Kapital, valyuta və əmtəə bazarlarının həftəlik icmalı 14 – 18 iyul 2025-ci il

KAPİTAL BAZARLARI

Azərbaycan kapital bazarı

Korporativ qiymətli kağızlar

16 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “Legion Financial” ASC-nin nominal dəyəri 100 manat və ümumi buraxılış həcmi 550 min manat olan adi səhmlərinin buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, səhmlərin yerləşdirilməsi abunə yazılışı üsulu ilə baş tutacaqdır və abunə yazılışının tarixi emitent tərəfindən bildiriləcəkdir.


ABŞ kapital bazarı

Ötən həftə ABŞ-da bir sıra vacib makroiqtisadi göstəricilər açıqlanmışdır. Bu göstəricilərdən biri iyun ayını əhatə edən istehlak qiymətləri indeksi (CPI) olmuşdur. Volatil olan qıda məhsulları qiymətləri və enerji xərcləri xaric baza istehlak qiymətləri indeksi 2025-ci ilin iyun ayı üzrə aylıq miqyasda ekspertlərin proqnozlarından 0,1 faiz bəndi az və əvvəlki ayın analoji göstəricisini 0,1 faiz bəndi çox olmaqla 0,2% artım nümayiş etdirmişdir. Sözügedən göstərici illik miqyasda isə əvvəlki ayın analoji göstəricisini 0,1 faiz bəndi üstələyərək 2,9% artımışdır ki, bu da ekspertlərin cari ilin iyun ayı üçün proqnozlar etdikləri göstərici ilə eyni olmuşdur. 2025-ci ilin iyun ayı üzrə ümumi istehlak qiymətləri indeksi göstəricisi üzrə artım isə aylıq miqyasda ekspertlərin gözləntilərini qarşılasa da, illik miqyasda ekspertlərin proqnoz etdiyindən 0,1 faiz bəndi çox olmuşdur. Belə ki, aylıq miqyasda qeyd olunan göstərici əvvəlki ayın analoji göstəricisini 0,2 faiz bəndi üstələyərək 0,2% artmışdır. İllik miqyasda isə cari ilin iyun ayı üzrə istehlak qiymətləri indeksi 2,7% yüksəlmişdir ki, bu da əvvəlki ay üçün olan analoji göstəricidən 0,3 faiz bəndi çox olmuşdur. Son həftə ABŞ-da, həmçinin, Miçiqan Universiteti tərəfindən keçirilən və cari ilin iyul ayı üzrə ABŞ-da istehlakçıların iqtisadi mühit haqqındakı dəyərləndirmə və gözləntilərini əks etdirən ənənəvi sorğunun ilkin nəticəsi dərc edilmişdir. Sözügedən sorğunun nəticəsi 61,8 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 0,3 bənd, əvvəlki ayın göstəricisindən isə 1,1 bənd çox olmuşdur. Məlumat üçün bildirək ki, qeyd olunan sorğunun nəticəsi nə qədər yüksək olsa, ABŞ istehlakçılarının ölkədəki iqtisadi mühit haqda düşüncələri və yaxın gələcəyə dair iqtisadi gözləntiləri bir o qədər müsbət olur. Həftənin bir digər makroiqtisadi göstəricisi iyun ayı üzrə ABŞ iqtisadiyyatında pərakəndə satış dinamikasının açıqlanması olmuşdur. Belə ki, göstəriciyə əsasən cari ilin iyun ayında ABŞ-da pərakəndə satış həcmində 0,6% atım müşahidə edilmişdir ki, bu da ekspertlərin proqnoz etdiyi göstəricidən 0,5 faiz bəndi çox olmuşdur. May ayı üzrə pərakəndə satış həcmində 0,9% azalma olduğunu nəzərə alsaq, iyun ayı üzrə müşahidə edilən artım kifayət qədər müsbət göstərici hesab edilə bilər. Ümumilikdə, ABŞ-da son həftə açıqlanan makroiqtisadi göstəricilərə əsasən inflyasiya təzyiqinin cüzi artmasına baxmayaraq məqbul səviyyədə olması, habelə, iqtisadi mühitdəki müsbət impuls investorlar tərəfindən qiymətləndirilmişdir. Həftə içi ABŞ prezidenti Donald Trampın ABŞ mərkəzi bankının rəhbəri Cerom Pauelə qarşı sərt çıxışı həftənin mənfi hadisəsi olsa da, bu hal investorlarda ABŞ iqtisadiyyatına olan nikbin baxışı üstələməmişdir. Ötən həftənin göstəriciləri fonunda qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində cüzi azalma, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliklərində isə cüzi artım müşahidə edilmişdir. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna 0,01 faiz bəndi artaraq 4,44% təşkil etmişdir.



Ötən həftənin müsbət iqtisadi mühiti və ABŞ-da şirkətlərin rüblük maliyyə göstəricilərini açıqlaması fonunda “S&P 500” və “NASDAQ Composite” fond bazarı indeksləri növbəti rekord hədlərə çatmışlardır.



Kiçik bazar kapitalizasiyalı şirkətlərin səhmlərinin dəyərini təqib edən “Russell 2000” fond bazarı indeksinin həftə ərzindəki yüksəlişi də bir digər diqqət cəlb edən məqam olmuşdur.

ABŞ-da şirkətlərin hesabat mövsümü ötən həftənin çərşənbə axşamı bir neçə iri bankların rüblük hesabatlarını açıqlaması ilə başlamışdır. ABŞ-ın ən böyük bankı olan “JP Morgan Chase” (ticarət simvolu: JPM) və “Citigroup” (ticarət simvolu: C) tərəfindən açıqlanmış rüblük maliyyə göstəriciləri ekspertlərin proqnozlarını üstələmişdirlər. Həmçinin, məşhur istehlakçı yönümlu şirkətlərdən “PepsiCo” (ticarət simvolu: PEP) və “Netflix” (ticarət simvolu: NFLX) tərəfindən açıqlanan rüblük maliyyə göstəriciləri də, həmçinin, ekspertlərin proqnoz etdiklərindən yüksək olmuşdur.

ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” ötən həftə ərzində 0,64% artım nümayiş etdirmişdir. Qeyd etmək lazımdır ki, ən çox dəyər qazanan elektronika sənayesi və İKT (1,97%), kommunal xdimətlər (1,58%) sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşdur. Ən çox dəyər itirən isə energetika (3,56%) səhiyyə (2,48%) sektorlarını təmsil edən şirkətlərin səhmləri olmuşdur.



VALYUTA BAZARLARI

EUR/USD məzənnəsinin dinamikası

Ötən həftə ABŞ-da açıqlanmış istehlak qiymətləri indeksi (CPI) nəticələrinə əsasən ABŞ iqtisadiyyatında inflyasiya tempinin az da olsa artdığı müşahidə edilmişdir. Bu fonda və, ümumiyyətlə, son dövrdə ABŞ mərkəzi bankının rəhbəri Cerom Pauelin ABŞ iqtisadiyyatındakı qiymət artımı dinamikası və nəticəsində uçot faiz dərəcəsini azaltma trayektoriyası barədə ehtiyatlı çıxışları ABŞ dollarının avroya nisbətdə dəyər qazanmasına təkan vermişdir. Həftə içi ABŞ prezidenti Donald Trumpın ABŞ mərkəzi bankının rəhbəri Cerom Pauelə qarşı sərt çıxışı bərabərində Trumpın Pauelin vəzifəsinə son verəcəyi xəbərləri avronun ABŞ dollarına qarşı dəyər qazanmağa başlamasına səbəb olsa da, Trampın bu şayiələrin həqiqəti əks etdirmədiyini bildirməsi, habelə, Avropa Birliyindən idxala minimum 15-20% tarif tətbiq edilməsinə dəstək verməsi və ABŞ-da iyul ayı üzrə pərakəndə satış həcminin gözləniləndən artıq olması avronun ABŞ dollarına olan məzənnəsinə təzyiq göstərmişdir. Nəticə etibarı ilə ötən həftə ərzində ABŞ dolları avroya nisbətdə dəyər qazanmışdır.



USD/JPY məzənnəsinin dinamikası

Son həftə ABŞ-da inflyasiya təzyiqləri cüzi də olsa artmışdır. Bu isə, öz növbəsində, ABŞ-in tarif siyasəti fonunda pul-kredit siyasəti baxımdan təmkinli davranış göstərən ABŞ mərkəzi bankının faiz dərəcələrini azaltma vaxtı və tempi barədə olan proqnozlara təsir etmişdir. Tarif siyasəti nəticəsində ABŞ-da inflyasiya dərəcəsinin artmasının artıq hiss edilməyə başlanması bir sıra ekspertlər tərəfindən qeyd edilmişdir. Bu hal isə ABŞ-da yüksək faiz dərəcələri mühitinin gözləniləndən daha uzun müddət davam edəcəyinə işarə etmişdir. Digər tərəfdən isə, ötən həftə Yaponiya hökumətində koalisiyanın parçalanması ehtimalları artmışdır, ki bu siyasi amil Yaponiya yeninin dəyərinə mənfi təsir etmişdir. Ümumilikdə, son həftə ərzində Yaponiya yeni ABŞ dollarına nisbətdə dəyər itirmişdir.

ƏMTƏƏ BAZARLARI

Neft bazarının dinamikası

Avropa Birliyinin Rusiyadan olan neft idxalından imtina etməsi, habelə, Yaxın Şərqdə və Ukraynada geosiyası vəziyyətin gərgin qalması neftin dəyərinə müsbət təsir edən amillərdən olsa da, bu hal neftin dünya bazarındakı qiymətinə əsaslı təsir etməmişdir. Buna əsas səbəb isə yaxın gələcəkdəki neftə olan tələbə birmənalı proqnozlar verilməməsidir. Belə ki, ABŞ-ın istər Avropa Birliyi ilə, istərsə də digər ticarət partnyorları ilə davam edən tarif qarşıdurması dünyadakı iqtisadi aktivliyin tempinə və, öz növbəsində, neftə olan tələbə mənfi təsir etməyə davam etməkdədir. Ümumilikdə, son həftə ərzində Amerika xam neftinin avqust fyuçerslərinin qiyməti 1,62%, Brent markalı Avropa neftinin sentyabr fyuçerslərinin qiyməti isə 1,53% azalmışdır.

Qızılın qiymətinin dinamikası

ABŞ-ın ticarət partnyorları ilə davam edən tarif müharibəsi, habelə, dünyadakı geosiyasi vəziyyətin gərgin olması qızılın dəyərinin yüksək qalmasına səbəb olmaqda davam edir. Buna baxmayaraq, ABŞ-dakı son həftənin makroiqtisadi göstəriciləri fonunda ABŞ-da faiz dərəcələrinin gözləniləndən daha uzun müddət yüksək qalması ehtimallarını artırmışdır. Bu hal, isə, ABŞ dollarının dəyər qazanması ilə bərabər, faiz gəliri gətirməyən qızılın qiymətinə mənfi təsir etmişdir. Nəticə olaraq, ötən həftə ərzində qızılın avqust fyuçerslərinin qiyməti 0,17% azalaraq bir Troy unsiyası (31,1 qram) üçün  3 358,30 ABŞ dolları təşkil etmişdir.