KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
25 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasında tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 15 investor iştirak etmiş və tələb təklifdən 204% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 7,77% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (65%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaçəkili gəlirlilik 7,7239% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsindən 0,0503 faiz bəndi aşağı olmuşdur. Qeyd edək ki, 9 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 50 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
1 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “GL” ASC-nin nominal dəyəri 1000 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 7 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə, 5 dekabr 2025-ci il tarixində baş tutmuşdur.
3 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “BİR KREDİT BOKT” MMC-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 2 milyon manat, illik gəlirlilik faizi 11,5%, ödəmə tezliyi hər ayda bir dəfə, tədavül müddəti isə 1 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə baş tutacaq və 9 yanvar 2026-cı il tarixində həyata keçiriləcəkdir.
5 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinə tərəfindən “FINCA Azerbaijan” MM QBKT-nin nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi 4 milyon manat, illik gəlirlilik faizi 15%, ödəmə tezliyi hər 3 ayda bir dəfə, tədavül müddəti isə 2 il olan təmin edilməmiş istiqrazlarının buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə baş tutacaq və tarixi eminent tərəfindən bildiriləcək.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da “S&P Global” tərəfindən keçirilən və cari ilin noyabr ayı üzrə ABŞ iqtisadiyyatının istehsalat və xidmət sektorundakı dinamikanı əks etdirən menecer sorğularının (PMI) yekun nəticələri dərc edilmişdir. ABŞ iqtisadiyyatının istehsal sahəsindəki dinamikanı əks etdirən sorğunun nəticəsi gözləntilərin üzərində, lakin öncəki ayın göstəricisindən 0,3 bənd aşağı olaraq 52,2 bənd təşkil etmişdir. ABŞ iqtisadiyyatının xidmət sektorundakı dinamikanı əks etdirən sorğunun nəticəsi isə gözləntiləri qarşılamamışdır. Belə ki, sözügedən göstərici həm proqnoz edilən 54,6 bənddən, həm də oktyabr ayının yenilənmiş 54,8 bəndlik göstəricisindən aşağı olaraq 54,1 bənd təşkil etmişdir. Əlavə olaraq, ötən həftə “Təchizat İdarəçiliyi İnstitutu” (ISM) tərəfindən də PMI göstəriciləri açıqlanmışdır. ISM-in təqdim etdiyi nəticələrə əsasən cari ilin noyabr ayı üzrə xidmət sahəsi göstəricisi 52,6 bənd təşkil etmişdir ki, bu da proqnoz edilən göstəricidən 0,5 bənd, əvvəlki ayın analoji göstəricisindən isə 0,2 bənd çox olmuşdur. İstehsal sahəsi üzrə isə gözlənilən artışın əvəzinə 0,5 bənd azalma görülmüşdür. Qeyd edək ki, PMI üzrə 50 bənddən yuxarı göstərici iqtisadi aktivlikdə artımı, 50 bənddən aşağı göstərici isə müvafiq olaraq azalmanı bildirir.
ABŞ-ın əmək bazarı isə iqtisadi durğunluğa nisbətən müqavimət göstərmişdir. İşsizlik müavinətinə ilk dəfə müraciət edənlərin sayı noyabrın son həftəsində 2022-ci ildən bəri ən aşağı həddinə - 191 minə enmişdir. İşsizlik müavinəti alanların sayı isə 4 min azalaraq 1,939 milyon səviyyəsində qərarlaşmışdır.
Ötən həftənin cümə günü ən maraqla gözlənilən makroiqtisadi göstəricilərdən biri olan, həmçinin ABŞ mərkəzi bankı tərəfindən əsas inflyasiya göstəricisi kimi qəbul edilən, ABŞ-ın İqtisadi Analizlər Bürosu tərəfindən dərc edilmiş cari ilin sentyabr ayı üzrə qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksi dərc olunmuşdur. Belə ki, qida məhsulları və enerji qiymətləri xaric baza şəxsi istehlak xərcləri (core PCE) qiymət indeksi avqust üzrə aylıq miqyasda 0,2%, illik miqyasda isə 2,8% artım nümayiş etdirmişdir. Əlavə olaraq, ABŞ İqtisadi Analizlər Bürosunun cari ilin sentyabr ayı üzrə ABŞ iqtisadiyyatında şəxsi gəlir və xərclərin dinamikası açıqlanmışdır. Açıqlamaya əsasən avqust ayında ABŞ-da şəxsi gəlirlər 0,4%, şəxsi xərclər isə 0,3% artmışdır ki, bu da hər iki göstərici üzrə proqnozlar ilə paralel olmuşdur.
