KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının hərracı baş tutmamışdır. Nəticə olaraq, 1 il və daha artıq tədavül müddətli dövlət istiqrazlarının hərraclar üzrə gəlirlilik faizləri sabit qalmışdır.
Korporativ qiymətli kağızlar
22 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında “KƏPƏZ BOKT” MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır. Yerləşdirilmə abunə yazılışı üsulu ilə həyata keçirilmişdir.
23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT “International” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 18%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 3 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır. Yerləşdirilmə rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir.
23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-nin nominal dəyəri 100 ABŞ Dolları, ümumi buraxılış həcmi 30 milyon ABŞ Dolları, illik gəlirlilik faizi 7%, ödəmə tezliyi 3 ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların abunə yazılışı 23 dekabr 2025-ci il tarixində başlamış olub, 29 dekabr 2025-ci il tarixində bitəcəkdir. İstiqrazların yerləşdirilməsi isə 30 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “Xalq Bank” ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 5 milyon manat, illik gəlirlilik faizi 9%, ödəmə tezliyi 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların abunə yazılışı 24 dekabr 2025-ci il tarixində başlamış olub, 26 dekabr 2025-ci il tarixində bitmişdir. İstiqrazların yerləşdirilməsi isə 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “MJ Financial Services BOKT” ASC-nin nominal dəyəri 30 001 manat, ümumi buraxılış həcmi isə 4 800 160 manat olan səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, səhmlərin abunə yazılışı 26 dekabr 2025-ci il tarixində başlamış olub, 1 iş günü davam etmişdir. Səhmlərin yerləşdirilməsi isə 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) üzrə rüblük artım göstəricisi dərc olunmuşdur. Göstəriciyə əsasən, ÜDM 2025-ci ilin üçüncü rübündə 4,3% artmışdır ki, bu da ikinci rüb üzrə göstəricidən 0,5 faiz bəndi, proqnozlardan isə 1 faiz bəndi artıq olmuşdur. Artımın əsas səbəbi şəxsi istehlak xərclərindəki yüksəliş və idxal həcmində azalma olmuşdur. Buna baxmayaraq istehlakçı inam indeksi 92,9 bənd səviyyəsindən enərək dekabr ayı üçün 89,1 bənd səviyyəsində qərarlaşmışdır.
Ötən həftə ABŞ-ın əmək bazarı ilə bağlı da makroiqtisadi göstəricilər açıqlanmışdır. İlk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı isə 20 dekabr tarixində bitən həftə üçün 10 min azalaraq 214 min təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı isə 26 min artaraq 1,923 milyon nəfərə çatmışdır.
ABŞ-ın Milli İqtisadi Şurasının sədri Kevin Hasset, mərkəzi bankın faiz dərəcələrini endirməkdə ləngidiyini, ABŞ iqtisadiyyatında üçüncü rübdəki böyümənin əsasən gömrük rüsumu gəlirlərindən qaynaqlandığını bildirmişdir. Qeyd edək ki, Hasset yumşaq pul-kredit siyasəti tərəfdarıdır və ABŞ mərkəzi bankının növbəti idarə heyəti sədri olaraq seçilmə ehtimalı yüksəkdir.
Geridə qoyduğumuz həftə ərzində demək olar ki, bütün tədavül müddətləri üzrə dövlət istiqrazlarının gəlirliliklərində azalma müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna bir həftə əvvələ nisbətdə 0,02 faiz bəndi azalaraq 4,14% təşkil etmişdir.
ABŞ-da rəsmi bayramlarla əlaqədar olaraq nisbətən qısa keçən ötən həftə ərzində süni intellekt investisiyaları ilə bağlı nikbinliyin yenidən artması, əsas fond bazarı indekslərində yüksəlişə səbəb olmuşdur.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 1,40% artmışdır. Ən çox artan mədənçıxarma və xammal sənayesi (1,63%), maliyyə xidmətləri (1,42%), elektronika sənayesi və İKT (1,33%) və rabitə xidmətləri (1,24%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ən çox dəyər itkisi isə qida məhsulları və pərakəndə ticarət (0,70%) sektorunu təmsil edən şirkətlərin səhmlərində olmuşdur.
Ötən həftə müsbət makroiqtisadi göstəricilər, faiz endirimi ehtimallarının yenidən gündəmə gəlməsi və risk iştahasının yenidən artması, süni intellekt və əlaqəli sahələr, həmçinin digər qabaqcıl texnologiyalar üzrə fəaliyyət göstərən şirkətlərin səhmlərinin dəyərini artırmışdır. Belə ki, süni intellekt məlumat mərkəzi şirkətləri “Nebius Group” (ticarət simvolu: NBIS), “CoreWeave” (ticarət simvolu: CRWV), “IREN Limited” (ticarət simvolu: IREN), “Oracle Corporation” (ticarət simvolu: ORCL), süni intellekt sahəsində enerji infrastrukturunun qurulmasında rol oynayan “Bloom Energy” (ticarət simvolu: BE) və “GE Vernova” (ticarət simvolu: GEV), aparat təminatı istehsalçıları “NVIDIA” (ticarət simvolu: NVDA), “Advanced Micro Devices” (ticarət simvolu: AMD), “Micron Technology” (ticarət simvolu: MU), kosmos sənayesi üzrə fəaliyyət göstərən “Rocket Lab” (ticarət simvolu: RKLB), “AST SpaceMobile” (ticarət simvolu: ASTS), “Intuitive Machines” (ticarət simvolu: LUNR), “Voyager Technologies” (ticarət simvolu: VOYG) kimi şirkətlərin səhmləri yüksək artış göstərmişdir.
