KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
3 sentyabr 2024-cü il tarixində BFB-də tədavül müddəti 1 il olan diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı təqdim edilən sifarişlərin gəlirlilik dərəcələri emitenti qane etmədiyindən hərrac baş tutmamışdır. Qeyd edək ki, 10 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 120 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
13 sentyabr 2024-cü il tarixindən başlayaraq Bakı Fond Birjasında “Kristal Bakı” ASC-nin ilkin ticarət qiyməti 1 manat, ümumi buraxılış həcmi 990 min manat olan “standart bazar” seqmqntində listinqə daxil edilmiş səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Abunə yazılışı 3 iş günün davam edəcək və səhmlər üzrə yerləşdirmə 18 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
13 sentyabr 2024-cü il tarixindən başlayaraq Bakı Fond Birjasında “Legion Financial” ASC-nin ilkin ticarət qiyməti 100 manat, ümumi buraxılış həcmi 1 milyon manat olan “standart bazar” seqmqntində listinqə daxil edilmiş səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Abunə yazılışı 3 iş günün davam edəcək və səhmlər üzrə yerləşdirmə 23 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
6 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin nominal dəyəri 1 000 manat, ümumi buraxılış həcmi 400 min manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 5 il olan təmin edilməmiş istiqrazları birqiymətli hərrac üsulu ilə tam həcmdə yerləşdirilmişdir. Hərracda 1 investor iştirak etmişdir.
6 sentyabr 2024-cü il tarixindən başlayaraq Bakı Fond Birjasında “Mərmər İnşaat” ASC-nin ilkin ticarət qiyməti 1000 manat, ümumi buraxılış həcmi 100 min manat olan “standart bazar” seqmentində listinqə daxil edilmiş səhmləri üzrə abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşmışdır. Abunə yazılışında 1 investor iştirak etmişdir və səhmlər tam həcmdə yerləşdirilmişdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da açıqlanan makroiqtisadi göstəricilər investorlar tərəfindən məyusluqla qarşılanıb. Təchizat İdarəçiliyi İnstitutu (ISM) və S&P Global tərəfindən açıqlanan avqust ayı üzrə ABŞ iqtisadiyyatında istehsalat dinamikasnı bildirən menecer sorğularının nəticələri (PMI) gözləntiləri qarşılamamışdır. ISM-ə əsasən avqust üzrə ABŞ-da PMI göstərcisi 47,2 bənd təşkil etmişdir ki, bu da proqnozlaşdırılan göstəricidən 0,3 bənd az olmuşdur. S&P Global-ın açıqladığı PMI göstəricisi də, həmçinin, avqust ayı üzrə pronozlaşdırılan səviyyədən 0,1 bənd az olmaqla 47,9 bənd təşkil etmişdir. Qeyd edək ki, PMI göstəricisi üzrə 50 bənddən aşağı səviyyə iqtisadi aktivlikdə azalmanı, 50 bənddən yuxarı isə müvafiq olaraq artımı bildirir. Son həftənin bir digər maraq kəsb edən xəbəri ABŞ-da əmək bazarı dinamikasını əks etdirən makroiqtisadi göstəricilərin açıqlanması olmuşdur. Avqust ayı üzrə işsizlik səviyyəsi ekspertlərin proqnoz etdiyi kimi 4,2% təşkil etmişdir ki, bu da əvvəlki aya nisbətdə 0,1 faiz bəndi az olmuşdur. Yeni yaradılmış iş yerləri sayı üzrə isə açıqlanan göstəricilər proqnoz edilənə nisbətən daha zəif olmuşdur. Əmək