artım tempi, Fransa və Almaniyada davam edən siyasi böhran, habelə, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın tarif tətbiqi planları avro üzərində təzyiq yaratmışdır. Digər tərəfdən ABŞ-da tətbiq ediləcək tarif siyasəti nəticəsində inflyasiya tempinin arta biləcəyi, bu halın isə, öz növbəsində, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsi endirmə tezliyinə mənfi təsir etmə ehtimallar ABŞ dollarının son həftə ərzində avroya qarşı dəyər qazanmasına səbəb olmuşdur.



USD/JPY məzənnəsinin dinamikası


Son ÜDM göstəricilərinə əsasən Yaponiya iqtisadiyyatı son rübdə proqnoz ediləndən 0,1 faiz bəndi daha yüksək tempdə olaraq 0,3% artım nümayiş etdirmişdir. Buna baxmayaraq Yaponiya mərkəzi bankı nümayəndələri öz çıxışlarında faiz dərəcələrini artırmaq üçün daha əsaslı makroiqtisadi məlumatlara ehtiyac olduğunu bildirmişlər. Bu fonda ekspertlər Yaponiya mərkəzi bankının cari ilin dekabr ayında faiz dərəcələrini artırmayacağı barədə həmfikir olmuşdurlar. Digər tərəfdən orta və uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərini artması da Yaponiya yeninə əlavə təzyiq olmuşdur. Nəticə olaraq, son həftə ərzində Yaponiya yeni ABŞ dollarına qarşı dəyər itirmişdir.




ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası


Ötən həftə Avropa Birliyi Rusiyanın neft sektoruna yönəlmiş növbəti sanksiya paketini elan etmişdir. Əlavə olaraq, yeni ABŞ prezident administrasiyası tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ehtimalları da güclənmişdir. Bu hal neftin dünya bazarındakı qiymətinə müsbət təsir etmişdir. Neftin dəyərinə müsbət təsir edən bir digər amil isə Çinin neft idxalının son 14 ayda ən böyük həcmə çatması olmuşdur. Ekspertlərdə Çin hökumətinin qəbul etdiyi stimullaşdırıcı tədbirlərin Çinin neftə olan tələbatına müsbət təsir edəcəyinə olan inamlar artmışdır. Həmçinin, Avropa Mərləzi Bankının faiz dərəcələrini endirməsi və ABŞ mərkəzi bankının da gələn həftə uçot faiz dərəcəsini endirəcəyi ehtimallarının artması neftin dəyərinin artmasına səbəb olan amillərdən olmuşdur. Ümumilikdə, ötən həftə ərzində WTI markalı Amerika xam neftinin yanvar fyuçerslərinin qiyməti 6,09%, Brent markalı Avropa neftinin fevral fyuçerslərinin qiyməti isə 4,74% artmışdır.


Qızıl qiymətlərinin dinamikası


Son dövr dünyada geosiyasi vəziyyətin ağır olaraq qalması “təhlükəsiz” investisiya seçimi olan qızılın dünya bazarındakı dəyərinə hələ də müsbət təsir etməkdədir. ABŞ mərkəzi bankının gələn həftə uçot faiz dərəcəsini endirəcəyi ehtimallarının artması da, həmçinin, qızılın qiymətinə müsbət təsir etmişdir. Lakin, yaxın gələcəkdə ABŞ mərkəzi bankının əvvəl proqnoz ediləndən daha az faiz dərəcələrini endirə biləcəyi ehtimallarının zəmin qazanması, qızılın dünya bazarındakı qiymətinin nisbətən təmkinli artım nümayiş etdirməsinə səbəb olmuşdur. Nəticə olaraq, son həftə qızılın dekabr fyuçerslərinin qiyməti 0,66% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 656 ABŞ dolları təşkil etmişdir.