“Rocket Lab” şirkəti ötən həftənin bazar ertəsi günü ABŞ-ın Kosmik İnkişaf Agentliyi (SDA) ilə 816 milyon ABŞ dolları dəyərində razılaşma əldə olunduğunu açıqlamışdır. Anlaşmaya əsasən, “Rocket Lab” agentlik üçün 18 peykin dizaynı və istehsalını həyata keçirəcək. Həmin gün paylaşılan digər bir xəbərə görə, “Rocket Lab” 2025-ci ildə artıq 21-ci raketi uğurla kosmosa göndərmiş, bununla da şirkətin 2025-ci il üçün raket buraxılışları 100% uğurlu olmuşdur. “Rocket Lab” səhmlərinin qiyməti bu xəbərlərdən sonra 10%, ilin əvvəlindən bəri 183% artmışdır.
Digər bir kosmos sənayesi şirkəti “AST SpaceMobile” “Bluebird 6” adlı peyki uğurla orbitə göndərmişdir. “Bluebird” peykləri əlavə cihaza ehtiyac olmadan birbaşa mobil cihazlara şəbəkə təklif edir, və bu şəbəkənin zolaq genişliyi yeni peyklər sayəsində 10 qatına çıxacaqdır. Əlavə olaraq qeyd edək ki, “Bluebird 6” hal-hazırda orbitdəki ən böyük kommersiya məqsədli peykdir. “AST SpaceMobile” səhmlərinin dəyəri peyklərin göndərilmə gözləntisi fonunda bazar ertəsi günü 14%, ilin əvvəlindən bəri isə 232% artmışdır.
“Google” şirkətinin ana şirkəti “Alphabet” (ticarət simvolu: GOOGL) məlumat mərkəzi və energetika infrastrukturu şirkəti “Intersect”-i satın alacağını açıqlamışdır. Alış 4,75 milyard ABŞ dolları dəyərində, nağd ödəniş formasında olacaq və 2026-cı ilin birinci yarısında yekunlaşacaq. Qeyd edək ki, “Alphabet” səhmlərinin qiyməti 2025-ci ildə 60%-dən çox artış göstərmişdir.
“Novo Nordisk” (ticarət simvolu: NVO) şirkəti “Wegovy” çəki itirmə dərmanının həb şəklində buraxılması üçün ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiq almışdır. Bununla da “Novo Nordisk” səhmləri, ilin əvvəlindən bəri 45% dəyər itirdikdən sonra 10% yüksəlmişdir.
“Intel Corporation” (ticarət simvolu: INTC) şirkətinin səhmləri, “NVIDIA” (ticarət simvolu: NVDA) şirkətinin “Intel”-in “18A” mikrosxem istehsal prosesindən istifadə etməyi dayandırmasından sonra 3% dəyər itirmişdir. Qeyd edək ki, “Intel” “Taiwan Semiconductor Manufacturing Company” (ticarət simvolu: TSM) ilə rəqabəti artırmaq üçün nisbətən geridə qalmış “18A” prosesini dayandırmağı və yalnız qabaqcıl mikrosxemlərin istehsalında istifadə olunan “14A” prosesindən istifadə etməyi planlaşdırır. Qeyd edək ki, “Intel” səhmlərinin dəyəri ilin əvvəlindən bəri 80%-ə yaxın artmışdır.
