KAPİTAL BAZARLARI
Azərbaycan kapital bazarı
Dövlət qiymətli kağızları
9 iyul 2024-cü il tarixində BFB-də tədavül müddəti 3 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda 25 investor iştirak etmiş və tələb təklifdən 123% çox olmuşdur. Maliyyə Nazirliyinin qərarına əsasən kəsmə gəlirlilik 9,2496% olaraq müəyyən edilmiş, alış sifarişlərinin böyük hissəsi (55%) daha yuxarı gəlirliliklə təqdim edildiyindən hərrac nəticəsində təmin edilməmişdir. Ümumilikdə, təmin edilmiş sifarişlər üzrə ortaölçülmüş gəlirlilik 9,151% təşkil etmişdir ki, bu da əvvəlki analoji hərracın nəticəsi ilə müqayisədə 0,1377 faiz bəndi çox olmuşdur. Qeyd edək ki, 16 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında tədavül müddəti 2 il olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirələcəkdir. Hərraca çıxarılacaq istiqrazların həcmi 60 milyon manat təşkil edəcəkdir.
Korporativ qiymətli kağızlar
8 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, tədavül müddəti 7 il, odəniş müddəti isə hər 3 aydan bir olan subordinasiya olunmuş istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır. Yerləşdirilmədə 37 investor iştirak etmişdir və istiqrazlar 30 milyon ABŞ dolları olan tam həcmdə yerləşdirilmişdir.
11 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında “FİNCA AZERBAİJAN” BOKT MMM-nin nominal dəyəri 1000 ABŞ dolları, ümumi buraxılış həcmi 2 milyon 500 min ABŞ dolları, illik gəlirlilik faizi 9%, ödəmə periodu hər 3 ayda bir dəfə, tədavül müddəti isə 18 ay təşkil edən təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 17 investor iştirak etmişdir və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında “Viator Kredit Azərbaycan” MMC-nin nominal dəyəri 1000 manat, ümumi buraxılış həcmi 500 min manat, illik gəlirlilik faizi 14%, ödəmə periodu hər 3 ayda bir dəfə, tədavül müddəti isə 18 ay təşkil edən təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçirilmişdir. Hərracda 8 investor iştirak etmişdir və istiqrazlar tam həcmdə yerləşdirilmişdir.
12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Finans Kredit” MMC-nin təmin edilməmiş istiqrazları “standart bazar” seqmentində listinqə daxil edilmişdir. İstiqrazların nominal dəyəri 1000 manat, ümumi buraxılış həcmi 200 min manat, illik gəlirlilik faizi 15%, ödəmə periodu hər ayda bir dəfə, tədavül müddəti isə 2 il təşkil etməkdədir. Qeyd edək ki, istiqrazların yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində birqiymətli hərrac üsulu ilə həyata keçirləcəkdir.
12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında “Level Leasing” ASC-nin səhmləri “standart bazar” seqmentində listinqə daxil edilmişdir. Səhmlərin ilkin ticarət qiyməti 0,50 manat, sayı isə 100 min ədəd təşkil etməkdədir. Qeyd edək ki, səhmlərin ticarətə buraxılma tarixi emitent tərəfindən bildiriləcəkdir.
ABŞ kapital bazarı
Ötən həftə ABŞ-da iyun ayı üzrə istehlak qiymətləri indeksi açıqlanmışdır. İndeks həm may ayının göstəricisnə, həm də proqnozlaşdırılan göstəriciyə nisbətdə 0,1 faiz bəndi az olmaqla aylıq -0,1% təşkil etmişdir. Qeyd edək ki, cari ilin iyun ayının göstərici son 3 ildə ən aşağı aylıq göstərici olmuşdur. Ötən ilin iyun ayı ilə muqayisədə isə indeks 0,3 faiz bəndi azalaraq illik 3,0% səviyyəsinə enmişdir. Əlavə olaraq, iyun ayı üzrə enerji və qida malları xaric istehlak xərcləri indeksi də həm may ayına, həm də proqnozlaşdırılan göstəriciyə nisbətdə 0,1 faiz bəndi azalaraq aylıq 0,1% təşkil etmişdir. İstehlak qiymətlərinin dinamikasının səngiməsi ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini sentyabrda baş tutacaq görüşündən başlayaraq azaldacağı ehtimallarını gücləndirmişdir. Nəzərə alsaq ki, ABŞ əmək bazarının göstəricilərindən olan həftəlik işsizlik müavinətinə ilkin müraciətlərin həftəlik sayı da həm proqnozlaşdırılan, həm də bir həftə əvvəlki göstəricidən aşağı olmuşdur, ABŞ mərkəzi bankı inflyasiyanı planladığı illik 2%-ə çatdırmaq üçün yürütdüyü pul siyasəti uğurlu davam etməkdədir. Qeyd olunan makroiqtisadi göstəricilərə baxmayaraq, ABŞ mərkəzi bankı öz açıqlamalarında və addımlarında təmkinli olmağa diqqət göstərir. Ekspertlərin rəyinə görə, mövcud qiymət dinamikasındakı səngimə ABŞ mərkəzi bankı rəsmiləri tərəfindən müsbət qarşılansa da, ABŞ mərkəzi bankı əmək bazarı dinamikası ilə bağlı olan makroiqtisadı göstəricilərin daha da davamlı nəticələrini görmək istəyir. Ümumilikdə, inflyasiya təzyiqlərini azalmasını əks etdirən makroiqtisadi göstəricilər fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliklərində son həftə ərzində azalma müşahidə edilmişdir.
