Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 23 – 27 sentyabr 2024

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Dövlət qiymətli kağızları

24 sentyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 25 investor iştirak etmiş və tələb təklifdən 0,16% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 10,50% olaraq müəyyən edilmiş, alış sifarişlərinin cəmi 0,16%-ı daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Yerləşdirilmiş istiqrazların həcmi 168 milyon 757 min manat təşkil etmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,5654% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,2845 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 1 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 150 milyon manat təşkil edəcəkdir.



Korporativ qiymətli kağızlar

17-24 sentyabr 2024-cü il tarixi aralığında Bakı Fond Birjasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin kütləvi təklif üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. 3 ay davam edən abunə yazılışı prosesində 33 710 investor 49 262 ədəd sifariş təqdim etmiş və bütün sifarişlər icra olunmuşdur. Səhmlərin ortaçəkili qiyməti 0,2744 manat, yerləşdirilmiş həcmi isə 56 milyon 535 min 109 manat təşkil etmişdir. Nəticə olaraq, bankın fiziki şəxs səhmdarlarının sayı 1 794 nəfərdən 35 104 nəfərə qədər artmış, bankın nizamnamə kapitalında özəl səhmdarların payı 7,8%-ə qədər yüksəlmişdir. Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin kütləvi təkliflə təklifi və yerləşdirilməsi ölkənin kapital bazarı üçün tarixi nəticə ilə tamamlanmışdır.  Qeyd edək ki, yerləşdirilmiş səhmlərin oktyabr ayının əvvəlindən etibarən təkrar bazarda kütləvi ticarəti nəzərdə tutulur.

23-25 sentyabr 2024-cü il tarixi aralığında Bakı Fond Birjasında “Legion Financial” ASC-nin ümumi buraxılış həcmi 1 milyon manat, ilkin  təklif qiyməti 100 manat olan səhmlərinin abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır. Hərracda 2 investor iştirak etmişdir. Səhmlərin hərrac qiyməti 100 manat, yerləşdirilmiş həcmi isə 395 min manat təşkil etmişdir.

26 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxılış həcmi 30 milyon ABŞ dolları, illik gəlirlilik faizi 7%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə  7 il olan təmin edilməmiş, subordinasiya edilmiş istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır. Hərracda 161 investor iştirak etmiş, istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

ABŞ kapital bazarı

Ötən həftənin əvvəli “S&P Global” tərəfindən açıqlanmış sentyabr ayı üzrə ABŞ-da iqtisadi aktivliyin dinamikasını əks etdirən menecer sorğularının (PMI) ilkin nəticələri əvvəlki ayın göstəricisindən 0,2 bənd az, cari ay üçün proqnoz ediləndən isə 0,1 bənd çox olaraq 54,4 bənd təşkil etmişdir. Qeyd edək ki, sözügedən göstərici ABŞ-da xidmət sektorunda iqtisadi artımın (55,4) olduğunu bildirsə də,  istehsalat sahəsində azalmanın (47) davam etdiyini əks etdirmişdir. Məlumat üçün bildirək ki, 50 bənddən aşağı göstərici iqtisadiyyatda azalmanı, 50 bənddən yuxarı göstərici isə müvafiq olaraq iqtisadi artımı bildirir.

Son həftə ABŞ-da istehlakçıların ölkədəki iqtisadi vəziyyət haqda rəylər və gözləntilərini  bildirən sorğular qarışıq nəticələr nümayiş etdirmişdir. Həftənin əvvəli “The Conference Board” tərəfindən keçirilən sentyabr ayı üzrə ABŞ-da istehlakçıların ölkədəki iqtisadi vəziyyətə olan güvənini və gözləntilərini əks etdirən sentyabr ayı üzrə sorğunun nəticəsi əvvəlki ayın nəticəsindən 4,6 bənd, cari ayın proqnoz edilən nəticəsindən isə 5,3 bənd az olaraq 98,7 bənd təşkil etmişdir. Həmçinin, ötən  həftənin sonu Miçiqan Universiteti ənənəvi olaraq keçirdiyi və ABŞ-da istehlakçıların cari və yaxın gələcəkdəki iqtisadi mühit haqqında dəyərləndirmə və gözləntilərini əks etdirən sentyabr ayı üzrə sorğunun yekun nəticələrini dərc etmişdir. Sentyabr üzrə sorğunun nəticəsi 70,1 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəriciidən 0,7 bənd, əvvəlki ayın göstəricisindən isə 1,1 bənd çox olmuşdur. Qeyd edək ki, sözügedən sorğuların nəticələri  istehlakçıların ABŞ-dakı iqtisadi mühit haqda rəyləri müsbət olduqda yüksəlir, mənfi olduqda isə müvafiq olaraq azalır.

