HƏFTƏNİN XÜLASƏSİ
KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
Ötən həftə ərzində Bakı Fond Birjasında dövlət istiqrazlarının hərracı olmamışdır. Nəticə olaraq, dövlət istiqrazlarının keçirilən son hərraclar üzrə gəlirlilik əyrisi dəyişməz qalmışdır.
Korporativ qiymətli kağızlar
"Regional" BOKT MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 16%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə 27 iyul 2026-cı il tarixində Bakı Fond Birjasında keçiriləcək.
22 iyul 2026-cı il tarixində Bakı Fond Birjasında "GL" ASC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 3 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə baş tutmuşdur. Hərracda 53 investor iştirak etmiş və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
ABŞ kapital bazarı
Geridə qoyduğumuz həftə ABŞ-da makroiqtisadi təqvim nisbətən seyrək olmuşdur.
Həftənin ən diqqət çəkən makroiqtisadi göstəricisi “S&P Global” tərəfindən keçirilən və cari ilin iyul ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat və xidmət sektorundakı dinamikanı əks etdirən menecer sorğularının (PMI) ilkin nəticələri olmuşdur. Nəticələrə əsasən istehsalat sahəsi üzrə “PMI” göstəricisi proqnozlardan 0,6 bənd, əvvəlki ayın analoji göstəricisindən isə 0,1 bənd az olaraq 53,8 bənd təşkil etmişdir. Xidmət sektoru üzrə “PMI” göstəricisi isə 53,6 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 2,1 bənd, əvvəlki ayın analoji göstəricisindən isə 2,4 bənd çox olmuşdur. Məlumat üçün bildirək ki, “PMI” üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivlikdə artımı, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmanı bildirir.
Bir başqa maraq doğuran makroiqtisadi göstərici də ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı olmuşdur. 18 iyul 2026-cı il tarixində bitən həftə üzrə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı bir həftə əvvələ nisbətdə 22 min azalaraq 187 min təşkil etmişdir ki, bu da proqnoz edilən saydan 23 min az olmuşdur. Əlavə edək ki, sözügedən makroiqtisadi göstəricinin analitiklər üçün həftəlik göstəricisindən daha çox əhəmiyyət kəsb edən dəyişən ortaçəkili sayı (moving average) son 4 həftəlik dövrdə 222 mindən 208 minə enmişdir. Bu hal fonunda ABŞ əmək bazarının kifayət qədər dayanıqlı olduğunu qeyd etmək olar.
Son dövrlərdə ABŞ iqtisadiyyatında inflyasiya təzyiqinin əsas yükünü daşıyan xidmət sektoru üzrə “PMI” göstəricisinin proqnoz ediləndən yüksək olması, habelə ABŞ əmək bazarının tutarlı göstrəriciləri ABŞ mərkəzi bankının yaxın gələcəkdə sərt pul-kredit siyasəti aparacağına verilən ehtimalları artırmışdır. Bu fonda ABŞ Xəzinədarlığı istiqrazlarının qiymətləri enmiş və müvafiq olaraq gəlirlilikləri artmışdır. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül mddətli ABŞ Xəzinədarlığı istiqrazının gəlirliliyi bir həftə əvvələ nəzərən 0,14 faiz bəndi artaraq illik 4,69% təşkil etmişdir.

Üzümüzə gələn həftə ABŞ-da vacib makroiqtisadi göstəricilərin açıqlanması gözlənilir. Səbrsizliklə gözlənilən ən vacib hadisə ABŞ mərkəzi bankının növbəti görüşü və görüş nəticəsində uçot faiz dərəcəsi ilə bağlı qərarıdır. Ekspertlər ABŞ mərkəzi bankının ölkədəki faiz dərəcəsinin aşağı həddini 3,50% səviyyəsində, yuxarı həddini isə 3,75% səviyyəsində saxlayacağını proqnoz edirlər. Gələn həftə, həmçinin, ABŞ ÜDM-inin cari ilin ikinci rüb üzrə dinamikası açıqlanacaqdır. Ekspertlərin konsensu proqnozuna əsasən ABŞ ÜDM-inin ikinci rüb üzrə 2,1% artması gözlənilir.
Ötən həftə ABŞ fond bazarının əsas indekslərinin əksəriyyəti enmişdir. Buna əsas səbəb investorların süni intellekt (AI) sahəsini təmsil edən şirkətlərin gələcək gəlirlərinə dair olan narahatlıqları olmuşdur. Bir başqa amil olaraq Yaxın Şərqdəki geosiyasi vəziyyətin gərginləşməsi nəticəsində dünya bazarında neftin dəyərinin artmasını qeyd etmək mümkündür. “AI” sahəsinin gələcəyinə dair skeptik yanaşmanın zəmin qazanması fonunda təbii olaraq texnologiya sahəsınin şirkətlərinin ağırlıq təşkil etdiyi “NASDAQ” fond bazarı indeksi -2,13% ilə həftənin ən çox itirən indeksi olmuşdur.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,61% azalmışdır. Ən çox artım energetika (3,36%), və kommunal xidmətlər (2,48%), ən çox azalma isə məişət malları və əhali üçün xidmətlər (5,22%), rabitə xidmətləri (3,93%) sahəsini təmsil edən şirkətlərin səhmlərində müşahidə edilmişdir.