Geridə qoyduğumuz həftə ərzində 1 ilə qədər tədavül müddəti olan ABŞ dövlət istiqrazlarının gəlirlilikləri azalmış, 1 ildən daha artıq tədavül müddəti olan dövlət istiqrazlarının gəlirliliklərində isə artım müşahidə olunmuşdur. Vacib istinad göstəricisi (bençmark) kimi istifadə olunan 10 il tədavül müddətli ABŞ dövlət istiqrazının gəlirliliyi həftənin sonuna bir həftə əvvələ nisbətdə 0,12 faiz bəndi artaraq 4,14% təşkil etmişdir
Ötən həftə ABŞ mərkəzi bankının yaxınlaşan faiz qərarının faiz endirimi istiqamətində olacağı ehtimalları səhm fondlarının yüksəlişinə müsbət təsir göstərmişdir.
ABŞ-ın ən böyük fond bazarı indeksi olan “S&P 500” həftə ərzində 0,31% artmışdır. Ən çox artan elektronika sənayesi və İKT (2,44%), energetika (1,54%), rabitə xidmətləri (1,51%) və məişət malları və əhali üçün xidmətlər (1,27%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olmuşdur. Ən çox dəyər itkisi isə kommunal xidmətlər (4,45%) və səhiyyə (2,78%) sektorlarını təmsil edən şirkətlərin səhmlərində olunmuşdur.
Mikrosxem istehsalı prosesinin elektron dizayn avtomatlaşdırılması (EDA) sahəsində öncülərdən və ən böyük bazar iştirakçılarından biri olan “Synopsys” (ticarət simvolu: SNPS) şirkətinin səhmlərinin dəyəri, “NVIDIA” (ticarət simvolu: NVDA) şirkəti tərəfindən 2 milyard ABŞ dolları dəyərində investisiya qoyuluşundan sonra 4%-ə yaxın artmışdır.
Əsasən “bitcoin” kriptovalyutası xəzinədarlığı fəaliyyəti göstərən “Strategy” (ticarət simvolu: MSTR) şirkəti, oktyabr ayında açıqladığı ilsonu “bitcoin” dəyəri proqnozunu 50%, uyğun olaraq illik xalis qazanc proqnozunu isə 90%-ə yaxın aşağı salmışdır. Şirkət, illik 800 milyon dollarlıq faiz və dividend öhdəliklərini qarşılamaq üçün “bitcoin” satmağın əvəzinə, səhm satışı həyata keçirmiş və 1,44 milyard ABŞ dolları dəyərində rezerv yaratmışdır. Əlavə olaraq, “Morgan Stanley Capital International” (ticarət simvolu: MSCI) şirkəti, “MSCI” indekslərindən əsas fəaliyyəti rəqəmsal aktiv xəzinədarlığı (DAT) olan şirkətləri xaric edə biləcəyini, son qərarın yanvar ayında veriləcəyini açıqlamışdır. Bununla da “Strategy” şirkətinin səhmləri artıq ötən aydan bəri 20%-dən çox dəyər itirmişdir.
“Marvell Technology” (ticarət simvolu: MRVL) şirkəti üçüncü rüb üzrə maliyyə hesabatlarını açıqlamış, xalis qazanc və növbəti il üçün gəlir proqnozları gözləntiləri üstələmişdir. Əlavə olaraq, şirkət “Celestial AI” adlı mikrosxem dizaynerini (bu mikrosxemlər məlumatı elektriklə deyil, işıqla ötürür) satın alma qərarını açıqlamışdır. Nəticə olaraq, “Marvell” səhmləri xəbərdən sonra 7%, “Celestial AI” ilə əlaqəli sahədə fəaliyyət göstərən “POET Technologies” (ticarət simvolu: POET) isə 25%-ə yaxın artış göstərmişdir.
“Meta Platforms” (ticarət simvolu: META) şirkətini “Metaverse” məhsulu üzrə büdcəni 30%-ə qədər azaldacağı gözlənilir. Məhsul bazar iştirakçıları və istifadəçilər tərəfindən uğursuz qarşılandığı üçün, bu həmlə müsbət qiymətləndirilmiş, “Meta” səhmləri 4% artım göstərmişdir.
