Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 27 – 31 iyul 2026-cı il

HƏFTƏNİN XÜLASƏSİ


ABŞ fond bazarları:
 FED federal fondlar üzrə hədəf faiz dərəcəsi diapazonunu 3,50–3,75% səviyyəsində dəyişməz saxlayıb. ABŞ səhm bazarları həftəni əsasən artımla tamamlayıb. Texnologiya şirkətlərinin, xüsusilə süni intellekt və bulud texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin güclü maliyyə nəticələri investorların əhval-ruhiyyəsini dəstəkləyib.

Valyuta bazarları: ABŞ-da inflyasiya təzyiqlərinin yumşalması və FED-in gələcək siyasəti ilə bağlı gözləntilər fonunda ABŞ dolları əsas valyutalar qarşısında zəifləyib. Avro və Yaponiya yeni dollar qarşısında dəyər qazanıb.

Əmtəə bazarları: Neft qiymətləri geosiyasi risk mükafatının məhdud qalması və qlobal tələbatla bağlı narahatlıqlar səbəbindən azalıb. Qızılın qiyməti isə zəif dollar və ABŞ-dakı təmkinli inflyasiya göstəricilərindən dəstək alsa da, həftəni cüzi enişlə başa vurub.

KAPİTAL BAZARLARI


Azərbaycan kapital bazarı


Dövlət qiymətli kağızları


Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.



Korporativ qiymətli kağızlar


27 iyul 2026-cı il tarixində Bakı Fond Birjasında "Regional" BOKT MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 16%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə baş tutmuşdur. Hərracda 64 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.


30 iyul 2026-cı il tarixində Bakı Fond Birjasında  BOKT “EMBAFİNANS” QSC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 4 milyon manat, illik gəlirlilik faizi 13%, ödəmə tezliyi hər 3 aydan bir, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə baş tutmuşdur. Hərracda 50 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

ABŞ kapital bazarı


Ötən həftə ABŞ-da vacib makroiqtisadi göstəricilərin açıqlanması ilə yadda qalmışdır.


“Conference Board” və Miçiqan Universiteti tərəfindən keçirilən və ABŞ-da istehlakçıların ölkədəki cari iqtisadi vəziyyəti dəyərləndirdikləri sorğuların nəticələri açıqlanan makroiqtisadi göstəricilərdən olmuşdur. “Conference Board” tərəfindən dərc edilən və ABŞ iqtisadiyyatında iyul ayı üzrə istehlakçıların ölkədəki cari iqtisadi mühit haqda rəyləri, habelə, yaxın gələcək ilə bağlı gözləntilərini əks etdirən istehlakçı inamı indeksi (Conference Board Consumer Confidence Index) proqnoz ediləndən 1,6, əvvəlki ayın analoji göstəricisindən isə 0,4 bənd geri qalaraq 90,8 təşkil etmişdir. Bildirək ki, qeyd olunan indeks 0-200 bənd arası səviyyədə ölçülür və 100 bənd istehlakçıların xərclərinə münasibətdə neytral, 100-dən aşağı göstərici istehlakçıların qənaətə meylli, 100-dən artıq göstərici isə müvafiq olaraq istehlakçıların xərcləməyə meylli olduğunu bildirir. Miçiqan Universiteti tərəfindən keçirilən ənənəvi sorğunun cari ilin iyul ayı üzrə yekun nəticəsi (University of Michigan Consumer Sentiment Index) isə həm proqnozları (1,2 bənd), həm də əvvəlki ayın analoji göstəricisini (0,8 bənd) üstələyərək 55,4 bənd olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi 0-100 səviyyəsi arasında ölçülür və 70-dən aşağı göstərici istehlakçıların cari iqtisadi mühit və yaxın gələcəkdə iqtisadi vəziyyətin birmənalı olmayacağı barədə narahatçılıqlarını bildirir. Bir məqamı da qeyd etmək lazımdır ki, Miçiqan Universitetinin sorğusu daha çox inflyasiya gözləntiləri və istehlakçıların xərcləmə meylini əks etdirir.  “Conference Board”-un sorğusu isə daha geniş miqyasda ölkədəki ümumi iqtisadi dinamikaya və əmək bazarına dair vəziyyətə fokuslanır.