Ötən həftə “S&P 500” indeksini təşkil edən şirkətlərin 86-sı rüblük maliyyə göstəricilərini açıqlamışdır. “Möhtəşəm yeddiliyi” təşkil edən şikətlərdən “Alphabet (ticarət simvolu: GOOGL) və “Tesla” da (ticarət simvolu: TSLA) bu şirkətlər arasında olmuşdur. “Tesla”-nın (ticarət simvolu: TSLA) ikinci rüb üzrə gəliri proqnozları üstələyərək 28,24 milyard ABŞ dolları təşkil etsə də, səhm başına xalis mənfəətinin proqnoz edilən 50 sentdən 33 sentə düşməsi investorlarda məyusluq yaratmışdır. Nəticə olaraq şirkətin səhmlərinin dəyəri həftə ərzində 17,81% azalmışdır. “Alphabet (ticarət simvolu: GOOGL) isə həm rüblük gəlir, həm də səhm başına xalis mənfəət göstəricilərində ekspertlərin proqnozlarını üstələmişdir. Buna baxmayaraq şirkətin cari il üçün kapital xərclərinin əvvəl açıqlanan 190 milyarddan 205 milyard ABŞ dollarına qədər artacağını proqnoz etməsi şirkətin səhmlərinin dəyərinə mənfi təsir etmişdir. Belə ki, son həftə ərzində şirkətin səhmlərinin qiyməti 7,79% enmişdir. Ümumilikdə, süni intellekt üzrə artan kapital xərcləri investorlarda narahatçılıq yaratmışdır. “Goldman Sachs”-ın süni intellekt sahəsi xaric “S&P 500”-də yer alan digər şirkətlərin səhm dəyərini təqib edən “S&P 500 ex AI” indeksini “S&P 500” indeksinin özü ilə müqayisə etsək bu narahatçılığı bariz şəkildə müşahidə edə bilərik.
Belə ki, son həftəyə baxsaq “S&P 500 ex AI” indeksinin marjinal artımının “S&P 500” indeksinin artımından daha çox olduğunu görə bilərik. İnvestorların “AI” üzrə irihəcmli kapital xərclərinə skeptik yanaşmağa başlaması fonunda gələn həftə açıqlanacaq “Möhtəşəm Yedilikdən” “Microsoft” (ticarət simvolu: MSFT), “Meta Platforms” (ticarət simvolu: META), “Apple” (ticarət simvolu: AAPL) və “Amazon” (ticarət simvolu: AMZN) şirkətlərinin rüblük hesabatları böyük maraqla gözlənilir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəriciləri ABŞ mərkəzi bankının bu həftə baş tutacaq görüşündə faiz dərcələrini artıracağına tutarlı səbəb kimi görsənməsə də, ABŞ iqtisadiyyatında müəyyən inflyasiya təzyiqinin olmasına işarə etmişdir və ABŞ mərkəzi bankının yaxın gələcəkdə sərt pul siyasəti aparmasına proqnoz verən ekspertlərin sayını artırmışdır. Digər tərəfdə isə, Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişməz saxlamışdır. Bank, makroiqtisadi mühitin tələb edəcəyi təqdirdə faiz dərəcələrini artıra biləcəyinə işarə etsə də, Yaxın Şərqdə münaqişənin alovlanması ilə artan neft qiymətləri Avrozonanın iqtisadiyyatına mənfi təsir etməyə davam etmişdir. Bu hal isə Avropra Mərkəzi Bankının potensial qərar diapazonunu məhdudlaşdırır. Nəticə olaraq, geridə qoyduğumuz həftə ərzində ABŞ dolları avroya nisbətdə dəyər qazanmışdır.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftə Yaponiyada istehlakçı qiymət indeksinin (CPI) gözləniləndən artıq açıqlanması Yaponiya iqtisadiyyatında inflyasiyanın artmasına işarə etmişdir. Lakin, inflyasiya dərəcəsinin dövlət subsidiyalarından qaynaqlandığını, habelə, artan neft qiymətlərinin Yaponiya iqtisadiyyatının artım tempinə mənfi təsir etməsini nəzərə alsaq Yaponiya mərkəzi bankının faiz dərəcələrini artıracağını əminliklə demək mümkün deyil. ABŞ-ın makroiqtisadi mühiti fonunda iki ölkə arasındakı faiz dərəcləri fərqi davam etməkdədi. Yaponiya mərkəzi bankı rəsmilərinin bazara müdaxilə edə biləcəyinə dair çıxışlarında baxmayaraq, ötən həftə ərzində Yaponiya yeni ABŞ dollarına nisbətdə dəyər itirmişdir.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
ABŞ və İran İslam Respublikası arasında münaqişənin yenidən alovlanması vacib neft arteriyası olan Hörmüz boğazında gəmiçiliyi yenidən təhlükə altına almışdır. ABŞ dollarının güclənməsinə baxmayaraq Yaxın Şərqdəki münaqişə neftin dünya bazarında tədarükündə qeyri-müəyyənlik yaratmışdır. Nəticə olaraq dünya bazarında neftin dəyəri artmışdır. Belə ki, son həftədə WTI markalı Amerika xam neftinin 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti 9,21%, Brent markalı Avropa neftinin sentyabr fyuçerslərinin qiyməti isə 9,85% artmışdır.
Qızılın qiymətinin dinamikası
ABŞ dollarının dəyərinin artması və ABŞ mərkəzi bankının yaxın gələcəkdə sərt pul-kredit siyasətinin tətbiq edəcəyini işarələrin zəmin qazanması qızılın dünya bazarındakı dəyərinə mənfi təsir edən amillər olmuşdur. Buna baxmayaraq, Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi qızılın “təhlükəsiz liman” investisiya seçimi olaraq cəlbediciliyinin artırmasına səbəb olmuşdur. Nəticə olaraq, ötən həftə ərzində qızılın dəyərində cüzi artım müşahidə edilmişdir. Belə ki, qızılın dekabr fyuçerslərinin qiyməti həftə ərzində 1,32% artaraq Troy unsiyası (31,1 qram) üçün 4 129,70 ABŞ dolları təşkil etmişdir.