Son həftə ərzində ABŞ-ın aparıcı fond bazarı indeksi S&P 500 0,87% artım nümayiş etdirmişdir. Ən çox dəyər qazanan tikinti və daşınmaz əmlak (4,41%), kommunal xidmətlər (3,94%) və mədənçıxarma və xammal sənayesi (2,96%) sektorunu təmsil edən şirkətlərin səhmləri olmuşlar. Azalma isə yalnız rabitə xidmətləri (1,65%) sektorunu təmsil edən şirkətlərin səhmlərinin dəyərində müşahidə edilmişdir. Ümumilikdə, ABŞ iqtisadiyyatındakı istehlak qiymətlərinin dinamikasında səngimə səhm bazarına müsbət təsir etmişdir.
VALYUTA BAZARLARI
EUR/USD məzənnəsinin dinamikası
Ötən həftə ABŞ-da açıqlanmış makroiqtisadi göstəriciləri ABŞ-da istehlak qiymətləri və əmək bazarı dinamikasında səngimə olduğuna işarə etmişdir. Bu isə öz növbəsində ABŞ mərkəzi bankı tərəfindən sentyabr ayında uçot faiz dərəcəsini azaldacağı ehtimallarını artırmışdır. Digər tərəfdə isə Avrozonada may ayı üçün açıqlanmış iqtisadi aktivliyi göstərən sorğu (PMI) proqnozlaşdırılan göstəricidən daha yaxşı olmuşdur. Ümumilikdə, son həftə ərzində ABŞ dolları avroya qarşı dəyər itirmişdir.
USD/JPY məzənnəsinin dinamikası
Son həftə açıqlanmış ABŞ-dakı inflyasiya və əmək bazarındakı səngiməyə işarə edən makroiqtisadi göstəriciləri fonunda ABŞ mərkəzi bankının uçot faiz dərəcəsini azaldacağı ehtimallarının artmışdır. Bu isə Yaponiya və ABŞ mərkəzi bankları arasındakı pul siyasəti fərqlərinin nisbətənən azalacağına işarə etməklə Yaponiya yeninin ABŞ dollara qarşı cüzi dəyər qazanmasına səbəb olmuşdur.
ƏMTƏƏ BAZARLARI
Neft bazarının dinamikası
Ötən həftə ABŞ-da açıqlanmış sorğuların nətcilərinə əsasən ABŞ-da istehlakçılar ABŞ-da iqtisadi aktivliyin nisbətən azaldığını bildirmişlər. Dünyanın iki ən böyük neft istehlakçısından biri olan ABŞ-da iqtisadi aktivlik dinamikasının nisbətən səngiməsi xəbərləri neftin qiymətinə mənfi təsir etmişdir. Nəticə olaraq, WTI markalı Amerika xam neftinin avqust fyuçerslərinin qiyməti həftəlik (1,14%), Brent markalı Avropa neftinin sentyabr fyuçerslərinin qiyməti isə (1,78%) azalmışdır.
Qızıl qiymətlərinin dinamikası
ABŞ-da açıqlanmış son makroiqtisadi göstəricilərə əsasən inflyasiyanın azalmağa meyilli olması müşahidə edilmişdir. Bunun nəticəsi olaraq isə yaxın zamanda ABŞ mərkəzi bankının faiz dərəcələrini azaldacağı ehtimalları güclənmişdir. ABŞ-dakı hazırkı mövcud yuxarı faiz dərəcəli iqtisadi mühitin yaxın zamanda dəyişəcəyi proqnozları qızılın qiymətinin artmasına təsir etmişdir. Həmçinin, dünyadakı gərgin geosiyasi vəziyyətin səngiməməsi də qızıla investorlar tərəfindən olan tələbatın son zamanlarda olduğu kimi yüksək səviyyədə qalmasına səbəb olmuşdur. Ümumilikdə, ğtən həftədə qızılın iyul fyuçerslərinin qiyməti 1,07% artaraq bir Troy unsiyası (31,1 qram) üçün 2 414 ABŞ dolları təşkil etmişdir.