Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 3 – 7 mart 2025-ci il

Kapital bazarları


Azərbaycan kapital bazarı


Korporativ qiymətli kağızlar


6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsi “Bank Respublika” ASC-nin nominal dəyəri 1 000 ABŞ dolları, illik gəlirlilik faizi 8,5%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti 8 il, buraxılış həcmi isə 5 milyon ABŞ dolları olan təmin edilməmiş, subordinasiya olunmuş istiqrazlarının ticarətə buraxılmasına qərar vermişdir. İstiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə 13 mart 2025-ci il tarixində həyata keçiriləcəkdir.


7 mart 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Dövlət Neft Şirkətinin nominal dəyəri 1 000 ABŞ dolları,  illik faiz dərəcəsi 6%, tədavül müddəti 5 il, odəniş müddəti isə hər 3 aydan bir olan yaşıl istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır. Yerləşdirilmədə 412 investor iştirak etmişdir və istiqrazlar 200 milyon ABŞ dolları olan tam həcmdə yerləşdirilmişdir.

ABŞ kapital bazarı


Ötən həftənin əvvəli ABŞ-da “S&P Global” və “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən keçirilən və fevral ayı üzrə ABŞ iqtisadiyyatının aktivlik dinamikasını əks etdirən menecer sorğularının (PMI) yekun nəticələr açıqlanmışdır. ABŞ iqtisadiyyatının istehsalat sahəsindəki dinamikanı əks etdirən “S&P Global”-ın sorğusunun nəticəsi 52,7 bənd təşkil etmişdir ki, bu da həm proqnoz edilən göstəricidən, həm də əvvəlki ayın analoji göstəricisindən 1,1 bənd çox olmuşdur. “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən keçirilən analoji sorğunun nəticəsi isə proqnoz edilən göstəricidən 0,4 bənd, əvvəlki ayın göstəricisindən isə 0,6 bənd az olaraq 50,3 bənd təşkil etmişdir. ABŞ iqtisadiyyatının xidmət sektorundakı dinamikanı əks etdirən sorğunun nəticələri isə həm “S&P Global”, həm də “Təchizat İdarəçiliyi İnstitutu”-na (ISM) əsasən proqnozları üstələmişdir. Belə ki, “S&P Global” tərəfindən keçirilən sorğunun nəticəsi proqnoz edilən göstəricidən və əvvəlki ayın göstəricisndən 1,3 bənd çox olaraq 51 bənd təşkil etmişdir. “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən keçirilən analoji sorğunun nəticəsi isə 53,5 bənd olaraq açıqlanmışdır ki, bu da proqnoz edilən göstəricidən 1 bənd, əvvəlki ayın göstəricisindən isə 0,7 bənd çox olmuşdur. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivlikdə artımı, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmanı bildirir.


ABŞ-da son həftənin makroiqtisadi baxımdan ən vacib hadisəsi ötən həftənin sonu açıqlanmış ABŞ əmək bazarının dinamikasını əks etdirən göstəriciləri olmuşdur.  ABŞ Əmək Departamentinin kənd təsərrüfat sahəsi xaric digər sahələrdə yaradılmış yeni iş sayını əks etdirən hesabatına (non-farm payroll) əsasən ABŞ iqtisadiyyatında fevral ayında 151 min yeni iş yeri yaradılmışdır. Sözügedən göstərici fevral ayı üçün proqnoz edilən göstəricidən 9 min az olsa da, əvvəlki ayın göstəricisindən 26 min çox olmuşdur. Həmçinin, ABŞ iqtisadiyyatında fevral ayı üzrə işsizlik səviyyəsi 4,1% olaraq açıqlanmışdır ki, bu da həm proqnoz edilən, həm də əvvəlki ayın analoji göstəricisini 0,1 faiz bəndi üstələmişdir.


Ötən həftə ABŞ mərkəzi bankının rəhbəri Cerom Pauel (Jerome Powell) ABŞ-da inflyasiya tempinin yaxın gələcəkdəki dinamikası haqda kifayət qədər təmkinli rəy bildirmişdir. Görünən odur ki, yeni ABŞ prezidenti administrasiyasının tarif siyasəti fonunda ölkədə qiymət artımın gözləniləndən daha artıq ola biləcəyi ehtimalları ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltma trayektoriyasına təsir edəcəkdir.  Ümumilikdə, son həftənin makroiqtisadi göstəriciləri, habelə, ABŞ-da tarif siyasəti əsasında yaranan qeyri-müəyyənlik fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərində artım müşahidə edilmişdir. Uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirlilikləri qısa müddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklər ilə müqayisədə daha çox artmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi 0,08 faiz bəndi artaraq 4,32% təşkil etmişdir.



Qeyd edək ki, gələn həftə açıqlanacaq olan fevral ayı üzrə ABŞ iqtisadiyyatında istehlak qiymətləri indeksi (CPI) göstəricisi ekspertlər tərəfindən maraqla gözlənilir.


Ötən həftə ABŞ fond bazarında ümumi geriləmə müşahidə edilmişdir. Yeni ABŞ hökumətinin Meksika, Kanada və Çindən idxal edilən məhsullara tarif tətbiq etməsi investorlar tərəfindən birmənalı qarşılanmamışdır. Nəticə olaraq, investorlarda ABŞ iqtisadiyyatının yaxın gələcəkdəki artım tempi barədə qeyri-müəyyən fikirlər formalaşmışdır. Bu hal Çikaqo Opsiyon Birjası Volatillik İndeksinin (CBOE VIX Index) dinamikasında öz əksini tapmışdır.