İnflyasiya və aşağı məvaciblərin yaratdığı çətinliklər, istehlakçıları nisbətən daha sərfəli qiymətlər təklif edən pərakəndə satış mağazalarına yönəltmişdir. Ötən həftə həm “Dollar Tree” (ticarət simvolu: DLTR), həm də “Dollar General” (ticarət simvolu: DG) şirkətləri üçüncü rüb üzrə maliyyə göstəricilərini açıqlamış, hər iki şirkət səhm başına düşən mənfəət (EPS) və gəlir göstəriciləri üzrə proqnozları xeyli üstələmişdir. Nəticə etibarilə, ötən həftə “Dollar General” şirkətinin səhmlərinin dəyəri 20%, “Dollar Tree” şirkətinin səhmlərinin dəyəri isə 10%-ə yaxın yüksəlmişdir.
“Netflix” (ticarət simvolu: NFLX) şirkəti “Warner Bros Discovery” (ticarət simvolu: WBD) şirkətinin “Warner Bros”, “HBO” və “HBO Max” hissələrini şirkətin hər səhmi üçün 27,75 ABŞ dolları ödəyərək satın almaq qərarı verdiyini açıqlamışdır. Bu ödənişin 23,25 ABŞ dollarlıq qismi nəğd, 4,50 ABŞ dollarlıq hissəsi isə “Netflix” səhmi şəklində ödəniləcək. “Discovery Global” “CNN” və “TNT” isə satın almaya daxil edilməmişdir və ayrı şirkətlər olaraq yenidən təşkil olunacaq. “Warner Bros Discovery” səhmləri xəbərdən sonra 4% artsa da, “Netflix” səhmləri xəbərdən sonra 2%, şirkətin satın alınma prosesində “Netflix”-in rəqibi olan “Paramount Skydance” (ticarət simvolu: PSKY) şirkətinin səhmləri isə 10% dəyər itkisi ilə üzləşmişdir. Lakin satınalmanın ABŞ-ın antiinhisar qurumu tərəfindən təsdiqlənəcəyi qeyri-müəyyən olaraq qalmışdır.
Qeyri-rəsmi mənbələrə əsasən, 2026-cı ildə həm qurucusu İlon Mask olan “SpaceX” şirkəti, həm də “Claude” süni intellekt modelinin yaradıcısı “Anthropic” startapı ilkin kütləvi yerləşdirmə (IPO) həyata keçirməyə hazırlaşır. “SpaceX” 800 milyard ABŞ dolları, “Anthropic” isə 350 milyard ABŞ dolları həcmində qiymətləndirilməni hədəfləyir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Avrozonanın istehlakçı qiymət indeksi (CPI) illik miqyasda əvvəlki aya və gözləntilərə nəzərən 0,1 faiz bəndi yüksək olmuş, göstərici 2,2% bəndinə yüksəlmişdir. Buna baxmayaraq, volatil qida və enerji qiymətlərini istisna edən baza istehlakçı qiymət indeksi (core CPI) gözlənilənin əksinə artmamış, 2,4% səviyyəsində sabit qalmışdır. Avrozonadakı işsizlik isə öncəki ay ilə eyni, 6,4% səviyyəsində müşahidə olunmuşdur.
Avropa mərkəzi bankının sədri Kristin Laqardın ötən həftəki çıxışına əsasən, ABŞ ilə Avropa və Çin arasında razılaşdırılmış ticarət müqavilələri dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyi nisbətən azaltmışdır, lakin siyasi arenadakı gərginliyin artışı qlobal iqtisadi risklərin hələ də mövcud olduğuna işarə edir. Növbəti aylar üçün Avropada inflyasiyanın nisbətən 2% hədəfinə yaxın olacağı, əməkhaqqı artımının isə inflyasiyanın kiçik bir hissəsini təşkil edəcəyi gözlənilir. Mərkəzi bankın idarə heyətinin oktyabrdakı görüşündən bəri digər makroiqtisadi göstəricilərlə bağlı proqnozlar isə demək olar ki, dəyişməz olaraq qalmışdır. Nəticə etibarilə, 18 dekabrda Avropa mərkəzi bankının faizləri hal-hazırkı səviyyəsində saxlayacağı gözlənilir.