ABŞ-da ipoteka kreditləri üzrə faiz dərəcələrinin azalması fonunda əmlak bazarında müsbət  tendensiyalar müşahidə edilsə də, ötən həftənin makroiqtisadi göstəriciləri qarışıq olmuşdur.  Belə ki, son həftə açıqlanan makroiqtisadi göstəriciyə əsasən ABŞ-da avqust ayı üzrə yeni əmlak satış sayı 700 min olmuşdur ki, bu da əvvəlki aya nisbətən 59 min az olsa da, proqnoz  edilən saydan 16 min çox olmuşdur. Digər tərəfdən, ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirməsindən sonra mövcud ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə əsaslı artım olmuşdur və İpoteka Bankirlər Assosiasiyasının İpotekaların Yenidən Maliyyələşdirmə İndeksi (The Mortgage Banker’s Association Mortgage Refinance Index) 2022-ci ilin aprel ayından bu tarixə ən yüksək səviyyəyə yüksəlmişdir.

Son həftə ABŞ-da cari ilin ikinci rübü üzrə ÜDM göstəricisinin üçüncü dərci baş tutmuşdur. Cari ilin ikinci rübü üzrə ABŞ ÜDM-i əvvəlki rübdə olduğu kimi 3% artım nümayiş etdirmişdir ki, bu da ekspertlərin proqnoz etdiyi tempdən 0,1 faiz bəndi çox olmuşdur. Əlavə olaraq, işsizlik müavinətinə ilkin müraciətlərin sayı 218 min təşkil etmişdir. Qeyd olunan müraciətlərin sayı proqnoz ediləndən 5 min, əvvəlki həftənin göstəricisindən isə 1 min az olmuşdur. Müsbət əmək bazarı dinamikası və ÜDM artım tempi ABŞ iqtisadiyyatının məqbul səviyyədə artmaqda olduğuna işarə etmişdir.

Ötən həftənin sonu ABŞ mərkəzi bankının inflyasiya ölçüsü olaraq ən üstünlük verdiyi əsas şəxsi istehlak xərcləri qiyməti indeksi (Core PCE) açıqlanmışdır. Qeyd edək ki, sözügedən indeks ABŞ-da istehlakçıların dəyişkən olan enerji və qida məhsulları xaric digər məhsul və xidmətlər üçün ödədikləri qiymət səviyyəsini ölçür. Qeyd olunan indeksə əsasən avqust ayı üzrə ABŞ-da istehlakçılar üçün qiymətlərin səviyyəsi 0,1% artmışdır ki, bu da həm ekspertlərin proqnoz etdiyindən, həm də iyul ayı üçün olan göstəricisən 0,1 faiz bəndi az olmuşdur. Həmçinin, əsas şəxsi istehlak xərcləri qiymət indeksi avqust ayı üçün illik 2,2% artmışdır ki, bu göstərici də proqnoz edilən göstəricidən  0,1 faiz bəndi, ötən ilin avqust ayının göstəricisindən isə 0,3 faiz bəndi az olmuşdur. ABŞ iqtisadiyyatında inflyasiya təzyiqlərinin  azalmasına işarə edən bir başqa makroiqtisadi göstəricilər də avqust ayı üzrə istehlakçıların şəxsi gəlir və xərclərinin dinamikası olmuşdur. Açıqlanan göstəriciyə əsasən avqust ayında ABŞ-da istehlakçıların şəxsi gəlirlərində 0,2% artım olmuşdur ki, bu da proqnoz edilən göstəricidən 0,2 faiz bəndi, əvvəlki ayın göstəricisndən isə 0,1 faiz bəndi az olmuşdur. Həmçinin, ABŞ-da istehlakçıların şəxsi xərcləri proqnoz edilən göstəricidən 0,1 faiz bəndi, əvvəlki ayın göstəricisdindən isə 0,3 faiz bəndi az olaraq avqust ayı üzrə 0,2% artmışdır.