Qeyd edək ki, Çikaqo Opsiyon Birjası Volatillik İndeksi (CBOE VIX Index) S&P 500 fond indeksi üzrə opsiyonların alış və satış dəyərləri əsasında hesablanır və investorlar tərəfindən S&P 500 fond indeksinin volatilliyi barədə gözləntilərini əks etdirir.


Ötən həftə ərzində ABŞ fond bazarının aparıcı indekslərinin hamısı dəyər itirmişdir. Ümumilikdə, kiçik və orta bazar kapitalizasiyalı şirkətlərin səhmləri böyük bazar kapitalizasiyalı şirkətlərin səhmlərinə nisbətdə daha çox dəyər itirmişdir. Həmçinin, artım şirkətlərinin səhmlərinin qiyməti dəyər şirkətlərinin səhmlərinin qiymətinə nisbətən daha çox enmişdir.


ABŞ-ın ən böyük fond bazarı indeksi “S&P 500” son həftə ərzində 3,10% geriləmişdir. Qeyd etmək lazımdır ki, geriləmə səhiyyə sektoru xaric indeksi təşkil edən bütün sektorlar üzrə müşahidə edilmişdir. Ən çox azalma maliyyə xidmətləri (5,86%), məişət malları və əhali üçün xidmətlər (4,76%), energetika (3,92%) sektorlarını təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur.



Valyuta bazarları


EUR/USD məzənnəsinin dinamikası


Ötən həftə Avropa Mərkəzi Bankı depozit və əsas yenidən maliyyələşdirmə faizlərini 0,25 faiz bəndi endirmişdir və müvafiq olaraq 2,50% və 2,65% səviyyəsində təyin etmişdir. Buna səbəb ABŞ hökumətinin tarif siyasəti fonunda Avrozona iqtisadiyyatını stimullaşdırmaq niyyəti olmuşdur. Əlavə olaraq, Avropa Mərkəzi Bankı Avrozonada cari il üçün inflyasiya dərəcəsi proqnozunu  0,2 faiz bəndi artıraraq 2,3% səviyyəsində olacağını proqnoz etdiyini bəyan etmişdir. Almaniyada yeni seçilmiş hökumətin müdafiə və infrastruktur sahələrinə investisiya həcminin artırılması üçün 500 milyard avroluq fond yaratmaq planları Avrozona üçün ötən həftənin bir başqa müsbət xəbəri olmuşdur.  Nəticə olaraq, qeyd olunan xəbərlər, həmçinin, ABŞ fond bazarının enişə keçməsi fonunda ötən həftə avro ABŞ dollarına qarşı dəyər qazanmışdır.



USD/JPY məzənnəsinin dinamikası


ABŞ fond bazarının dəyərinin azalması fonunda son həftə Yaponiya yeninə tələb artmışdır. Əlavə olaraq, Yaponiya mərkəzi bankı nümayəndələri öz çıxışlarında cari ildə uçot faiz dərəcəsini artırmağa davam edəcəklərinə dair işarələr vermişlər. Ümumilikdə, Yaponiya hökuməti yaxın zamanlarda rəsmi olaraq Yaponiya iqtisadiyyatında uzunmüddətli deflyasiya dövrünün başa çatdığını elan etməyə hazırlaşır. Bu hal, öz növbəsində, Yaponiya mərkəzi bankının uçot faiz dərəcəsini artıracağına müsbət təsir etməkdədir. Nəticə olaraq, ötən həftə ərzində Yaponiya yeni ABŞ dollarına qarşı dəyər qazanmışdır.




Əmtəə bazarları


Neft bazarının dinamikası


Ötən həftə dünya bazarlarında neftin dəyərində azalma müşahidə edilmişdir. Buna ən əsas səbəblərdən biri OPEC+ üzvlərinin gündəlik neft hasilatını kvotasını 138 min barel artırmaq qərarı olmuşdur. OPEC+ üzvləri öz çıxışlarında kvota artımının yaxın gələcəkdə də davam edəcəyinə dair işarələr vermişlər. Ekspertlərin rəylərinə görə OPEC+ üzvləri son illərdə azaltdıqları gündəlik 6 milyon barel hasilat kvotasını tədricən bərpa etmək niyyətindədirlər. Digər tərəfdən isə, ABŞ hökumətinin tarif siyasəti dünya iqtisadiyyatının artımına mənfi təsir göstərəcəyi proqnozları da neftin qiymətinə mənfi təsir etmişdir. Dünyanın ən böyük iki neft istehlakçısından biri olan Çinin mövcud iqtisadi artım tempindəki səngiməni də nəzərə alsaq, yaxın zamanda dünya bazarında neftin təklifinin neftə olan tələbi üstələyəcəyi ehtimalları zəmin qazanmışdır. Ümumilikdə, ötən həftə ərzində WTI markalı Amerika xam neftinin aprel fyuçerslərinin qiyməti 3,90%, Brent markalı Avropa neftinin may fyuçerslərinin qiyməti isə 3,36% azalmışdır.


Qızıl qiymətlərinin dinamikası


Ötən həftə ərzində ABŞ dollarının dəyərinin azalması, habelə, ABŞ hökuməti tərəfindən həyata keçirilən tarif siyasəti nəticəsində iqtisadi qeyri-müəyyənliyin artması dünya bazarında qızılın dəyərinə müsbət təsir etmişdir. ABŞ fond bazarın dəyər itirməsini də nəzərə alsaq, dünya iqtisadiyyatındakı cari qeyri-müəyyənlik fonunda ənənəvi olaraq “təhlükəsiz liman” investisiya seçimi olan qızıl investorlar üçün daha cəlbedici olmuşdur. Nəticə olaraq, ötən həftə qızılın dekabr fyuçerslərinin qiyməti 2,39% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 904,70 ABŞ dolları təşkil etmişdir.