bazarı üzrə tanınmış ADP şirkətinin hesabatına əsasən avqust ayında ABŞ iqtisadiyyatında 99 min yeni iş yeri yaradılmışdır ki, bu da proqnozlaşdırılan 145 min yeni iş yeri sayında az olmuşdur. Habelə, həfətnin sonuna doğru ABŞ Əmək Departamentinin rəsmi açıqladığı hesabata əsasən ABŞ iqtisadiyyatında avqust ayında kənd təsərrüfatı sahəsi xaric digər sahələr üzrə 142 min yeni iş yeri yaradılmışdır ki, bu da proqnoz edilən 165 min yeni iş yeri sayından az olmuşdur. Əlavə olaraq, ABŞ Əmək Departamenti əvvəlki ay üzrə olan göstəricinin yenidən qiymətləndirərək 89 min yeni iş yeri olaraq açıqlamışdır ki, bu da əvvəl açıqlanan göstəricidən 25 min iş yeri az olmuşdur. Azalan istehsalat tempi və zəif əmək bazarı dinamikası investorlarda ABŞ iqtisadiyyatının artımı barədə narahatçılıq yaratmışdır və bəzi ekspertlərdə ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini endirmək üçün gecikdiyinə dair fikir formalaşdırmışdır. Ekspertlər tərəfindən cari ay ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini 25 baza bəndi endirəcəyi qacınılmaz kimi qəbul edilsə də, ABŞ mərkəzi bankının cari ayda baş tutacaq görüşündə uçot faiz dərəcəsini 50 baza bəndi azaldacağına dair verilən ehtimallar zəifləmişdir. Ümumilikdə, ötən həftə ABŞ dövlət istiqrazlarının gəlirliliklərində azalma müşahidə edilmişdir. 10 il tədavül müddəti olan ABŞ dövlət istiqrazının gəlirliliyi 0,19 faiz bəndi azalaraq 3,72% təşkil etmişdir.
Qeyd edək ki, gələn həftə ABŞ-da avqust ayı üzrə ABŞ iqtisadiyyatındakı qiymət dinamikasını əks etdirən istehlak qiymətləri indeksi (CPI) göstəriciləri açıqlanacaqdır. Ekspertlər qiymət artımı səviyyəsinin aylıq 0,2% səviyyədə artmasını proqnoz edirlər.
Son həftənin makroiqtisadi xəbərləri fonunda ABŞ iqtisadiyyatının artım dinamikası azalması narahatçılıqlarının artması fond bazarına mənfi təsir etmişdir. ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 ötən həftə ərzində 4,25% azalmışdır. Ən çox azalma elektronika sənayesi və İKT (7,45%), energetika (5,77%) və mədənçıxarma və xammal sənayesi (4,66%) sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərində olmuşdur. Artım isə qida məhsulları və pərakəndə ticarət (0,58%) və tikinti və daşınmaz əmlak (0,18%) sektorları təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ümumilikdə, S&P 500 fond bazarı indeksi son 18 ayın ən mənfi həftəlik dinamikasını nümayiş etdirmişdir. Elektronika sənayesi və İKT sektorundakı azalmanın əsas səbəbi NVidia şirkətinin (ticarət simvolu: NVDA) səhmlərinin dəyərinin həftə ərzində 13,86% enməsi olmuşdur. Şirkətin ABŞ-da inhisarçılığa qarşı araşdırma ilə qarşılaşma ehtimalları şirkətin səhmlərinə mənfi təsir etmişdir və, nəticə olaraq, şirkətin bazar kapitalizasiyasında təqribən 300 milyard ABŞ dolları azalma müşahidə edilmişdir. Energetika sektorunun şirkətlərinin səhmlərinin dəyərinə mənfi təsir edən əsas amil isə dünyada neftin dəyərinin azalması olmuşdur.