Geridə qoyduğumuz həftənin əhəmiyyətli makroiqtisadi göstəricilər arasında ABŞ-ın İqtisadi Analizlər Bürosu tərəfindən dərc edilmiş cari ilin iyun ayı üzrə qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksi açıqlanmışdır. Belə ki, qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksi avqust üzrə aylıq miqyasda 0,1% artmışdır ki, bu da proqnoz edilən artımdan 0,1 faiz bəndi, əvvəlki ayın analoji göstəricisindən isə 0,2 faiz bəndi az olmuşdur. Sözügedən makroiqtisadi göstərici illik miqyasda əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi geri qalaraq proqnozlara uyğun olaraq 3,3% artmışdır. Vurğulamaq lazımdır ki, baza şəxsi istehlak xərcləri qiymət indeksi ölkə iqtisadiyyatındakı qiymət dinamikasını əks etdirmə baxımdan ABŞ mərkəzi bankının (FED) ən üstünlük verdiyi göstəricidir.


ABŞ İqtisadi Analizlər Bürosu həmçinin, ABŞ ÜDM-nin cari ilin ikinci rübü üzrə ilkin dərcini paylaşmışdır. Dərcə əsasən cari ilin ikinci rübündə ABŞ ÜDM-i 1,5% artmışdır ki, bu göstərici də əvvəlki rüb üzrə göstəricidən 0,6 faiz bəndi az olmuşdur və ikinci rüb üzrə proqnoz edilən artımdan da 0,5 faiz bəndi geri qalmışdır. Qeyd edək ki, ÜDM-in dinamikasında səngimənin əsas səbəbi dövlət xərclərinin azalması, habelə investisiya və ixrac həcminin gözləniləndən daha təmkinli artımı olmuşdur.


Əmək bazarına dair isə açıqlanan makroiqtisadi göstərici işsizlik müavinətinə müraciət edənlərin sayı olmuşdur. 25 iyul 2026-cı il tarixində bitən həftə üzrə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı bir həftə əvvələ nisbətdə 10 min artaraq 187 min təşkil etsə də, bu say proqnoz ediləndən 3 min az olmuşdur. Əmək bazarı trendini bildirən və analitiklər üçün həftəlik göstəricisindən daha çox əhəmiyyət kəsb edən işsizlik müavinətinə müraciət edənlərin sayının dəyişən ortaçəkili dəyəri (moving average) isə son 4 həftəlik dövrdə 204 min 250-dən 202 min 750-ə enmişdir. Bu azalmanı son dərc edilən həftəlik saydakı artıma baxmayaraq, ABŞ əmək bazarının kifayət qədər qənaətbəxş vəziyyətdə olduğuna işarə kimi qiymətləndirmək olar.


Həftənin ən vacib və maraqla gözlənilən hadisəsi şübhəsiz ki, ABŞ mərkəzi bankının (“FED”) Federal Açıq Bazar Komitəsinin (“FOMC”) növbəti iclası və nəticəsində federal fondlar üzrə hədəf faiz dərəcəsi ilə bağlı qərarı olmuşdur. Gözlənildiyi kimi Federal Açıq Bazar Komitəsinin ABŞ-dakı federal fondlar üzrə hədəf faiz dərəcəsi diapazonunu 3,50-3,75% səviyyəsində saxlanılmasına qərar qəbul etmişdir. Qeyd edək ki, qərar komitə üzvlərinin 9-nun lehinə, 3-nün isə əleyhinə səsi ilə verilmişdir. Komitə üzvlərinin 3-ü faiz dərəcələrinin 0,25 faiz bəndi artırılmasına səs vermişdilər. Bu hal komitə daxilində ölkədəki inflyasiya dərəcəsinin hədəflənən 2%-dan yüksək olmasından dolayı müəyyən narahatlıqların mövcud olduğunu göstərmişdir.


Son həftənin makroiqtisadi göstəriciləri fonunda qısa müddətli ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri azalmış, uzunmüddətli ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlilikləri isə artmışdır. 30 il tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyi 2027-ci ildən bəri ilk dəfə 5,20% həddini keçərək həftənin sonuna 5,27%-ə çatmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,06 faiz bəndi artaraq illik 4,75% təşkil etmişdir.




Qeyd edək ki, gələn həftə ABŞ-da əmək bazarının dinamikasına dair vacib makroiqtisadi göstəricilərin açıqlanması gözlənilir.


Ötən həftə ərzində ABŞ fond bazarının əsas indekslərini qarışıq dinamika nümayiş etdirməsinə baxmayaraq, demək olar ki indekslərin hamısı həftəni artımla bitirmişdir. “S&P 400 Midcap” fond bazarı indeksi yeganə geriləyən (-0,64%) indeks olmuşdur. Texnologiya sahəsınin şirkətlərinin ağırlıq təşkil etdiyi “NASDAQ” fond bazarı indeksi 1,59% ilə həftənin ən çox yüksələn indeksi olmuşdur.



ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,05% dəyər qazanmışdır. Ən çox artım məişət malları və əhali üçün xidmətlər (6,11%),ən çox azalma isə  kommunal xidmətləri (4,19%) sahəsini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir. Məişət malları və əhali üçün xidmətlər sahəsindəki artıma əsas töhfəni “Amazon” şirkətinin (ticarət simvolu: AMZN) vermişdir. Belə ki, şirkətin rüblük maliyyə göstəricilərinin proqnozları üstələməsi, şirkətin bulud texnologiyası biznesi “AWS” üzrə güclü göstəriciləri fonunda ötən həftə ərzində şirkətin səhm dəyəri 17% artım nümayiş etdirmişdir.




Ötən həftə, həmçinin, “Möhtəşəm Yeddiliyi” təşkil edən digər şirkətlərdən “Microsoft” (ticarət simvolu: MSFT), “Meta Platforms” (ticarət simvolu: META), “Apple” (ticarət simvolu: AAPL) şirkətləri də rüblük maliyyə hesabatlarını açıqlamışdır. Sözügedən şirkətlərin hamısının əsas maliyyə göstəriciləri  proqnozları üstələmişdir. “Microsoft” (ticarət simvolu: MSFT) bulud texnologiyası biznesi “Azure”-un gözləniləndən daha yüksək artması və şirkətin yaxın gələcək ilə bağlı əmin proqnozları investorlar tərəfindən müsbət qarşılanmışdır. Nəticə olaraq, şirkətin səhmlərinin dəyəri həftə ərzində 21,75% artmışdır. Eyni sözləri “Meta Platforms” (ticarət simvolu: META) və “Apple” (ticarət simvolu: AAPL) şirkətləri haqda demək mümkün deyil. “Meta Platforms” (ticarət simvolu: META) şirkətinin həm sərbəst pul axını göstəricisinin zəif olması, həm də yaxın gələcəyə dair təmkinli proqnozları investorlarda məyusluq yaratmışdır və şirkətin səhmləri həftə ərzində 6,47% dəyər itirmişdir.  “Apple” (ticarət simvolu: AAPL) şirkətinin də rüblük maliyyə göstəricilərinin proqnozları üstələməsinə baxmayaraq, yaxın gələcəyə doğru “yumşaq” proqnozları bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmamışdır. Nəticə olaraq, şirkətin səhm dəyəri həftəlik 7,24% azalmışdır.


Texnologiya şirkətlərinin rüblük maliyyə göstəricilərinin proqnozları üstələməsi və, xüsusilə də “Microsoft” (ticarət simvolu: MSFT) şirkətinin yüksək göstəriciləri fonunda görünən odur ki, investorların süni intellekt (AI) sahəsinə yönəldilən iri kapital xərclərinin real gəlir gətirəcəyinə dair narahatlıqları nisbətən səngimişdir. Ümumilikdə, qeyd etmək lazımdır ki, “S&P 500”-ə daxil olan şirkətlər cari rüblük hesabat dövründə proqnozları ortalama 27% üstələmişdir ki, bu da son dekadalarda ən yüksək rüblük göstərici olmuşdur. “NASDAQ”-ı daxil olan şirkətlər üçün bu göstərici daha da yüksək olaraq ortalama 55% təşkil etmişdir.

VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası


Son həftə Avrozona ÜDM-nin rüblük 0,4% artdığı açıqlanmışdır. Qeyd edək ki, ekspertlər artımın 0,2% olacağını proqnoz edirdilər. Avrozonada cari ilin iyul ayı üzrə inflyasiya  dərəcəsi isə proqnozlara uyğun olaraq illik miqyasda 2,9% olaraq açıqlanmışdır ki, bu da bir ay əvvələ nisbətdə 0,1 faiz bəndi artım deməkdir. Sözügedən göstəricilər Avropa Mərkəzi Bankının yaxın gələcəkdə daha sərt pul-kredit siyasəti həyata keçirməsinə müəyyən şərait yaradır. Digər tərəfdə isə, ABŞ-da ötən həftə açıqlanan makroiqtisadi göstəricilər inflyasiya təzyiqinin səngiməsinə işarə etmişdir. ABŞ mərkəzi bankının (FED) faiz dərəcələrinin cari diapazonunda saxlaması gözlənilən addım olsa da, son həftənin makroiqtisadi təqviminə baxsaq ABŞ mərkəzi bankının (FED) yaxın gələcəkdə gözləniləndən daha yumşaq pul-kredit siyasəti yürütməsi ehtimalı yarandığını görmək olar. Nəticə olaraq, ötən həftə ərzində ABŞ dolları avroya qarşı dəyər itirmişdir.