Həftənin makroiqtisadi xəbərləri fonunda qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində azalma, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində isə cüzi artım müşahidə edilmişdir. İstinad göstəricisi kimi istifadə olunan (benchmark) tədavül müddəti 10 il təşkil edən ABŞ dövlət istiqrazının gəlirliliyi 0,02 faiz bəndi artaraq 3,75% təşkil etmişdir.



Qeyd edək ki, gələn həftə ABŞ-da sentyabr ayı üzrə əmək bazarının dinamikasını əks etdirən bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanacaq. Ekspertlər ABŞ-daki sentyabr ayı üzrə işsizlik səviyyəsinin 4%, yaradılmış iş yeri sayının isə 146 min olmasını proqnoz edirlər.

Ötən həftə ABŞ fond bazarı artım nümayiş etdirərək rekord həddə çatmışdır. Süni intellekt sektorunda tələbatın artması proqnozları ilə bərabər Çin hökumətinin Çində iqtisadi artımı stimullaşdırıcı tədbirləri açıqlaması investorlar tərəfindən müsbət qarşılanmışdır. ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 həftə ərzində 0,62% artım nümayiş etdirmişdir. Ən çox artım mədənçıxarma və xammal sənayesi (3,03%) və məişət malları və əhali üçün xidmət (2,11%) sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur. Ən çox dəyər itirən isə energetika (1,77%) və səhiyyə (1,46%) sektorunu təmsil edən şirkətlərin səhmlər olmuşdur. Çin hökumətinin açıqladığı iqtisadi stimullaşdırıcı tədbirlər xammal və kimyəvi maddələrə Çin iqtisadiyyatında olan tələbatın artacağı proqnozlarını gücləndirmişdir və, nəticə olaraq, müvafiq sahələrin şirkətlərin səhmləri xüsusi ilə dəyər qazanmışdır.




“Möhtəşəm Yeddiliyi” təşkil edən şirkətlərdən səhm dəyərində ən çox artım müşahidə edilən Tesla (ticarət simvolu:TSLA) və Nvidia (ticarət simvolu:NVDA) şirkətləri olmuşlar.



Dünyanın ən böyük elektrik mühərrikli avtomobil bazarı olan Çində hökumətin stimullaşdırıcı tədbirlərinin nəticəsində tələbatın artmasının gözlənilməsi, həmçinin, gələn həftə Tesla (ticarət simvolu:TSLA) şirkətinin  “Robotaxi” məhsulunu ictimaiyyətə təqdim etmə ərəfəsində investorların müsbət proqnozları şirkətin səhmlərinin dəyərinin həftə ərzində 9,32% artmasına səbəb olmuşdur. Nvidia (ticarət simvolu:NVDA) şirkətinin idarə heyətinin sədrinin özünə məxsus səhmlərin satışından imtina etməsi, əlavə olaraq, süni intellekt sektorunda ekspertlərin tələbat proqnozlarını yüksəltməsi şirkətin səhmlərinin həftə ərzində 4,66% artmasına təkan vermişdir. Bir digər diqqət çəkən hadisə Micron Technology (ticarət simvolu:MU) şirkətinin səhmlərinin dəyərinin ötən həftə ərzində 18,26% artması olmuşdur. Süni intellekt sahəsində yaxın gələcəyə verilən proqnozların müsbət olması buna əsas səbəb olmuşdur.

VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Ötən həftənin əvvəli ABŞ-da iqtisadi aktivliyi bildirən menecer sorğularının nəticələrinin (PMI) məqbul səviyyədə açıqlanması,  ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini iri miqyasda endirməyə davam edəcəyi proqnozlarını bərabərində gətirmişdir. Nəticə olaraq həftənin əvvəli ABŞ dolları avroya qarşı dəyər itirməyə başlamışdır. Lakin, Avrozonada iqtisadi aktivliyi bildirən menecer sorğularının nəticələri (PMI) proqnoz ediləndən zəif açıqlanması, xüsusi ilə də, Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatının tənəzzül əlamətləri nümayiş etdirməsi ABŞ dollarının avroya qarşı həftə içi dəyər qazanmasına səbəb olmuşdur. Buna baxmayaraq, ABŞ-da açıqlanmış əsas şəxsi istehlak xərcləri qiyməti indeksinə (Core PCE) əsasən ABŞ iqtisadiyyatında qiymət artımı tempinin azaldığı müşahidə edilmişdir. Qeyd edək ki, son həftələrdə ABŞ-da inflyasiya təzyiqlərinin səngiməsindən sonra ABŞ mərkəzi bankı həyata keçirdiyi pul siyasətində əsas diqqəti əmlak və əmək bazarlarına yönəltmişdir. Ümumilikdə, ötən həftə ABŞ dollarını avroya məzənnəsi volatil olmuşdur. Avropa Mərkəzi Bankının ABŞ mərkəzi bankı ilə müqayisədə faiz dərəcələrini endirməkdə qərarsız davranması ABŞ dolları avroya qarşı dəyər itirməsinə səbəb olmuşdur. 


USD/JPY məzənnəsinin dinamikası

Ötən həftə ABŞ-da açıqlanan makroqitisadi göstəricilərə əsasən inflyasiya təzyiqlərinin səngidiyi müşahidə edilmişdir. Bu hal ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaltmağa davam edəcəyinə zəmin yaratmışdır. Digər tərəfdən ötən həftə Yaponiyada açıqlanmış istehlak qiymətləri indeksi (CPI) sentyabr ayında Yaponiya iqtisadiyyatında qiymət artımının 2% olduğunu bildirmişdir ki, bu da Yaponiya mərkəzi bankının hədəflədiyi səviyyədə olmuşdur. Qeyd edək ki, Yaponiya mərkəzi bankının nümayəndələrinin əvvəlki çıxışlarında qiymət artımı dinamikasının hədəflədikləri səviyyədə olduqdan sonra uçot faiz dərəcəsini artıracaqlarını bildirmişdir. Həmçinin, Yaponiyanın yeni seçilmiş baş nazirinin pul siyasətinin normallaşdırılmasının tərəfdarı olduğunu qeyd etmişdir. Nəticə olaraq, Yaponiya yeni ötən həftə ABŞ dollarına qarşı dəyər itirmişdir.

Neft bazarının dinamikası

Yaxın Şərqdəki geosiyası vəziyyətin kəskinləməsi, habelə, Çin hökumətinin iqtisadi stimullaşdırıcı tədbirləri açıqlaması neftə olan tələbata müsbət təsir göstərən amillər olsalar da, neftin dünya bazarındakı qiymətində öz əksini tapmamışdır. Neftin dəyərinə ən böyük təsiri Səudiyyə Ərəbistanının neft hasilatı ilə bağlı planlarının dəyişməsini açıqlaması olmuşdur. Belə ki, Səudiyyə Ərəbistanı rəsmiləri itirilmiş bazar payını bərpa etmək məqsədilə neft hasilatını ilin sonunadək artırmağı planladıqlarını bildirmişlər. Bu xəbər son dövrdə aktual olan bazardakı artıq təkliflin neftin dəyərinə təzyiqlərini daha da artırmışdır. Nəticə olaraq, ötən həftə WTI markalı Amerika xam neftinin oktyabr fyuçerslərinin qiyməti həftəlik 3,97%, Brent markalı Avropa neftinin noyabr fyuçerslərinin qiyməti isə 2,60% azalmışdır.

Qızıl qiymətlərinin dinamikası

ABŞ-da inflyasiya təzyiqlərinin azalması fonunda ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirməyə davam etməsi gözləntiləri, dünyadakı geosiyasi vəziyyətin gərgin olaraq qalması, habelə, dünyanın ən böyük qızıl istehlakçısı olan Çinin iqtisadi stimullaşdırıcı tədbirləri açıqlaması faiz gəliri gətirməyən və “təhlükəsiz” investisiya aləti olan qızıla tələbatın yüksək olmasına, və, beləliklə də, qızılın dəyərinin yüksək qalmasına səbəb olmuşdur. Nəticə olaraq, son həftə ərzində qızılın oktyabr fyuçerslərinin qiyməti 0,60% artaraq bir Troy unsiyası (31,1 qram) üçün  2 644,30 ABŞ dolları təşkil etmişdir.