ABŞ-da isə ABŞ mərkəzi bankının idarə heyətinin 10 dekabr görüşündə faizlərin endirilmə qərarının verilmə ehtimalı ötən həftə ərzində artmış, gözlənilən faiz dərəcəsi fərqinin nəticəsi olaraq avro ABŞ dollarına qarşı dəyər qazanmışdır.
USD/JPY məzənnəsinin dinamikası
Ötən həftə Yaponiyada istehlakçı inam indeksi gözləntiləri 1,6 bənd üstələmiş, oktyabr ayına nəzərən 1,7 bənd artaraq 37,5 bənd səviyyəsinə çatmışdır. Bu, ötən ilin aprel ayından bəri ən yuxarı göstəricidir. Yüksəliş indeksin bütün komponentləri üzrə müşahidə olunmuşdur.
Yaponiya mərkəzi bankının sədri Kazuo Ueda ötən həftəki çıxışında hökumətlə danışıqların yaxşı keçdiyini bildirmiş, bununla da 19 dekabrdakı mərkəzi bankın idarə heyətinin görüşündə faizlərin artırılmasına hökumətin qarşı çıxmayacağına işarə etmişdir. Nəticə olaraq, faiz artımı ehtimalları və dövlət istiqrazları faizləri artım göstərmiş, Yaponiya yeni də yüksəlişə keçmişdir. Lakin Yaponiya hökumətinin mərkəzi bankın növbəti faiz artımlarına qarşı təzyiq göstərmə ehtimalı və genişləmə yönümlü fiskal siyasət Yaponiya yeninin ABŞ dollarına qarşı qazandığı dəyəri müəyyən qədər məhdudlaşdırmışdır.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Amerika Neft İnstitutunun (API) dərc etdiyi məlumata əsasən, 28 noyabr 2025-ci il tarixində bitən həftədə ABŞ-ın xam neft inventarları 2,48 milyon barel həcmində və ardıcıl 2-ci həftədir ki eniş göstərmişdir. Buna əlavə olaraq, ABŞ-ın dünya bazarındakı əsas neft hasilatçılarından biri olan Venezuelaya hərbi müdaxilə etmə ehtimalı və Ukrayna-Rusiya müharibəsi, geosiyasi risklər kimi qiymətləndirilərək neftin dəyərini artırmışdır.
Ukraynanın ötən həftə Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk-2 terminalına dron hücumlarından sonra CPC neft kəmərinin ötürmə həcmi günlük 200 min barel azalmışdır. Kəmərin başqa bir terminal vasitəsilə bir neçə gün ərzində yenidən fəaliyyətə başlaması gözlənilir.
Ümumilikdə, son həftə ərzində WTI markalı Amerika xam neftinin 2026-cı ilin yanvar fyuçerslərinin qiyməti 2,61%, Brent markalı Avropa neftinin növbəti ilin fevral fyuçerslərinin qiyməti isə 2,20% artmışdır.
Qızılın qiymətinin dinamikası
Dünya Qızıl Şurasının (WGC) apardığı araşdırmaya görə, oktyabr ayında dünya mərkəzi banklarının xalis qızıl alışı 53 tona çatmış, bununla da ötən aya nəzərən 36% artım olmuşdur. Artışda əsas məqam Polşa mərkəzi bankının oktyabrda 16 tonluq qızıl alışıdır. Lakin ilin əvvəlindən indiyə qədərki ümumi alış cəmi 254 ton olmuşdur ki, bu da ötən 3 ilin analoji dövrünə nisbətdə aşağı qalır. Əlavə olaraq, dekabrın 10-u keçiriləcək ABŞ mərkəzi bankının idarə heyətinin növbəti görüşündə faizlərin endirilməsi ehtimalı ötən həftə artmış, faiz gəliri qazandırmayan qızılın fürsət xərci azalmışdır.
Buna baxmayaraq, süni intellekt köpüyü qorxularının azalması və aşağı faiz gözləntiləri investorların risk iştahasını artırmış, nəticədə ‘təhlükəsiz liman’ olaraq görülən qızıldan daha riskli aktivlərə keçid müşahidə olunmuşdur. Bununla da, qızılın 2026-cı ilin fevral ayı üçün olan fyuçerslərinin qiyməti 0,28% azalaraq 4 243 ABŞ dollarına çatmışdır.