USD/JPY məzənnəsinin dinamikası


Son həftədə Yaponiya mərkəzi bankı (Bank of Japan) ölkədəki hədəf faiz dərəcəsini 1,00% olaraq saxlamışdır. Həmçinin, həftə ərzində Yaponiyada vacib inflyasiya göstəricisi olan Tokyo ərazisi üzrə iyul ayını əhatə edən baza istehlakçı qiymət indeksi (Tokyo-area core consumer price index)  illik miqyasda 1,9% olaraq açıqlanmışdır ki, bu da gözləniləndən 0,1 faiz bəndi, əvvəlki ayın analoji göstəricisindən isə 0,3 bəndi çox olmuşdur. Son dövrdə Yaponiya mərkəzi bankının ölkədəki faiz dərəcələrini artırmaqda o qədər də qətiyyətli davranmadığına baxmayaraq, artan inflyasiya təzyiqi bankın daha sərt pul-kredit siyasət aparmağına şərait yarada bilər. Xatırladaq ki, digər tərəfdə ABŞ-ın son həftə ərzindəki makroiqtisadi mühiti gözləniləndən daha yumşaq pul-kredit siyasətinin mümkün ola biləcəyinə işarə vermişdir. Əlavə olaraq, qeyd edək ki, son həftə ərzində Yaponiya mərkəzi bankının ölkənin valyuta bazarına müdaxilə etdiyi ehtimalı da zəmin qazanmışdır. Nəticə olaraq, geridə qoyduğumuz həftə ərzində Yaponiya yeni ABŞ dollarına nisbətdə dəyər qazanmışdır.




ƏMTƏƏ BAZARLARI


Neft bazarının dinamikası
.


Yaxın Şərqdəki münaqişə dünya bazarında neftin dəyərinə təsir edən başlıca amil olaraq qalmaqdadır. Ötən həftə ərzində ABŞ və İran İslam Respublikası arasında gərgin ritorikaya baxmayaraq tərəflərin gözləniləndən nisbətən təmkinli olması qara qızılın geosiyasi mükafatının (risk premium) artmasını məhdudlaşdırmışdır. Bu hal neftin dünya bazarındakı qiymətinə mənfi təsir göstərmişdir. Əlavə olaraq, dünyada iki ən böyük neft istehlakçısından biri olan Çin Xalq Respublikasının iqtisadiyyatının dinamikasının səngiməsi də neftin dəyərinə təzyiq göstərmişdir. Ötən həftə ərzində ABŞ dollarının dəyərinin enməsi neftin qiymətinə dəstək olsa da, həftə ərzində neftin dünya bazarındakı qiyməti enmişdir. Belə ki, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti 5,20%, Brent markalı Avropa neftinin oktyabr fyuçerslərinin qiyməti isə 4,09% azalmışdır.


Qızılın qiymətinin dinamikası


Yaxın Şərqdə geosiyasi vəziyyətin gərgin qalmasına baxmayaraq münaqişənin həftə ərzində nisbətən təmkinli mühitdə davam etməsi qızılın qiymətinə mənfi təsir etmişdir. ABŞ-da inflyasiya göstəricilərinin səngiməyə işarə verməsi, nəticə olaraq da ABŞ mərkəzi bankının (FED) yaxın gələcəkdə gözlənilən dərəcədə sərt pul-kredit siyasəti həyata keçirməyəcəyinə ehtimalların yaranması qızılın dəyərinə müsbət təsir edən hal olsa da, qızlın qiymətinə tutarlı təsir baxımdan bu tendensiyanın dayanıqlı olması gərəkdir. Digər tərəfdən isə, ABŞ dollarının dəyər itirməsi qızılın qiymətinə müsbət təsir edən amil olmuşdur. Nəticə olaraq, son həftə ərzində qızılın dünya bazarında qiyməti cüzi azalmışdır. Belə ki, qızılın dekabr fyuçerslərinin qiyməti həftə ərzində 0,55% azalaraq Troy unsiyası (31,1 qram) üçün  4 107 ABŞ dolları təşkil etmişdir.