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Örtən həftənin ilk yarısında ABŞ-da açıqlanmış makroiqtisadi göstəricilərə əsasən ABŞ-da istehsalat dinamikasında səngimə müşahidə edilmişdir, və bu xəbərin fonunda ABŞ dolları avroya qarşı dəyər itirməyə başlamışdır. Lakin, həftənin sonuna doğru ABŞ-da açıqlanmış əmək bazarı dinamikasını əks etdirən makroiqtisadi göstəricilərin açıqlanmasından sonra ABŞ dolları avroya qarşı dəyər qazanmağa başlamışdır. Avrozonada iqtisadi aktivlikdə artımın proqnoz ediləndən daha az olması avronun məzənnəsinə təzyiq edən əsas amillərdən olmuşdur. Nəticə olaraq, ötən həftə ərzində ABŞ dolları avroya qarşı cüzi dəyər itirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftə ərzində Yaponiya yeni ABŞ dollarına qarşı dəyər qazanmışdır. Yaponiya mərkəzi bankının cari ildə yenidən uçot faiz dərəcəsini artıracağı ehtimallarının güclənməsi, eyni zamanda, ABŞ mərkəzi bankının cari aydan uçot faiz dərəcəsini endirməyə başlaması ehtimallarının artması yenin ABŞ dollara nisbətdə dəyər qazanmasına təkan vermişdir. Həmçinin, ötən həftə ABŞ fond bazarındakı mənfi dinamika sərgiləməsi də ABŞ dollarının yenə nisbətən dəyər itirməsinə səbəb olan bir digər amil olmuşdur.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Ötən həftə neft dəyər itirməyə davam etmişdir. Dünyanın ən böyük iki neft istehlakçısı olan Çin və ABŞ-ın makroiqtisadi göstəriciləri buna əsas səbəb olmuşdur. ABŞ-da əmək bazarı dinamikasının proqnoz ediləndən daha zəif olması, həmçinin, sənaye istehsalında müşahidə edilən səngimə, neftə olan tələbata mənfi təsir etmişdir. Digər tərəfdən, Çində avqust ayı üzrə açıqlanmış istehsalat üzrə PMI göstəricisi 49.1 bənd təşkil etmişdir ki, bu da ötən ayın eyni göstəricisindən 0,3 bənd az olmuşdur. Ümumilikdə, Çində istehsalat 2023-cü ilin aprel ayından bu günə ilk dəfədir ki, üç ay ardıcıl olaraq azalmaqdadır. Beləliklə, Çin iqtisadiyyatındakı son aylarda müşahidə edilən durğunluq neftin tələbatına mənfi təsir bir başqa amil olmuşdur. Qeyd edək ki, OPEC+ - un cari ilin oktyabr ayından neft hasilatını artırma qərarını təxirə salması, habelə, dünyadakı gərgin geosiyasi vəziyyətin neftin dəyərinə müsbət təsiri neftin dəyərinin azalmasının qarşısını almamışdır. Nəticə olaraq, WTI markalı Amerika xam neftinin oktyabr fyuçerslərinin qiyməti həftəlik 7,99%, Brent markalı Avropa neftinin noyabr fyuçerslərinin qiyməti isə 9,82% azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
Son həftə ABŞ-da açıqlanmış əmək bazarının makroiqtisadi göstəriciləri qızıl bazarına qarışıq işarələr vermişdir. Beləki, ötən ay ABŞ-da yaradılmış yeni iş yerlərinin sayı proqnoz ediləndən az olsa da, işsizlik səviyyəsi gözləntiləri qarşılamışdır. Ümumilikdə, ekspertlərdə ABŞ mərkəzi bankının cari ayda uçot faiz dərəcəsini 25 baza bəndi azaldacağına dair konsensus fikir yaranmışdır. Azalmanın 50 baza bəndi olacağı ehtimalları isə tutarlı şəkildə azalmışdır. Faiz dərəcələrinin daha az miqyasda azaldılacağı amili faiz gəliri gətirməyən investisiya olan qızılın dəyərinin artmasına mane olmuşdur. Nəticə olaraq, ötən həftədə qızılın sentyabr fyuçerslərinin qiyməti 0,01% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 493,50 ABŞ dolları təşkil etmişdir.