Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 3 iyun – 7 iyun 2024

Kapital bazarları


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


4 iyun 2024-cü il tarixində BFB-də tədavül müddəti 1 il olan diskontlu, qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 17 investor iştirak etmiş və tələb təklifdən 58% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 8,4801% olaraq müəyyən edilmiş, alış sifarişlərinin 37% hissəsi daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 8,2611% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,0592 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 11 iyun 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 70 milyon manat təşkil edəcəkdir.


Korporativ qiymətli kağızlar


“INTERNATIONAL LEASING”  ASC-nin “standart bazar” seqmentində şərti-listinqə daxil edilmiş səhmlərinin abunə üsulu ilə keçirilən yerləşdirillrməsi yekunlaşmışdır. Hərracda 3 investor iştirak etmişdir. Səhmlərin yerləşdirilmiş həcmi nominal dəyəri ilə 950 min manat təşkil etmişdir.


ABŞ kapital bazarı


Son həftə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. Həftənin ilk günü Təchizat İdarəçiliyi İnstitutu (ISM) tərəfindən açıqlanmış ABŞ-dakı istehsalat sektorundakı aktivliyin olçü göstəricisi olan sorğunun (PMI) nəticəsi proqnzlaşdırılandan 0,8 bənd, əvvəlki ayın göstəricisindən isə 0,5 bənd az olmaqla 48,7 bənd təşkil etmişdir. Qeyd edək, bu göstərici, başlanğıc ölçüsü 50 bənd qəbul edilərək, istehsalat sektorunda aktivliyin artması və ya azalması nəticəsində müvafiq olaraq artır və ya azalır. Azalan iqtisadi aktivliyi bildirən bu sözügedən göstərici yüksək inflyasiya ilə bərabər bəzi ekspertlərdə yenidən staqflyasiya ehtimalları yaratsa da, həftənin sonrakı günlərində açıqlanan makroiqtisadi göstəricilər bu staqflyasiya ehtimallarının azalmağına səbəb olmuşdur. Belə ki, Təchizat İdarəçiliyi İnstitutu (ISM) tərəfində açıqlanan xidmət sektorundakı aktivliyi bildirən sorğunun nəticələri proqnozlaşdırılandan 2,8 bənd, əvvəlki ayın göstəricisindən isə 4,4 bənd çox olmaqla 53,8 bənd təşkil etmişdir. Nəzərinizə çatdıraq ki, sözügedən sorğu istehsalat sektorundakı aktivliyini bildirən sorğu ilə eyni qaydada ölçülür. Bir başqa makroiqtisadi göstəriciyə əsasən ABŞ-da may ayında 272 min yeni iş yeri yaradılmışdır. Bu göstərici proqnozlaşdırılandan 92 min, əvvəlki ayın göstəricisindən isə 97 min çox olmuşdur. Yaradılmış iş yerlərinin sayındakı artım inflyasiyanın artımına müsbət təsir göstərsə də, açıqlanmış işsizlik dərəcəsinin ötən aya və proqnozlaşdırılan göstəriciyə nisbətən 0,1% artaraq 4% təşkil etməsi qiymət artımı dinamikasına  mənfi təsdir edir. Ümumilikdə son makroiqtisadi göstəricilərin açıqlanmasından sonra ABŞ mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini  endirəcəyi ehtimalı ekspertlər tərəfindən azaldılaraq 50% təşkil etmişdir. Nəticə olaraq, ABŞ mərkəzi bankının pul siyasətinə təsiri baxımdan qarışıq makroiqtisadi xəbərlər fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.


Son həftə ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 1,32% artım nümayiş etdirmişdir. Ən çox artım elektronika sənayesi və İKT (2,59%), səhiyyə (1,90%) və rabitə xidmətləri (1,37%) sektorunu təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Sözügedən sektoları təmsil edən şirkətlərdən ən çox diqqət artım Hewlett Packard (ticarət simvolu:HPE) (13,48%), Nvidia (ticarət simvolu:NVDA) (10,27%), Elly Lilly & Co (ticarət simvolu:LLY) (3,61%) və Meta Platforms (ticarət simvolu:META) (5,49%) şirkətlərinin səhmlərində müşahidə edilmişdir. Ən çox dəyər itkisi isə kommunal xidmətlər (3,84%), energetika (3,46%), mədənçıxarma və xammal sənayesi (1,90%) sektorunu təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.



 

Valyuta bazarları


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə açıqlanmış ABŞ-dakı iş bazarı statistikasının proqnozlazdırılandan daha güclü çıxması nəticəsində ABŞ mərkəzi bankının yaxın aylarda uçot faiz dərəcəsinə azaldacağı ehtimallarını azaltmışdır. Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsini azaltdığı fonda, ABŞ-dakı davam edən yüksək faiz göstəricilərinin daha uzun müddət mövcud ola biləcəyi proqnozları həftə ərzində ABŞ dollarının avroya nisbətdə dəyər qazanmasına səbəb olmuşdur.



USD/JPY məzənnəsinin dinamikası

Son həftə ABŞ-da yeni yaradılmlş iş yerləri sayının proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çox olduğunun açıqlanması, nəticə olaraq isə yüksək faiz dərəcələrinin ABŞ iqtisadiyyatında daha uzun müddət mövcud olacağı ehtimallarının güclənməsi, əks tərəfdə isə Yaponiyada ümumi daxil məhsulun (ÜDM) əvvəlki rübə nisbətən azalması, həftənin sonuna Yaponiya yeninin ABŞ dollarına qarşı dəyər itirməsinə səbəb olmuşdur.





Əmtəə bazarları


Neft bazarının dinamikası


Ötən həftə OPEC+ - un 2024-cü ilin 4-cü rübündən başlayaraq neft hasilatını artırmaq qərarı vermişdir. Bu xəbər fonunda neft fyuçersləri satış dinamikasında sürətlənmə müşahidə olunmuşdur. Nəticə olaraq, WTI markalı Amerika xam neftinin iyul fyuçerslərinin qiyməti həftəlik (1,9%), Brent markalı Avropa neftinin avqust fyuçerslərinin qiyməti isə (1,84%) azalmışdır.

Qızıl qiymətlərinin dinamikası


Qızılın iyun fyuçerslərinin qiyməti əvvəlki həftənin qiyməti ilə müqayisədə 0,76% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 305,20 ABŞ dolları təşkil etmişdir. ABŞ-da iş bazarı göstəricilərinin açıqlanması ilə bərabər proqnozların əksinə yeni iş yerlərinin sayında tutarlı artım, ABŞ mərkəzi bankının sentyabr ayında uçot faiz dərəcəsini azaltmağına ekspertlər tərəfindən verilən ehtimalı nisbətən azaltmışdır. Bu isə öz növbəsində “faiz gəliri gətirməyən” investisiya aləti olan qızılın qiymətinə mənfi təsir etmişdir. Həmçinin, Çin mərkəzi bankının son 18 ayda davam edən əhəmiyyətli həcmlərdə qızıl alışının səngiməsi qızılın bazar dəyərinin bir qədər azalmasına səbəb olmuşdur.