“NVIDIA” şirkəti ilə bağlı digər bir maraqlı xəbər isə şirkətin süni intellekt mikrosxemləri dizayneri “Groq” startapına etdiyi 20 milyard ABŞ dolları dəyərində investisiya olmuşdur. Rəsmi açıqlamalarda “Groq”-un müstəqil fəaliyyətinə davam edəcəyi, investisiyanın isə “lisenziya anlaşması” olduğu önə sürülsə də, qeyri-rəsmi məlumatlara görə “Groq” startapı tamamilə satın alınmışdır. Startapın əsas mikrosxem məhsulu “Dil Emal Qurğusu” (LPU), süni intellektlərin dil emalı üçün “NVIDIA” şirkətinin istehsal etdiyi qrafik prosessorlardan (GPU) və “Google” istehsalı tensor emalı qurğularından (TPU) daha məhsuldardır. Əlavə olaraq onu qeyd edək ki, bu ilin sentyabrında “Groq” startapı 6,9 milyard ABŞ dolları dəyərində qiymətləndirilmişdi.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə Avrozonanın makroiqtisadi təqvimi nisbətən hadisəsiz yadda qalmışdır. Bununla belə, investorların Avropa mərkəzi bankının 2026-cı ildə faiz dərəcələrini azaltmayacağına dair gözləntiləri, ABŞ mərkəzi bankının isə faiz endirimlərinə gedəcəyi ehtimalı, eləcə də növbəti il ABŞ mərkəzi bankının idarə heyətinin sədri Cerom Pauelin yerinə təyin olunacaq şəxsin daha yumşaq pul-kredit siyasəti yürüdəcəyinə dair proqnozlar ABŞ dollarının ötən həftə ərzində avroya qarşı dəyər itirməsinə səbəb olmuşdur.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftə Yaponiya mərkəzi bankının idarə heyətinin oktyabrda keçirdiyi görüşün protokolu dərc olunmuşdur. Həmin görüşdə ümumi qərar faizlərin sabit saxlanılması yönündə olsa da, heyətin 2 üzvü faizlərin artırılması yönündə səs vermiş, dekabr görüşündə isə faizlər Yaponiyada son 30 ilin ən yüksək səviyyəsinə, 0,75 faiz bəndinə artırılmışdır. Oktyabrdakı sabitliyə əsas səbəb kimi ABŞ-ın gömrük rüsumlarının təsirlərinin və yerli şirkətlərin 2026-cı il üçün məvacib artımlarının müşahidəsinə əlavə vaxt tanınması olmuşdur. Bir digər idarə heyəti üzvü isə Yaponiyanın baş naziri Sanae Takaiçinin yeni administrasiyasının iqtisadi siyasətinin yaradacağı qeyri-müəyyənliyi faizlərin sabit saxlanmasına səbəb kimi bildirmişdir.
Yaponiyanın əmək bazarı nisbətən stabilləşmiş, noyabr ayı üçün işsizlik göstəricisi ötən ayın analoji göstəricisinə və proqnozlara paralel olaraq 2,6% təşkil etmişdir. Lakin noyabr ayında iqtisadi inkişafda nisbətən durğunluq müşahidə olunmuş, pərakəndə satışlar illik miqyasda 0,7 faiz bəndi geriləyərək 1% səviyyəsində, sənayə istehsalı isə aylıq miqyasda 4,1 faiz bəndi geriləyərək mənfi 2,6% səviyyəsində qərarlaşmışdır. Nəticə olaraq, Yaponiya mərkəzi bankının faizləri növbəti görüşdə yenidən artırma ehtimalı nisbətən azalması Yaponiya yeninin qiymətinə mənfi təsir etmiş olsa da, Yaponiyanın maliyyə naziri Satsuki Katayamanın ABŞ dollarının Yaponiya yeninə qarşı həddindən artıq yüksəldiyi təqdirdə bazara müdaxilə edəcəyini açıqlaması, Yaponiya yeninin ötən həftə ərzində ABŞ dollarına qarşı dəyər qazanmasına yol açmışdır.

ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Ukrayna və Rusiya arasında sülh imzalanması üçün aparılan danışıqların nəticə verməməsi, tərəflərin ötən həftə ərzində də enerji infrastrukturuna qarşılıqlı zərbələr endirməsi həm geosiyasi riskləri artırmış, həm də neftin dünya bazarına çatdırılmasında ləngimələr yaratmış, və nəticə olaraq, neftin dünya bazarındakı təklifində nisbətən azalma müşahidə olunmuşdur.
Əlavə olaraq, Çin Xalq Respublikasının maliyyə nazirliyi açıqlamasında 2026-cı il üçün büdcə xərclərini artıraraq iqtisadiyyatın inkişafına əlavə təkan verəcəyini açıqlamışdır ki, bu da xam neftin ən böyük idxalçısının 2026-cı ildə neftə olan tələbini artıracaqdır.
Ümumilikdə, son həftə ərzində WTI markalı Amerika xam neftinin 2026-cı ilin yanvar fyuçerslərinin qiyməti 0,39%, Brent markalı Avropa neftinin növbəti ilin fevral fyuçerslərinin qiyməti isə 0,28% artmışdır. Lakin illik miqyasda nəzərə alındıqda, xam neft 2025-ci ildə 20%-ə yaxın dəyər itirmişdir.
Qızılın qiymətinin dinamikası
Dünya ölkələrinin mərkəzi banklarının və investorların inflyasiyaya və digər iqtisadi və siyasi risklərə qarşı “təhlükəsiz liman” olduğu üçün qızıl, ötən həftə ərzində də artımına davam etmişdir. Bununla da, qızılın 2026-cı ilin fevral ayı üçün olan fyuçerslərinin qiyməti 3,77% artaraq 4 552,7 ABŞ dollarına çatmışdır. Nəticə olaraq, qızıl 2025-ci ildə 70%-dən çox artım və 1979-cu ildən bəri ən yaxşı illik performansını göstərmişdir.